İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlham Əliyevə səs vermək qələbələrə səs verməkdir”- Başlıbelin İnkişafına Dəstək İctimai Birliyi müraciət yaydı

Yanvarın 27-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin Ümumi yığıncağı keçirilib. Ümumi Yığıncaqda İctimai Birliyin üzvləri, Kəlbəcər rayonunun Başlıbel kəndindən olan ziyalılar və ağsaqqallar iştirak edib. İştirakçılar 7 fevral növbədənkənar Prezident seçkilərində kənd əhalisinin aktiv iştirakı və Prezidentliyə namizəd İlham Əliyevə səs verilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Başlıbelin İnkişafına Dəstək Birliyi və və Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan Başlıbel kəndinin ziyalıları, ağsaqqalları 7 fevral Prezident seçkisində fəal iştirak etmək və Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevi dəstəkləyəcəkləri barədə müraciət qəbul ediblər.

İctimai Birlikdən Musavat.com-a daxil olan Müraciətdə deyilir:

“Son 20 ildə Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük bir inkişaf yolu keçib. Bu inkişafa nail olmaq, qarşıya qoyulan hədəflərə çatmaq üçün Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu çox böyük məharətlə davam etdirib. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətində prioritet istiqamətlərdən biri məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönüşünü reallaşdırmaq olub. Biz məcburi köçkünlər Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss etmişik. Ali Baş Komandanımızın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda usanmadan apardığı fəaliyyət 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz möhtəşəm nəticəsini vermiş oldu. 30 ilə yaxın Ermənistanın işğalı altında saxlanan rayonlarımız, kəndlərimiz azad edildi. Kəlbəcər rayonu və rayonun ən böyük kəndlərindən biri Başlıbel də azadlığına qovuşdu. Ordumuz İlham Əliyevin sərkərdəliyi altında bütün dünyanı heyrətləndirən qələbəni qazandı. Başlıbel qətliamı qurbanlarının da qisası alınmış oldu. Prezident İlham Əliyev 2021-ci ilin 23 sentyabrında BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin 18 aprel 1993-cü ildə Başlıbel kəndində mülki sakinlərə qarşı həyata keçirdiyi qətliam barədə dünya birliyini məlumatlandırdı. Biz başlıbellilər artıq üç ildir doğma kəndimizi, qətliamda şəhid olan həmkəndlilərimizin məzarlarını ziyarət edə bilirik. Bu qələbəni bizlərə İlham Əliyev qətiyyəti və onun Ali Baş Komandanı olduğu Ordumuz qazandırıb.
2023-cü ilin sentyabrında isə Qarabağda erməni separatizmini çökdürməklə İlham Əliyev bütün ölkəmizin ərazisində suverenliyimizi bərpa etmiş oldu.

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri indiyədək olan bütün seçkilərdən fərqlənir. Bu seçkilər ilk dəfə respublikanın bütün suveren ərazisində, o cümlədən Kəlbəcər rayonunda təşkil olunacaq. Bu, böyük tarixi hadisədir. Bu tarixi hadisənin iştirakçısı olmaq-seçkilərdə iştirak etmək vətəndaşlıq borcu olmaqla yanaşı, böyük fəxarətdir.

30 il erməni tapdağında olan torpaqlarımızın düşmən işğalından qurtarılması, Azərbaycan Respublikası coğrafiyasının bütünündə tam suverenliyimizin bərpası, hərtərəfli təhdidlərə baxmayaraq, dövlət müstəqilliyimizin gündən-günə daha da gücləndirilməsi birbaşa Prezident İlham Əliyevin apardığı qətiyyətli, ardıcıl siyasi kursun nəticəsidir.

Bəyan edirik ki, ölkəyə böyük tarixi qələbələr qazandıran, bizləri öz ata-baba yurdlarımıza qovuşduran Prezident İlham Əliyevin siyasətinin davam etməsi Azərbaycanın qələbələrinin davam etməsi deməkdir. İlham Əliyevə səs vermək qələbələrə səs vermək deməkdir. Hər kəsi seçkidə fəal iştirak etməyə və İlham Əliyevə səs verməyə çağırırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR