İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev dedisə, deməli olacaq! – Qərbi Azərbaycanlılar, o tarixi günə hazırlaşın!

Yenidən Ermənistanın və erməniçiliyin “kürkünə birə düşüb”. Son saatlarda bunun simptomları açıq-aydın görünür. Baş nazir Nikol Paşinyan tez-tələsik publika qarşısına çıxıb, bir neçə suala sınıq-salxaq cavab verdi. Daha sonra xarici işlər naziri Ararat Mirzoyan “burda biz də varıq”-deməyə cəhd göstərdi, amma nə iləsə yadda qalmadı. Paralel olaraq Ermənistan bir-birinə dəyib, media, ekspertlər Azərbaycan Prezidentinin 7 yanvarda, yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlərdən danışır. Prezident Əliyev növbəti dəfə “nidalı zərbələr”lə düşmənin yuxusunu qaçırıb.

Əslində Ermənistan hakimiyyəti və müxalifəti neçə vaxt idi “qaşınırdı”. Son günlərdə isə ordunu işə qatdılar, əvvəlcə Laçın, sonra da Naxçıvan istiqamətindən təxribatlara əl atdılar. Azərbaycan Prezidentinin 3 saatlıq müsahibəsi düşmənə olduqca ciddi xəbərdarlıqlarla doludur. Əgər ağıllanmasalar və Ararat Mirzoyanın etiraf etdiyi kimi, silahlanmağa davam etsələr, onda, gözlərinin qarşısına daha bir Hərbi Qənimətlər Parkını gətirsinlər!

Prezident davamlı şəkildə əldə olunan qələbələrlə bağlı danışarkən bəzi sirləri də açdı və bununla da anons etdiyi digər məsələlərin də tezliklə həllini tapacağına əminliyimizi artırmış oldu. Bu, həm də düşmən tərəf üçün doğru yol tutmaq imkanıdır. Ötən il işğaldakı 4 kəndimizin top-tüfəngsiz azad olunmasından bəhs edən dövlət başçısı deyib ki, Ermənistanı könüllü surətdə, belə desək, könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var: “Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Zənnimcə, o, erməni rəhbərliyinin onlarla birlikdə Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyaları artıq yox etməli idi. Mənim Qazaxın dörd kəndi ilə bağlı son tələbim Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdu, ötən ilin fevralında. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub”.

Təkcə bu kəndlərin məsələsinə baxış bir daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin siyasətində prinsipiallıq, qətiyyətlə yanaşı, məntiqi ardıcıllıq olduqca önəmli məsələdir. İlham Əliyev üçün Vətənin hər qarışının mühüm əhəmiyyəti var, həmçinin söz dilindən çıxdısa, o, icra olunmalıdır, əksi mümkün deyil! Bu mənada dövlət başçımızın Ermənistanın rəhbərliyinə ünvanlı Zəngəzur dəhlizi və Qərbi Azərbaycan xatırlatmaları da təsadüf sayıla bilməz. 4 kəndin məsələsi üzərində dayanan və sonda həllinə nail olan lider Zəngəzur dəhlizi açılacaq, deyibsə, deməli, açılacaq! Yaxud Qərbi Azərbaycanlılar qayıtmalıdır, dedisə, əksi mümkün deyil! Ermənistanda 11-12 ballıq zəlzələ də məhz İlham Əliyevin bəyanatlarının şok təsirindəndir. Hələ ilboyu mikroşoklar hiss ediləcək.

Prezident İlham Əliyev: Ermənistanın silahlanması yeni gərginliyə gətirib  çıxaracaq

Prezident sürətlə silahlanan Ermənistanı ağıllı olmağa çağırdı. “Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər”. 

Ermənistanda ajiotaja səbəb olan həm də bu fikirlərdir. Çox açıq və qətiyyətli xəbərdarlıqdır. İndi gedib silahlansınlar, görək kim peşman olacaq! Azərbaycan Prezidenti hətta 4 kəndin bərpası məsələsində də gələcək təhlükələri nəzərə aldığını söyləyib. Bildirib ki, onun tərəfindən artıq həmin kəndlərə mütəxəssislərdən ibarət qrup ezam olunub. Sitat: “Orada erməni yaşayış məntəqələrinə yaxınlıq məsələsi və eskalasiya olacağı təqdirdə müəyyən təhdidlər var. Ona görə də mən tapşırıq verdim ki, bu kəndlərin sakinləri üçün mənzil fondunun tikintisi məqsədilə daha çox müdafiə olunan yer seçilsin, onların təhlükəsizliyi təmin edilsin. Çünki belə bir təcavüzkar qonşumuz olduğu üçün biz, ilk növbədə əhalimizin təhlükəsizliyi haqqında düşünməliyik”.

Dövlətimiz sülh tərəfdarıdır, amma düşmənini də yaxşı tanıyır. Bu düşmənin faşizmdən də təhlükəli olduğunu bildiyi üçün gələcəyimizin də təhlükəsizliyinin qayğısına qalır. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Ermənistanı faşist dövlət adlandırması barədə suala cavabında guya sülh tərəfdarı olduğu üçün yayğın cavab verib. Guya Paşinyan bilmirmi ki, İlham Əliyev düz deyir? Əgər Ter-Petrosyandan, Robert Köçəryana, Serj Sərkisyana qədər bütün Ermənistan rəhbərliyi faşizm ideologiyasına uyğun davranıblarsa, Paşinyan da ailəqarışıq işğalda, təcavüzdə, terrorçu siyasətdə iştirak edibsə - özü “Qarabağ Ermənistandır”- deyib, arvadı, qadın batalyonu yaradıb, döyüşəcəyini elan edibsə, oğlu Qarabağda xidmət keçibsə - bu qədər insan məhz Azərbaycan ərazilərinin işğalı nəticəsində həyatdan gedibsə, Ermənistana faşist deməyib, nə deyəsən?!

Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaları onların haqqıdır

Dövlətimizin başçıxı Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının indiki şərtlər altında nə qədər real göründüyü barədə sualı cavabında əminliklə  “o, bizdən asılıdır. Biz nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq”-cavabını verməklə də düşmənin yuxusunu qaçırıb. Prezident bildirib ki, bu məsələ onun daim gündəliyində olub. Qarabağın işğalı dövründə bu məsələ ilə fəal məşğul olmaq mümkün olmadığı halda belə, o, Qərbi Azərbaycanlılar mövzusunu artıq siyasi gündəliyə gətirib, şəxsi tövsiyəsi əsasında 10 il əvvəl Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlayıb.

Sitat: “Amma yenə də deyirəm, hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq. İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcması, onun fəaliyyəti daha da təkmilləşdi, o cümlədən beynəlxalq fəaliyyəti, bir çox beynəlxalq təşkilatlarla təmaslar yaratdı və bu məsələ artıq beynəlxalq gündəliyə salınmışdır. Çünki bu, vacibdir. Həm beynəlxalq leksikona, həm beynəlxalq gündəliyə artıq bu məsələ salınmışdır”. Prezident İlham Əliyev deyib ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır: “Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik”. Dövlət başçısı Qərbi Azərbaycana qayıdışın yol xəritəsini də təqdim edib: “Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar”.

Prezident İlham Əliyev Paşinyana da konkret tövsiyə edib: “Mən hesab edirəm, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin”. Həmçinin beynəlxalq qurumlara çağırışlar var: “Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu məsələdən imtina təklifləri gəlir. Vaxtilə Qarabağ işğalda olanda da Azərrbaycanı reallıqla barışmağa çağırırdılar... Amma Prezident qətiyyətlə bəyan edib: “Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.

Ter-Petrosyanın etirafları erməni elitasının güzgüsü kimi - Oxu.az

Ermənistan doğrudan da sülh tərəfdarıdırsa, tarixi yurdlarından qovulanların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etsin! Bəhanələrə yer yoxdur. Şübhəsi olanlar varsa, Ter-Petrosyanın etiraflarına təkrar-təkrar qulaq assınlar! Qayıdış isə mütləq olmalıdır və olacaq, necə ki, Qarabağa, Şərqi Zəngəzura oldu...Bunu İlham Əliyev deyirsə, deməli, OLACAQ! Əziz və dəyərli Qərbi azərbaycanlılar, o tarixi günə hazırlaşın! Zəngəzur dəhlizinin varlığı, əbədiyaşarlığı da SİZin təhlükəsiz qayıdışınızdan asılıdır

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR