İnsanlara hürriyət, millətlərə istiqlal!

İmtahan nəticələri yüksək olan müəllimlərin əmək haqları necə artırılmalı?  

 


"Bizə edilən yüzlərlə müraciətlər təsdiq edir ki, sertifikasiya imtahan nəticələrinə uyğun əmək haqqı artım mexanizminin təkmilləşdirilməsi vacibdir".

Musavat.com bildirir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş müəllimlərin əmək haqlarının necə artırılması ilə bağlı danışarkən bildirib. Millət vəkili qeyd edib ki, təhsil verənin bilik və bacarıqlarının qiymətləndirməsi imtahan və müsahibə olmaqla iki mərhələdə həyata keçirildiyi üçün əmək haqqı artım faizlərinin də tam olaraq yekun nəticəyə əsasən müəyyənləşdirilməsinə ehtiyac var:

"Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faiz artır.

Sertifikasiya qiymətləndirilməsi Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” sənəd ilə tənzimlənir. Bu qaydalara əsasən, sertifikasiyanın birinci mərhələsini keçmiş müəllim müsahibə mərhələsində 40 mümkün balın yarısını topladığı halda uğur qazanmış hesab olunur. Bu o deməkdir ki, sertifikasiya qiymətləndirməsində iştirak edən müəllimin yekunda maksimum 100.0 bal toplamaq imkanı var".

Vüqar Bayramovun sözlərinə görə əmək haqqı artım faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir:

"Bu halda 50 bal yığanların da 35 faizlik əmək haqqı artımından istifadə etmək imkanı ilə yanaşı 40 baldan çox nəticəsi olanların da əməyinin daha yüksək maaş artımları ilə qiymətləndirilməsi mümkün ola bilər.

Qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinin vacibliyini və sualların çoxluğunu da nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən metodologiyanın qiymətləndirilməsi ilə bağlı ekspertlər ilə görüşün keçirilməsi və konstruktiv dialoq əsasında müzakirələrin aparılması məqsədəuyğundur. Bu metodologiyanın təkmilləşdirilməsi və diferensial əmək haqqı artımları üçün yeni imkan ola bilər".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR