İnsanlara hürriyət, millətlərə istiqlal!

İkisi birinə dəyməyən Soçi bəyanatları - 1 il ötdü, “yük” isə köhnə yerində...

Putini nə imici, nə də imzası maraqlandırır: terrorçular Qarabağda əlisilahlı dolaşır, Zəngəzur dəhlizi açılmayıb, Üçtərəfli İşçi Qrupu işləmir, Paşinyan əlini ağdan qaraya vurmayıb...

Bu gün 26 noyabr 2021-cü il üçtərəfli Soçi bəyanatının bir ili tamamlanır. Əfsus ki, Rusiya liderinin də imzası duran bu sənəd elə kağız parçası olaraq qalır. Rəsmi Moskvanı, Putini isə, belə görünür, nə öz imici, nə də imzası maraqlandırır.

“Yeni Müsavat” xatırladır ki, 26 noyabr bəyanatında belə bir bənd var: “Biz Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik”.

Ancaq gerçək belədir ki, ötən bir ildə də “yük” köhnə yerində qalmaqdadır. Belə ki, bəyanatda yazılanın əksinə olaraq, 10 noyabr (2020) kapitulyasiya sənədinin əsas bəndləri hələ də reallaşmamış qalır. Söhbət ilk növbədə qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmaması (4-cü bənd) və Zəngəzur dəhlizinin (9-cu bənd) açılmamasından gedir. Halbuki Azərbaycan öz üzərinə düşənləri vicdanla və vaxtında yerinə yetirir. Yüksək keyfiyyətli alternativ Laçın yolunun inşası buna bariz sübutdur.

Yaxud bəyanatın aşağıdakı sitatı: “2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq”.

Üçtərəfli İşçi Qrupu müsbət nəticə əldə edib - Rusiya XİN

Hanı bəs, Üçtərəfli İşçi Qrupu bir iş görə bilibmi? Keçən 12 ayda erməni tərəfi, Paşinyan hökuməti bu yöndə əlini ağdan-qaraya vurmayıb. Məsələn, gələn il üçün Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı dəmir və avtomobil yollarını Ermənistan sərhədinə çatdıracaq. Yolun Ermənistana düşən hissəsinin (təxminən 40 km) inşasına isə hələ də başlanılmayıb. Koordinatlar Bakıya verilməyib.

Paradoks həmçinin ondadır ki, təxminən bir il sonrakı - 31 oktyabr (2022) ikinci Soçi Bəyanatı da oxşar tezis-postulatlarla doludur. Orada deyilir: “Biz regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğuladıq. Mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışını davam etdirmək barədə razılaşdıq. Rusiya Federasiyası buna hər vasitə ilə kömək göstərəcək”.

Göstərirmi? Rusiyanın sülh müqaviləsinə hansı “köməyi” elədiyi artıq məlumdur: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə sülh sənədinə “status” məsələsini salmaq, Qarabağda “Vardanyan layihəsi”ni, qondarma “rus icması” projelərini irəli aparmaq, erməni separatçılarının silahlanmasına göz yummaq, hətta buna dəstək vermək və s.

Aydındır ki, 26 noyabr və 31 oktyabr Soçi bəyanatlarının icrasına görə əsas məsuliyyət də 10 noyabr kapitulyasiya sənədi kimi Rusiyanın, Putinin üzərindədir. Belə sənədlərin sayı artdıqca isə onların dəyəri azalır. O zaman nədən Rusiya lideri öz imzalarına sayğısızlıq göstərir və Bakının çıxış yolu nədir?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri – Azərbaycan Milli İstiqlal  Partiyası

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Rusiyanın Minsk Qrupunun həmsədr ölkəsi olaraq 30 il hansı fəaliyyət göstərdiyini yaxşı bilirik: “Bu gün də Rusiya problemin həllində deyil, bölgədə gərginliyi saxlamaqda maraqlıdır. Ona görə Rusiya ilə imzalanan müqavilələr heç bir anlama gəlmir və nəticəsi yoxdur. Faktiki olaraq, Kreml rəhbəri öz imzasına hörmətsizlik etməkdədir. Putin özü də bilir ki, bu imzalanmış razılaşmalar vaxt uzatmağa hesablanıb. Çünki hazırda rus hərbçiləri Qarabağ ermənilərinə kömək etməklə məşğuldurlar, ”Dağlıq Qarabağ" ifadəsini dilə gətirirlər, erməni silahlılarının qalmasına dəstək verirlər, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında onları “artsax ordusu” adlandırırlar. Ona görə istər 26 noyabr, istər 31 oktyabr Soçi bəyanatları olsun, heç bir məsələlərin çözülməsinə yardım etməyəcək".

Partiya sədri hesab edir ki, məqamı çatıb və Rusiyanın Ukrayna müharibəsi səbəbindən zəifləməsi fonunda radikal addımlar atılmasına ehtiyac var: “44 günlük müharibədə olduğu kimi, bu dəfə də konkret mövqe göstərməliyik. Eyni zamanda, rus hərbçilərin Qarabağdan çıxarılmasını tezləşdirməliyik, vaxtından əvvəl bu məsələni qaldırmalıyıq. Əks halda, ”rus icması" və digər addımlarla ruslar regionda möhkəmlənməyə çalışacaqlar. Ona imkan vermək olmaz, bu gün Rusiya bütün dünyaya cəbhə açıb və onun Türkiyəyə, Azərbaycana möhtac olduğu bir vaxtda Moskva qarşısında sərt tələblər qoymalıyıq".

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, hazırda baş verənlər isə prosesin daha da təhlükəli miqyas aldığını göstərir: “Erməni qoşunların qalıqlarının çıxarılması öhdəliyi icra edilmir və belə görünür ki, xoşluqla icra edilməyəcək də. Separatçı-terrorçular davamlı təxribatlar törədir. Vardanyan kartı işə düşəndən sonra qondarma ”statusdan" daha çox danışmağa başlayıblar. Bölgəyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları bütün bunlara nəinki şərait yaradır, hətta təşkilatçısı rolunda çıxış edir: hərbi yükləri Laçın dəhlizindən keçirir, separatçı-terrorçuların postlar qurmasına şərait yaradır, erməni əhalisinin Bakıya inteqrasiyasının qarşısını bütün yollarla alır.

Zamanın uzanması Azərbaycanın ziyanınadır, çünki geosiyasi şərtlərin dəyişməsi regiondakı proseslərə də təsir edə bilər və bu vəziyyət Bakının müəyyən addımlar atması zərurətini artırır: separatçıların qurduğu hərbi postlarının ləğv edilməsi; qeyri-siyasi və qeyri-hərbi müstəvidə separatçı-terrorçu rejimi erməni əhalisi arasında çətinə sala biləcək addımlar;  Laçın dəhlizinin qeyri-humanitar məqsədlər üçün istifadə edildiyi faktının aktuallaşdırılması, Moskva qarşısında bu tələblərin qaldırılması və s. İndiyə qədərki proseslər diplomatiyanın praktiki nəticələrə gətirib  çıxarmadığına nümunədir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR