Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarxlar və yüksək vəzifəli siyasətçilər yay tətilləri üçün daha çox Çin və Türkiyəni seçirlər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onların bəziləri yay başlayandan bu ölkələrə 10 dəfədən çox uçuş edib.
Bu, “Flightradar” xidmətinin məlumatlarında da öz əksini tapıb.
Dmitri Medvedev. Rusiya Federasiyasının keçmiş prezidenti və onun həyat yoldaşı Svetlana Medvedevanın istifadə etdiyi biznes-jet yay mövsümünün əvvəlindən bəri iki dəfə NATO ölkəsi olan Türkiyəyə uçub. RA-67226 bort nömrəli Bombardier Global 5000 təyyarəsi 17 iyun və 5 iyul tarixlərində İstanbula enib. Həmçinin, yay fəslinin ilk günü Medvedevin təyyarəsi Qətərin paytaxtı Dohaya da uçub.
Denis Manturov. Qərb sanksiyalarının tətbiq olunduğu şəraitdə Türkiyəni çox sevənlərdən biri də baş nazirin birinci müavini Denis Manturovdur. Ona məxsus RA-89053 bort nömrəli Sukhoi Superjet 100 təyyarəsi yay mövsümündə Türkiyəyə 13 dəfə uçub. Təyyarə Dalaman, Bodrum, Antalya və İstanbul hava limanlarında olub.
Leonid Mixelson. “Putinin dostları”na daxil olan “Novatek” şirkətinin İdarə Heyətinin sədri ölkə xaricinə Rusiya daxilində olduğundan daha tez-tez səfər edir. RA-10208 nömrəli Gulfstream G550 təyyarəsi yay mövsümünün əvvəlindən etibarən Maldiv adalarına, Seyşel adalarına, Madaqaskara, Birləşmiş Ərəb Əmirliklərinə və Türkiyəyə uçub.
Qeyd edək ki, o, Türkiyədə dörd dəfə olub: Mixelsonun şəxsi jeti Bodrum, Antalya və iki dəfə İstanbulda eniş edib.
İqor Şuvalov. Rusiya dövlət inkişaf bankı olan “VEB.RF”in rəhbəri İqor Şuvalovun təyyarəsi yay tətili dövründə Çinin Hefey və Pekin şəhərlərinə səfər edib – bu uçuş 10 iyun tarixində baş verib. Qalan müddətdə onun RA-67777 nömrəli Bombardier Global 6000 təyyarəsi Rusiyada olub. Bununla belə, 2025-ci ilin əvvəlindən bəri Şuvalovun təyyarəsi üç dəfə Dubaya uçub.
Aleksey Mordaşov. “Severstal” şirkətinin sahibi Aleksey Mordaşov da istirahət üçün Çin istiqamətini seçən oliqarxlardandır. Onun RA-67160 nömrəli Bombardier Global Express təyyarəsi 28 iyun-5 iyul tarixlərində Şençjendə olub, yəni milyarder Çində bir həftə keçirib.
Oleq Deripaska. Milyarder Oleq Deripaska RA-09618 bort nömrəli Dassault Falcon 7X təyyarəsi ilə səfər edir. 13 iyul tarixində bu təyyarə Pekində eniş edib və növbəti üç gün ərzində orada qalıb.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ