Onlayn ictimai-siyasi qəzet
4 il hakimiyyətdə olan Co Bayden administrasiyası (2020-2024) Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərbə vurdu. Qondarma soyqırımı tanımaq kimi axmaq qərardan başlamış, erməni lobbisinin bütün gücü ilə dəstəkləyən bu administrasiya Vaşinqonu Bakıdan uzaqlaşdırmaq siyasətindən geri çəkilmədi.
Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Ağ Evdəki tarixi imzalanma mərasimindən sonra Azərbaycan media təmsilçilərinə verdiyi müsahibədə də bu məsələ üzərində xüsusi dayandı. Dövlət başçısı dedi ki, son beş ildə Azərbaycanın Ermənistana hücum etməyi planlaşdırdığı, guya Zəngəzuru güc yolu ilə ələ keçirmək niyyəti haqda yalan məlumatlar yayılıb.
“Bu anti-Azərbaycan təbliğatının aparıcı qüvvəsi Bayden administrasiyası idi. Biz bunu dəqiq bilirik, çünki avropalı tərəfdaşlarımızla apardığımız danışıqlarda onlar dəfələrlə deyirdilər ki, bu məlumat Baydenin komandasından gəlir. Onlar qəsdən Azərbaycanın guya aqressiv niyyətləri barədə şayiələr yayırdılar”, - deyə, dövlət başçısı bildirib.
İlham Əliyev onu da deyib ki, uzun illərdir Azərbaycan ABŞ mediasında demonlaşdırılıb: ““Washington Post”, “New York Times”, “Newsweek” və digər media qurumları müntəzəm olaraq Azərbaycan haqqında şayiələr yayır, bizə hücum edir, təhqiramiz məqalələr dərc edir və Amerika ictimai rəyini yanlış istiqamətə yönəldirdilər. Bunu əsasən erməni lobbi nümayəndələri edirdi. Elə həmin qrup bu gün erməni maraqlarına qarşı çıxış edir. Bu gün baş verənlərə sevinmək əvəzinə tamamilə məyusdurlar, çünki onların gündəliyi tamamilə fərqlidir. Məhz onlar işğala görə məsuliyyət daşıyırlar. Çünki onların ideyaları, məsləhətləri, pulları və müxtəlif erməni hökumətlərinə təsiri Ermənistanın özündə dağıdıcı rol oynadı. Əgər onlar və onlara bənzər qruplar olmasaydı, Ermənistan daha inkişaf etmiş, müstəqil və möhkəm dövlət sisteminə malik bir ölkə olardı”.
İndi isə Azərbaycan Bayden administrasiyası dövründə əvvəlki illərdə qazanılmış nailiyyətlər və potensial dondurulmuş vəziyyətə salındığı üçün Azərbaycan bu istiqamətdə vaxt itirmək istəmir. Prezidentin qısa ABŞ səfəri çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilməsi buna sübutdur. ABŞ-ın “Exxon” və Azərbaycan SOCAR şirkəti arasında əməkdaşlıq memorandumu haqqında indidən xoş xəbərlər gəlməkdədir. Dövlət başçısı da müsahibəsində bunun anonsunu edib. Belə ki, Azərbaycanda böyük neft yatağının kəşfi ilə bağlı yüksək gözlənti var. Bu da əlaqələrə daha bir sahədə xüsusi impuls verəcək.
Dövlət başçısı müsahibəsində enerji əməkdaşlıq barədə də ayrıca danışıdı. Dedi ki, uzun illər ərzində ədalətsiz şəkildə kənara atılmış fosil yanacaqlar mövzusu yenidən gündəmə qayıdıb: “Prezident Trampın strateji baxışı və siyasəti sayəsində, uzun illər, - bəlkə də on ildən çox, - ədalətsiz şəkildə kənara atılmış fosil yanacaqlar bu gün yenidən diqqət mərkəzinə qayıdıb. Komandamız burada beynəlxalq maliyyə institutları ilə, ABŞ-ın Ex-Im Bankı ilə, həmçinin fosil yanacaq layihələrinin və karbohidrogen nəqli infrastrukturunun maliyyələşdirilməsi ilə bağlı danışıqlar apardı. Enerji, şübhəsiz ki, əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olaraq qalacaq. Prezident Tramp ilə imzaladığımız Anlaşma Memorandumunda enerji xüsusi yer tutur. Enerji dedikdə bu neftdir, qazdır, potensial olaraq bərpaolunan mənbələrdir. Bu gün Azərbaycan təbii qazını NATO-nun 10 üzvünə, ABŞ-ın 10 müttəfiqinə ixrac edir. Boru kəməri vasitəsilə qaz çatdırılmasında isə biz 14 ölkəni əhatə edirik. Bu baxımdan, Azərbaycan dünyada aparıcı ölkələrdən biridir. Yaxınlarda Suriyaya təbii qaz ixracına başlamışıq. Beləliklə, biz artıq Yaxın Şərq regionuna da daxil olduq və Avropada, eləcə də Yaxın Şərqdə coğrafiyamızı genişləndirəcəyik.Lakin bu, gələcək gündəliyimizin yalnız bir hissəsidir”.
İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlanması üçün İşçi Qrupunun yaradılmasına dair sənədin də böyük əhəmiyyəti var. Həmin sənəddə təsbit edilən gələcək əməkdaşlıq istiqamətləri (qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlıq) ölkəmizin qarşısında nə qədər böyük imkanlar açıldığını göstərir. Prezident İlham Əliyev Bayden dövründə kənar təsirlər altında Azərbaycanda uzaqlaşan ABŞ-ı Tramp administrasiyasının hakimiyyətdə olduğu qısa müddətdə-cəmi 6 ayda Bakıya yaxın qonşu edir. Bu mənada Strateji Tərəfdaşlıq Xartiyasının bu münasibətlərin daha da inkişaf edilməsində xüsusi təsirləri olacaq.
Azadlığa Dəstək Aktına 907-ci düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. Hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jestdir. Minsk Qrupunun ləğvi üçün birgə müraciətə gəlincə, bu qurum 44 günlük müharibəd Azərbaycanın zəfərindən sonra iflic vəziyyətinə düşmüşdü. Minsk Qrupu funksional mahiyyətini itirib, sülh sazişinin paraflanması və Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətlə birinci maneə aradan qaldırılıb.
Hər şeyin region və ikitərəfli münasibətlər üçün yaxşı perspektiv vəd etsə də, indi əsas məsələ Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir. Dövlət başçısı müsahibəsində bu gözləntini xüsusi vurğulayıəb. “ Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir və Azərbaycana olan ərazi iddiası oradan çıxarılacaq. Əks təqdirdə, bu, birinci növbədə ABŞ-a qarşı hörmətsizlik olacaq. Azərbaycanla Ermənistan sülh sazişini paraflayıb, onun rəsmi imzalanması da çox çəkməməlidir”.
Dövlət başçısı müsahibənin əvvəlində olduğu kimi sonunda da bir daha vurğulayıb ki, anlaşmaların icrası üçün zaman itkisinə yol vermək olmaz: “Bu nəqliyyat marşrutu – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) başqa bir tarixi nailiyyət olacaq. Amma dediyim kimi, vaxt itirməməliyik. Ən qısa zamanda işə başlamalıyıq. Bu obyektə ABŞ rəhbərlik edəcək və ümidvaram ki, bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq”.
Nazim SABİROĞLU,
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ