İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupu necə buraxılacaq- “Yekun qərar...”

ATƏT-in Minsk Qrupu tarixə qovuşmaq üzrədir. Avqustun 8-də Ağ Evdə paraflanan sülh sazişi sənədindən sonra qurumun buraxılması an məsələsinə çevrilib. Bəzi ekspertlər hesab edirlər ki, 30 ilə yaxın müddətdə heç bir işə yaramayan və artıq mənasız bir quruma çevrilən Minsk qrupunun taleyinə bu ilin sonuna qədər aydınlıq gələcək. 

Musavat.com xəbər verir ki, bütün bunlarla bağlı siyasi şərhçi Aydın Quliyev bir sıra vacib məqamlara toxunub: “ATƏT Minsk qrupunu bir - iki cümləlik sadə qərarla ləğv edə bilməz. Fundamental qərarla bütün suallara tam cavab verilməlidir...

Vaşinqtonda Minsk Qrupunun buraxılması barədə Azərbaycanın və Ermənistanın birlikdə ATƏT rəhbərliyinə müraciəti razılaşdırıldıqdan sonra məlumat yayıldı ki, ATƏT rəhbərliyi artıq hərəkətə keçib və hətta avqustun sonlarına kimi yekun qərar verilə bilər...Vacib olan odur ki, artıq prinsipial razılaşma var və bir vaxtlar bu məsələni eşidəndə daş atıb baş tutan Ermənistan nəhayət Azərbaycanın tələbini qəbul etdi.

Prosesi bu həddə gətirib çıxardınca Azərbaycan çətin bir yol keçdi. Ermənistan sadəcə olaraq ya ona mane olurdu, ya da prosesin arxasınca sürünürdü. Yəni onların işi o qədər də çətin deyildi. Ancaq ATƏT rəhbərliyinin bundan sonrakı işini də asan təsəvvür etmək doğru olmazdı. Zahirən belə təsəvvür oluna bilər- nə çətin məsələdir, Azərbaycan və Ermənistan qərar verərək birgə müraciət ediblərsə, ATƏT- ə qalan sadəcə son nöqtəni qoyub yekunlaşdırmaqdır...Xeyr, yenə də xeyr...

eger-aydin-quliyev-dogulmasaydi

Azərbaycan Minsk Qrupunun buraxılması barədə Trampın da qətiyyətlə dəstəklədiyi qərarı kifayət edən arqumentlərlə əsaslandırmışdı. Onları bir daha təkrar etməyə ehtiyac yoxdur. İlham Əliyev yetərli arqumentlərlə Minsk Qrupuna bundan sonra daha heç bir zərurətin qalmadığını, əksinə, qaldığı təqdirdə ziyan verəcəyini əsaslandırdı.

Minsk Qrupunun yekun ləğvi barədə ATƏT- in də qərarı yetərli səviyyədə hüquqi və siyasi arqumentlərlə əsaslandırılmış olmalıdır. Yoxsa "Azərbaycanla Ermənistan razılığa gəlib onun ləğvini istədikləri üçün biz də onu ləğv edirik" kimi qeyri- hüquqi və qeyri - siyasi məntiq çərçivəsində yanaşmaq yanlış olardı. Unutmayaq ki, ATƏT-in Minsk Qrupunun ləğvi barədə yekun qərar həm də 30 illik münaqişənin beynəlxalq hüquq çərçivəsində, BMT-nin 4 qətnaməsi əsasında Azərbaycanın öz gücü ilə həll etdiyinin rəsmi təsdiqi olacaq. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərlə daimi həll olunması ATƏT- in rəsmi sənədlərində əks olunmalıdır. ATƏT-in siyasi tarixində bu münaqişənin necə həll olunduğunu təsdiqləyən sənədlər mütləq qalmalıdır. Minsk Qrupunun rəsmən ləğvi təkcə Azərbaycanla Ermənistanın yox, həm də bütün ATƏT strukturlarının mövqeyi kimi təsdiqlənməlidir. ATƏT-in bu münaqişənin həllində hansı nəticəyönümlü fəaliyyətlər göstərdiyi bu gün bizlərdə suallar doğurduğu kimi, gələcəkdə ATƏT-in özündə də ona qarşı sualların qalxacağı şübhəsizdir ."Azərbaycan niyə bu münaqişəni özü təklikdə həll etdi " kimi kəskin suala 30- 50 ildən sonra ATƏT- də kim və necə cavab verəcək? Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın və ATƏT-in bir vasitəçi kimi payının nə qədər olduğunu kim və necə müəyyən edəcək? ATƏT Minsk Qqrupunun 30 illik fəaliyyətinin hansı nəticələr verdiyi və ya vermədiyi sualına kim və necə cavab verəcək? ATƏT özü bu münaqişəni niyə həll edə bilmədi? ATƏT-in uğursuzluğunun məsuliyyətini kim daşımalıdır- qurumun fəaliyyətdə olan sədrləri, ya həmsədr ölkələr? Bütün bu sualların cavabı ATƏT Minsk Qrupunun təfsilatlı müzakirələrdən keçirilərək qəbul olunacaq yekun qərarında əks olunmalıdır. Minsk Qrupunun ləğvi barədə yekun qərar ən azı Qrupun üzvləri olmuş 9 ya 11 dövlətin samballı təmsilçiliyi şərtilə müzakirədən keçərək qəbul edilməlidir. Bax bu Azərbaycanın son qoyduğu keçmiş Dağlıq Qarabağ münaqişəsinin əbədi həll olunduğunun beynəlxalq təsdiq sənədi olacaq. Konkret desək, Minsk Qrupunun ləğvi barədə ATƏT-in son qərarı həm də keçmiş DQ münaqişəsinin birdəfəlik həllinin təsdiqi olmalıdır.

Mən inanmıram ki, ATƏT-in nizamnaməsində Minsk Qrupunun necə həll olunmalı olduğunu müəyyən etmiş aydın prosedur var. ATƏT məsələn, 10 dəfə belə qrup yaradıb onu ləğv etməyib ki....Minsk Qrupu ATƏT-in tarixində unikal bir təzahür idi və təbii ki, onun ləğvi də unikal mexanizmlə həyata keçirilə bilər. Bəlkə də keçirilməlidir”.



Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR