Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Rusiya işğalından azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Əfqan Orucov dördüncü ildir davam edən savaşın 100-cü azərbaycanlı qurbanıdır.
Musavat.com xəbər verir ki, Kiyevdə yaşayan diaspora fəalımız Yalçın Qəhrəmanoğlu Ə.Orucovla bağlı fikirlərini bölüşüb:
“Ukraynada daha bir qəhrəman soydaşımızı torpağa əmanət etdik. Ağır idi, xüsusilə tək övladını itirmiş Anaya təsəlli vermək çətin idi… Ən təsirli çıxışı, əslən Naxçıvandan olan qəhrəmanımız Əfqan Orucovun dostu, döyüşdə qolunu itirmiş milliyyətcə erməni olan gənc Suren etdi (onu da bildirək ki, Suren İrəvanda anadan olub).
O, döyüşlərdə Əfqanın göstərdiyi qəhrəmanlıqlardan söhbət açdı. Dedi ki, bir-birimizi qardaş kimi qoruyurduq. Kövrəldi. Səsi boğazında düyünləndi və ağladı, bizi də ağlatdı… Sonda üzünü Əfqanın anasına tutaraq “Bundan sonra sən mənim də anamsan, ömür boyu belə də olacaq” söylədi.
Çox təsirli anlar idi. Ukraynada müxtəlif millətlər vuruşur, insanlar dostlaşır, iki qafqazlı - erməni və azərbaycanlı qardaşlaşır.
Əminəm ki, tezliklə bu birlik və qardaşlıq işğalçılara qalib gələcək. Biz həlak olanları fəxrlə anıb, bu günləri hüzn, amma şərəfli tarix kimi xatırlayacağıq”.
Qeyd edək ki, 19 avqustda həlak olan Ə.Orucov ötən gün Ukraynada təntənəli vida mərasimindən sonra dəfn edilib. Qəhrəman döyüşçü ilə vida mərasimindən çəkilmiş kadrlar çox təsirlidir.
Allah rəhmət eləsin.
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ