Onlayn ictimai-siyasi qəzet
Bakının səmasını bürüyən toz dumanı təhlükəli həddə qədər zərərlidir. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. Rəna Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub: “Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.
Bəs toz buludları Bakıya haradan gəlir?
Mütəxəssislər deyirlər ki, əsasən Bakıdan min kilometrlərlə uzaqda yerləşən Ərəbistan və Mesopotamiya çöllərindən, İranın quru ərazilərindən, Türkmənistanın sahil düzənliklərindən göyə qalxan toz küləklərin təsiri ilə ölkəmizin yerləşdiyi coğrafiyaya istiqamət alır. Güclü küləklər onları Xəzərin üzərindən qaldırıb Abşeronun üzərinə səpələyir. Nəticədə bulanıq səma, ağır nəfəs və səssiz sağlamlıq böhranı yaşanır. Mütəxəssislər qeyd edirlər ki, tozun miqdarı normadan artıq olanda əsasən uşaqlarda sağlamlıq problemləri yarada bilər. Çünki onların ağciyərləri hələ tam inkişaf etməyib. Yaşlılar orqanizmi zəif olduğundan onlar da tozlu hava ilə sınağa tab gətirmirlər. Astmatiklər və ürək xəstələri üçün də hər zərrə tozlu hava əlavə yükdür. Hamilə qadınlar da risk qrupundadırlar. Nəfəsdəki çirklənmə dölün inkişafına mənfi təsir edir. Həkimlər xəbərdarlıq edir ki, tozlu günlərdə astma və bronxit kəskinləşir, ürək-damar xəstəliklərinin riski artır, gözlərdə qızartı və sulanma yaranır. Uzunmüddətli təsirləri isə daha təhlükəlidir. Bir çoxumuz üçün bu toz dumanı sadəcə “hava bulanıqlığı” təsiri bağışlasa da, əslində bu, səssiz fəlakətdir. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları göstərir ki, hər il milyonlarla insan məhz toz və çirkli hava səbəbindən həyatını itirir.
Vəziyyətdən çıxış yolu kimi maska taxmaq, evlərin pəncərələrini bağlı saxlamaq, imkan daxilində açıq havada az qalmaq tövsiyyə olunur. Çünki bu fəlakət nə sərhəd tanıyır, nə də xəbərdarlıq edir. Bakının səmalarını bürüyən bu boz toz dumanı, əslində, ağır fəsadlar yaradır.
Maraqlıdır ki, təhlükənin miqyası böyük olsa da, dövlət qurumlarının əhaliyə maarifləndirmə və xəbərdarlıq xarakterli müraciətləri yox səviyyəsindədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi toz miqdarının normadan artıq olmasını elan etməklə işini bitirmiş hesab edir. Beynəlxalq təcrübədə isə fərqli yanaşma var. Məsələn, ABŞ, Avropa ölkələri və Çin kimi ölkələrdə hava çirklənməsi ilə bağlı “air quality alert” sistemləri işləyir. İnsanlar SMS, TV, radio və mobil tətbiqlər vasitəsilə tozlu və çirkli hava barədə xəbərdar edilir, hansı tədbirləri görəcəkləri ətraflı izah olunur.
Dövlət qurumlarının əhaliyə çağırış etməsi təkcə tövsiyə deyil, sağlamlıq və həyatın qorunması baxımından zəruridir. Toz minlərlə insanın sağlamlığını zədələyə bilər. Dünyada havanın keyfiyyətini ölçən İsveçrinin İQAir şirkəti qeyd edir ki, hər il 7 milyon insan havanın çirklənməsindən ölür, milyardlarla insan isə pis havanın təsirindən əziyyət çəkir. İQAir-in yayımladığı hesabatdan aydın olur ki, hazırda Bakı keyfiyyətsiz hava reytinqində 10 ölkə arasında 153 balla 3-cü yerdədir. İlk yerdə Konqo, təqibçisi isə İndoneziyadır. İnteraktiv xərtidədə çirkli hava axınlarının Bakıya istiqamətlənməsini də izləmək olur. Təqdim olunan xəritələrdən və məlumatlardan belə aydın olur ki, hazırda Bakıda havanın çirklənməsi səviyyəsi fəlakət həddindədir.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ