İnsanlara hürriyət, millətlərə istiqlal!

İlahiyyatçı: "Quranı başa qoymaq ritualı peyğəmbərlərdən qalıb"

Xəbər verdiyimiz kimi, ilk əhya gecəsində Hacı Surxay Məmmədlinin Quranı başına qoyaraq dua oxuması sosial şəbəkələrdə tənqidə səbəb olub. Bir çox ilahiyyatçı bunun dinlə heç bir əlaqəsinin olmadığını deyir.

İlahiyyatçı Hacı Təyyar Musavat.com-a açıqlamasında bildirib ki, Quranı başa qoymaq ritualı sənədli, sübutlu təsdiq edilib.

"İbadət ritualları ilə bağlı xüsusi ədəbiyyat var. Adı "Məfatihul-cinan"dır. Kitabın Azərbaycan türkcəsində tərcüməsi isə "Cənnətlərin açarı" deməkdir. Uzun illərin bizə gəlib çatmış ədəbiyyatıdır. Həmin kitabda Qədr gecələri ilə bağlı qeydlər var ki, həmin gecələrdə Quranın başa qoyulması məsələsi, eləcə də həmin rituallar zamanı edilən dualar da kitabda yer alır. Buna şəxsi və fərdi yanaşma kimi davranmaq doğru deyil. Quranı açaraq başa qoymaq ibadət ritualını sənədli, sübutlu, faktla həm mən, həm də həmkarlarım sübut edə bilərik. Bu ritualın cəmiyyətdə qınanan tərəfinə gəlincə, Quranı yüksəklik və ucalıq mənasında baş üstünə qoyurlar. Bu, Quranı dəyərləndirmək kimi qəbul oluna bilər. Nədənsə həmin dini ayinin görüntüsü insanlarda qəribə təəssürat yaradır, hətta iynəli şəkildə yanaşanlar da az deyil. Burada qəbahətli nə var ki, məsəl var, gözəl baxan gözəl görər. Hacı Surxay Quranı başına qoyub da, hara qoyub ki? Biri var əqli dəlil, biri var nəqli dəlil. Əqli dəlillə Quranı başa qoymaqda nə qəbahət var ki, bunu rişxəndə və qınaq obyektinə çeviriblər.

Hər alimin sözünü İslam dünyasında qəbul etmirlər. Qeyd etdiyim kitab külliyatının müəllifi mötəbər şəxsdir - İslam alimi Şeyx Abbas Qumidir. O, kitab külliyatı da İslam dünyasının əsrlərdir istinad olunmuş toplumdur. O toplumda bu ritualın haradan gəldiyi ilə bağlı tarixçə var. Quranı başa qoymaq Allahın rəsulunun davranışlarında da yer alıb. Həmin kitabda göstərilir ki, Qədr gecələrində peyğəmbərlər və imamlar bu cür davranıblar, biz də buna istinadən edirik. Peyğəmbərlər və imamların davranışları bizim üçün nümunədir", - Hacı Təyyar vurğulayıb.

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR