İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci "soyuq müharibə"nin qaynar mərhələsi

Türkiyə prezidenti, Finlandiya prezidenti və İsveçin baş naziri ilə 3 saatdan çox davam edən yekun danışıqlardan sonra medianın qarşısına çıxan NATO baş katibi Yens Stoltenberq sevincini gizlətmirdi. NATO-ya yeni nəfəs gəldi.

İsveç və Finlandiyanın NATO-ya daxil olmasının yolunu açan sazişə dəstək verməsinin əvəzində Türkiyə nə qazandı?

Ankaranın bu anlaşmada ən böyük qazancı ondan ibarətdir ki, Türkiyəyə silah embarqosu ləğv edildi. İsveç və Finlandiya Türkiyəyə qarşı silah embarqosunu ləğv etmək və terrorla mübarizədə Türkiyə ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər. Buraya ekstradisiya müqaviləsi də daxildir. Eyni zamanda vurğulanır ki, iki Skandinaviya ölkəsi Avropa İnsan Hüquqları Konvensiyasına zidd olan hər hansı həssas hüquqi tələblərə cavab verməli deyil.

NATO, demək olar ki, bütün digər alyans ölkələrində olduğu kimi Türkiyə əhalisi arasında eyni səviyyədə dəstək görmür. Bunu nəzərə alan Stoltenberq vurğulayıb ki, heç bir NATO üzvü olan ölkə Türkiyə qədər terror vəhşiliyi ilə üzləşməyib.

Qərb ittifaqı güclənir: NATO üçün bir neçə həftəlik mübarizədən sonra əldə olunan razılaşma son dərəcə vacibdir. Qərb mediası Türkiyənin razılığını ittifaqın güclənməsi kimi qələmə verir. Diplomatik dairələrdə səslənən fikirlər də Türkiyənin rolunun əhəmiyyətini təsdiq edir. 29 üzv dövlət iki Şimali Avropa ölkəsinin qəbulunu çox xoş qarşılasaydı və bu, Türkiyənin müqaviməti səbəbindən uğursuz olsaydı, baş verənlər NATO üçün utancverici və imicinə zərər verərdi, NATO sammitindən irəli gələn transatlantik birliyin imicini ciddi şəkildə pozmuş olardı.

NATO nöqteyi-nəzərindən bir şey dəqiqdir: İsveç və Finlandiyanın qəbulu bu iki ölkəni nəinki daha təhlükəsiz edir, həm də qərb alyansını daha da gücləndirir. Xüsusilə Rusiyanın qarşıdurma kursunu nəzərə alsaq, alyansın şimalda ərazisini genişləndirə bilməsi böyük üstünlükdür. Bir sözlə, yalnız Ankarannin təhrik etdiyi son mübahisədən sonra NATO üçün işlər yaxşı gedir.

Kiçik və böyük üzv ölkələrin hamısı razılaşır ki, bu NATO sammiti dönüş nöqtəsidir. Hollandiyanın baş naziri Mark Rutte bunu qısa şəkildə belə fadə edir: “NATO geri döndü”. Siyasətçilər “tarixi” ifadəsini kifayət qədər açıq şəkildə işlədirlər. İslandiyanın baş naziri Katrin Yakobsdottir hətta "Alyansın tarixində böyük bir andan" danışır. Onun britaniyalı həmkarı Boris Conson son sammiti “irəliyə böyük bir addım” adlandırıb.

Yeni strategiya - NATO 2030: Madrid sammitindən sonra NATO on il davam edən böhrandan çıxmış sayılır. Türkiyə prezidenti Ərdoğanın razılığı alyansın gələcəyi ilə bağlı fikirləri də dəyişib. Fransa prezidenti Emmanuel Makronun 2019-cu ildə ümumiləşdirdiyi kimi “beyin ölümü” keçirən NATO yenidən dəyərlər birliyinə çevrilə biləcəkmi?

NATO indi köklü dəyişikliyə gedir. 2010-cu il strategiyası əsasən sülh konsepsiyası idi və çəkindirməyə taktikasına əsaslanırdı. Əvvəlki strategiyanın yararsızlığını Ukrayna müharibəsi də təsdiqləyib. “NATO – 2030” adlanan strategiya fərqli olacaq. Yeni konsepsiya 2023-cü ilə qədər həyata keçirilməlidir. Alyans üzvü olan Şərqi Avropa dıvlətlərinin əsgərlərinin sayı artırılır. Əvvəlki min nəfərlik briqadaların tərkibində indi 5 minə qədər əsgər xidmət edəcək.
 

Bir şey aydın gırünür, Ukrayna müharibəsi alyansdakı məna böhranına son qoydu. Alyans üzvləri üçün NATO 1949-cu ildə yaradıldığı vaxta qayıdır: müharibə vəziyyətində hər kəsin bir-birinə kömək etmək istədiyi müdafiə ittifaqı gücləndi, Rusiya bir nömrəli düşmən kimi hədəfə alındı.

Madrid sammitində İkinci “soyuq müharibə”yə rəsmən start verildiyi Çin və Rusiya mətbuatının gəldiyi nəticədir. “NATO -nun Çinə münasibəti mübahisəli görünür. Bəzi ölkələr Çini Rusiya kimi düşmən hesab etsə də, digərləri üçün ilk növbədə iqtisadi tərəfdaşdır. Strategiya sənədində hansı sözlərin seçiləcəyini ekspertlər səbirsizliklə gözləyirlər.

Bir qədər tərəddüddən sonra Vaşinqton Ukraynaya əvvəlkindən xeyli çox və hər şeydən əvvəl daha güclü silahlar göndərməyə qərar verib. Prezident Co Bayden bu barədə New York Times qəzetindəki qonaq məqaləsində bildirib. Bununla belə, o, Ukraynanın yeni silahlarla Rusiyadakı heç bir hədəfə hücum etməyəcəyinə söz verdiyini vurğulayıb.

Planlaşdırılan əlavə silah hədiyyəsi 700 milyon dollarlıq paketin bir hissəsidir. Bu, böyük silah tədarükü kimi səslənir. Müasir silahların qiymətləri nəzərə alınmaqla, bu rəqəm effektiv hesab oluna bilər. Gələcəkdə də Ukraynanın demək olar ki, sərhədsiz silahlanmasından söhbət getmir.

Daha dəqiq və güclü silahlar: Prezident Co Bayden yazır ki, diqqət mərkəzində orta mənzilli raketlər durur. Təxminən yetmiş kilometrlik hədəfi vuran raketlər gındəriləcək. Ukrayna həmçinin daha çox tank əleyhinə raketlər, “Stinger” zenit raketləri, dəqiq artilleriya, radarlar, pilotsuz uçuş aparatları və helikopterlər almalıdır.

Dövlət Departamentinin sözçüsü Ned Prays bunu belə ifadə edib: “ABŞ və onun avropalı tərəfdaşları Rusiyanın hazırkı müharibəsi nəticəsində Ukraynanın dəyişən ehtiyaclarına cavab verən hər şeyi çatdırırlar”.

Kiyev hər şeyi almır: Bununla belə, Kiyev Vladimir Zelenski hökumətinin tələb etdiyi kimi hər şeyi almır: ABŞ Kiyevi bir neçə yüz kilometr mənzilli, hətta Moskvanı bombalamaq gücündə olan uzaqmənzilli raketlərlə təmin etməyəcək. Orta mənzilli raketlərin çatdırılması üçün də Ukrayna rəhbərliyi onlardan Rusiya ərazisində olan hədəflərə qarşı istifadə etməməyi öhdəsinə götürüb.

Amerikanın BMT-dəki səfiri Linda Tomas-Qrinfild mətbuata açıqlamasında “Ukraynaya öz sərhədləri daxilində özünü müdafiə etmək üçün silah verildiyini bildirib və Kiyevin Rusiya ərazisinə hücum edə biləcək silahlarla təmin olunmadığını təsdiqləyib.

ABŞ Rusiya ilə müharibə etmək istəmir: Bayden qəzet məqaləsində ABŞ-ın Rusiyaya qarşı müharibə etmək istəmədiyini, Amerika qoşunlarını Ukraynaya göndərməyəcəyini və NATO üzvü olan heç bir ölkəyə hücum edilmədikcə Rusiyaya hücum etməyəcəyini bir daha təkrar edib. Onun fikrincə, bu müharibənin sonunda diplomatik həll yolu tapılmalıdır. Belə bir anlaşmanın ədalətli olması üçün isə Ukraynaya dəstək verilməlidir ki, onun danışıqlarda mövqeyini gücləndirmək mümkün olsun.

Rusiya təlaş içərisində: Yeni ittifaqlar axtarışında olan Moskva NATO a qarşı alternativ qurum yaratmaq sevdasından vaz keçib. Alman mətbuatının yazdığına görə, Kreml NATO və Avropa Birliyinə qarşı BRİCS Forumunu göcləndirməyə çalışır.

Moskva Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın da üzv olduğu BRİCS forumuna daha çox ümid bəsləyir. Xüsusilə Krımın ilhaqından, G8-dən çıxarılmasından və 2014-cü ildə Qərbin ilk sanksiyalarından sonra Kreml onu “Qərb”ə alternativ kimi təqdim edib.

İran və Argentinanın qoşulmaq istəydiyi təşkilatdakı üzvlüyünü “sıçrayış” sayan Kreml Qərbin sanksiyalarından yayınmaq üçün Forumun üzvlərinin sayını artırmağa çalışır.

Təşkilat üzvlərinin sayının artırılmasında Çin də maraqlı görünür. Pekin İran və Argentina ilə yanaşı Malayziya, İndoneziya və Misirin də təşkilata qəbul olunmasını istəyir. Qərbin sanksiyalarından çəkinən Hindistan, Braziliya və Cənubi Afrika isə təşkilatın genişləndirilməsinə qarşı çıxırlar.

Rusiya rəsmilərinin NATO sammitindən dərhal sonar Bakiya səfər etmələri qərb mediasında maraq oyadıb. Rusiyanın Baş naziri Mixail Mişustin və Dövlət Duması sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcəyini Kreml başçısı Türkmənistanda səfəri zamanı təsdiqləyib. Rus rəsmilərinin Bakıya səfərləri də ittifaq axtarışlarının tərkib hissəsi sayıla bilər.

İkinci Soyuq Müharibə şəraitində Azərbaycanın tutacağı yol indidən aydın görünür. Qoşulmama Hərakatının üzvü olan Azərbaycanın bundan sonra da neytral qalacağını söyləmək olar. Prezident İlham ƏIliyevin Qoşulmama Hərakatının gücləndirilməsi istiqamətində atdığı addımlar da bunu deməyə əsas verir ki, Azərbaycan neytral mövqeyini qorumaqda davam edəcək.

fabbc09955d61f8de71e5bcb1bbbbde1.jpg (19 KB)


Elxan Həsənli, xüsusi olaraq Musavat.com üçün

İsveçrə

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR