Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Bavariya Federal Torpağının paytaxtı Münxen şəhərində təhlükəsizlik üzrə 60-cı beynəlxalq konfrans keçirilir. Fevralın 18-dək davam edəcək dünyanın təhlükəsizlik üzrə bu nüfuzlu tədbirində - Münxen Təhlükəsizlik Konfransında 180 dövlətin yüksək vəzifəli nümayəndəsi, o cümlədən 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Konfransın gündəliyində Ukrayna və Yaxın Şərq, eləcə də Somali, Sudan və Haitidəki müharibələr, birgəyaşayış üçün əsas kimi beynəlxalq hüququn aliliyi, BMT Təhlükəsizlik Şurasının mümkün islahatı və iqlim dəyişikliyinə dair məsələlər yer alır.
Konfransda Prezident İlham Əliyev də iştirak edir. Ötən müddət ərzində rəsmi Bakının təmsilçiləri bu tədbirə dəfələrlə qatılıb, ərazi bütövlüyünün pozulduğunu, bu hadisənin dünya üçün xoşagəlməz nümunə olduğunu bildirib. Azərbaycan həm də terrorçuluğun təhlükəsizliyi təhdid edən başlıca amillərdən biri olduğunu vurğulayıb. Ərazi bütövlüyü və suverenliyini təmin edəndən sonra Prezident İlham Əliyevin bu konfransda ilk iştirakıdır. Ölkə başçısı həm də yenidən Prezident seçiləndən sonra bu toplantıya qatılmaqla Azərbaycanın təhlükəsizlik, o cümlədən gündəlikdə olan məsələlərə önəm verdiyini nümayiş etdirib. COP29-a ev sahibliyi edəcəyindən bu tədbir Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev konfrans çərçivəsində bir sıra görüşlər keçirir. O, qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla da görüşüb. Yəhudi dövlətinin başçısı Azərbaycan Prezidentinin seçkilərdə qələbə qazanması münasibətilə təbriklərini çatdırıb. Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunulub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevlə, həmçinin qarşı tərəfin müraciətinə əsasən, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub. Dövlət başçısı görüşdə ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacibliyini bildirib. Prezident İlham Əliyev Qarabağ münaqişəsinin artıq həll olunduğunu, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. Dövlət başçısı Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını da diqqətə çatdırıb. Görüşdə ikitərəfli ticarət əlaqələri və COP29-un Azərbaycanda keçirilməsi, iqlim dəyişikliyi nəticəsində əmələ gələn problemlərdən də bəhs edilib.
COP29 və Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir. Prezident İlham Əliyevin də andiçmə mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur.
Bu nüfuzun formalaşmasının əhəmiyyətli tarixçəsi də var. Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi və konsensusu inkişaf etdirdi. COP29 dünyanın gündəliyində dayanan, ən mühüm problemin həllinə həsr olunan qlobal tədbirdir. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinin dünya ölkələri tərəfindən dəstəklənməsi effektiv, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problemlərin həllinə töhfə vermək bacarığının, güclü potensialına olan inamın nəticəsidir. Onun bu bacarığı, əzmi dünya ictimaiyyəti tərəfindən təqdir olunur.
Azərbaycan Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələrə malikdir, bu bölgələrin bir çox ölkələri ilə yaxın tərəfdaşlıq əlaqələri qurub, səmərəli qarşılıqlı əməkdaşlığın inkişafına nail olub. Buna görə də ölkəmiz qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanıb.
Uzun illər Azərbaycanın bu potensialını ortaya qoymasına Ermənistan-Azərbaycan münaqişəsi mane olurdu. Artıq dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək üçün Qarabağ problemi yoxdur.
Yeri gəlmişkən, fevralın 14-də Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimi zamanı beynəlxalq vasitəçilər və danışıqlar prosesinə də toxunmuşdu: “Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısa yarımçıq təkliflər irəli sürülürdü, təklif edilirdi. Ancaq o təkliflər bizim üçün qəbuledilməz idi, mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağı ərazimizin hər bir yerində dalğalanacaq”.
Keçmiş və artıq həll edilmiş münaqişədə beynəlxalq vasitəçilərin rolunun yarıtmaz olduğu 30 il ərzində təsdiqləndi. 44 günlük müharibə Azərbaycan dövlətinin və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etdi. Bu, istiqamətdə vasitəçilərin danışıqların heç bir önəmli rolu olmadı. Prezidenti vasitəçilik iddiasında olanlara da həmin tədbirdə ismarış göndərmiş, bildirmişdi ki, vasitəçi olmaq istəyən Ermənistanın havadarları “yorğanı öz tərəflərinə çəkməklə, vasitəçi olmaq istəyirlər”. O, bu missiyanın daşıyıcısı olmaq istəyənlərin ilk növbədə “heç olmasa, üzdə bitərəf olmasının” vacibliyini vurğulayıb: “Amma heç olmasa, üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil”.
Prezident Azərbaycanın məsələni özü həll etdiyini bildirmişdi: “Sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.
Qeyd edək ki, Prezident 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edən zamanı bu qurumun fəaliyyətsizliyini açıq-aşkar onlara çatdırmışdı: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.
Doğrudan da bu qrup fəaliyyətdə olduğu müddət daha çox status-kvonu qoruyub saxlamaq istiqamətində əlindən gələni edib. Onların fəaliyyətdə olduğu dövrdə ermənilər Azərbaycanın işğal olunmuş kənd, şəhər və rayonlarını xarabazara çevirib, tarixi, dini, mədəni abidləri dağıtmışlar. Ancaq həmsədr ölkələr və nümayəndələri ermənilərin bu özbaşınalığına, vandalizminə göz yumub, onu görməzlikdən gəliblər. İndi isə həmin qüvvələr Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasına vasitəçilik etmək iddiası ilə çıxış edirlər. Ona görə də rəsmi Bakı Ermənistanla ikitərəfli birbaşa, vasitəçilərin iştirak olmadan danışıqların keçirilməsi təklifini irəli sürür. Bu halda oyundan və bölgədən kənar qalan həmin qüvvələr ara qarışdırmaq, Ermənistanı Azərbaycana qarşı yenidən qoymaq üçün planlar cızırlar. Fevralın 12-də iki ölkə arasında sərhədyanı bölgədə ermənilər törətdiyi təxribatın da buna nümunə olaraq göstərmək olar.
Münxendə dövlət başçısının qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn ilə də görüşü olub. O, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırıb. Amos Hoxşteyn COP29-a ev sahibliyi etməsi münasibəti ilə Azərbaycanı təbrik edib. Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev ilə Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub. Bu görüş də qarşı tərəfin müraciətinə əsasən baş tutub.
Həmçinin, Prezident İlham Əliyevlə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın da görüşü olub. Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şolts, ABŞ Prezidentin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, İraqın şimalındakı regional hökumətin başçısı Neçirvan Barzani və başqaları ilə də görüşlər keçirib.
Prezident Münxendə keçirdiyi görüşlərlə rəsmi Bakının qlobal məsələlərə, iqlim dəyişikliyinə və münaqişələrin həllinə münasibətini bir daha nümayiş etdirib. Bu, onu da isbatlayır ki, Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. O, andiçmə zamanı çıxışında bildirib ki, Azərbaycan xarici siyasət istiqamətində yeni üfüqlər açmalıdır: “Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ, demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir”.
Prezident Azərbaycanın dünyanı narahat edən problemlərin, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar məsələlərin həllində daha fəal olacağını vurğulayıb: “Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıdır: “Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik”.
Azərbaycan sülhsevər ölkədir, qonşu ölkələr, başqa bölgələrlə sülh gündəliyini təşviq edir. Azərbaycan bundan sonra da öz xarici siyasətini bu prinsiplər və parametrlər əsasında quracaq və inkişaf etdirəcək.
İlham Əliyevlə görüşlərlə bağlı müraciətlər də Azərbaycanın qlobal səviyyədə artan nüfuzu və hörmətinin, xüsusilə Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir. Münxen Təhlükəsizlik Konfransı beynəlxalq arenada Azərbaycanın yeri və çəkisini də nümayiş etdirib.
Sədrəddin Soltan,
"Report"
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ