İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci “Söyüdlü ssenarisi” hazırlanır? – Mikserlik estafeti “Azadlıq”dan “Amerikanın səsi”nə keçib

“Amerikanın səsi” radiosu Daşkəsən rayonunun Bayan kəndindəki “Çovdar” qızıl mədəni ilə bağlı reportaj yayıb. Yenə bir neçə yerli sakin qızıl mədəninin zəhərindən giley-güzar edir, bitkilərin məhsul vermədən saraldığından danışır, başqa bir neçə sakin kəndin sosial problemlərini qaldırır.

Bütün söhbətlər Gədəbəyin Söyüdlü kəndində baş verən qarşıdurmadan öncəki situasiyanı xatırladır. Problem (“qızıl mədəninin zəhəri”) eyni, barədə ritorika (“ekoloji təhlükə”) eyni, zərərçəkənlər (kənd sakinləri) eynidir, ən ümdəsi, bu məsələni qabardanlar (ABŞ-a bağlı radiolar) da fərqli deyil.

Bu, ondan xəbər verir ki, Daşkəsəndə Gədəbəy ssenarisi işlənilir. Hiss olunur ki, burada Gədəbəy hadisələrindən ilhamlanma var. Söyüdlüdə baş verənlər ölkə miqyasında böyük rezonans doğurduğu, yerli hakimiyyət qüvvələrinin insidentə hazırlıqsız yaxalandığı, ard-arda bir neçə səhvə yol vermələri üzündən söhbət böyüdüyü üçün, görünür, güman edənlər var ki, ikinci həmlə daha effektiv olacaq.

Məşhur ifadə ilə desək, işıq dirəyinin başında tısbağa varsa, bu, o demək deyil ki, o, oraya özü çıxıb, onu mütləq oraya qoyan biri var.

İndi orataya sual çıxır: nədən ölkənin ucqarlarında olan bu tipli problemləri yalnız Amerikanın radioları qabardır? Məgər keçən dəfə Söyüdlü, bu dəfə də Bayan kəndinin sakinlərini öz dərdlərini ölkənin aparıcı və müstəqil qəzetlərinə, saytlarına, eləcə də internet tv-lərinə danışdılar, səslərinə səs, sözlərinə qulaq verən olmadı?

4b0b69cd-ce00-4b07-a148-90f6c689967b.jpeg (156 KB)

Sakinlərin danışığından hiss olunur ki, onlar bəzi məsələlərdən narazı olsalar da, etirazlarını hansısa aidiyyatı ünvanlara məktub yazmaqla bildiriblər və bu şikayət məktubuna cəmi 10 nəfər imza qoyub.

Bu, o deməkdir ki, "Çovdar" qızıl mədənindən 18 kilometr aralıda yerləşən kənddəki ekoloji və sosial problemlər o qədər kəskin deyil və insanları bir elə də narahat etmir, onlar bu məsələləri yazı-pozuyla həll edəcəklərini düşünürlər.

"Amerikanın səsi" radisonun reportyor qrupunun ortaya çıxardığı süjetdən isə bəlli olur ki, onlar axtarıblar, araşdırıblar, Bayan kəndininin simasında ortalığı qarışdırmaq, gərginlik yaratmaq üçün “zəif bənd” tapıblar və ondan hansısa məqsəd üçün yararlanmağa çalışırlar.

Əslində isə məqsəd yenidən “ekoloji təhlükə” ssenarisi ilə su bulandırmaqdır. Bilgili mənbələrin verdiyi şərhə görə, bu xəttin son aylarda ortaya çıxması Ermənistan ərazisində, sərhədimizə yaxın nahiyədə ABŞ-ın investisiyası ilə metallurgiya zavodu tikilməsi və Azərbaycanın buna etiraz etməsi ilə paralellik təşkil edir. Belə anlaşılır ki, Qərb rayonlarımızda birdən-birə aktuallaşan və nəyə görəsə yalnız Amerika radiolarının diqqətinin cəlb edən “ekoloji təhlükə” Azərbaycanın sərhədimizdə yerləşən metallurgiya zavodlarının tikintisinə etiraz bildirməsinə “cavab”dır.

Lakin bir detal var: ABŞ tərəfi bu “cavab etirazı”nı öz daxilimizdə təşkil edir və bu məqsədlə inhisarında olan media qurumlarının fəaliyyətindən, eləcə də nüfuz dairəsində saxladığı rəğbət qruplarından istifadə edir. Əvvəlcə media qurumları “problemi işıqlandırır”, aktuallaşdırır, sonra “siyasi avropoid irqi”nə mənsub ekofəallar ayaqlanır, sosial şəbəklərdə ajiotaj yaradırlar.

Bayan kəndindən 18 kilometrl aralıdakı (yeri gəlmişkən, bu olduqca uzaq məsafədir, Sumqayıtdakı kimya zavodunun Bakını zəhərləməsi iddiası kimi bir şeydir) mədəndə, eləcə də kəndin özündə hansısa problemin (yol, su, işıq) olub-olmadığı başqa mövzudur. Bununla müvafiq dövlət orqanları məşğul olmalıdırlar və yəqin ki, olacaqlar. Hamıya aydındır ki, gözdən uzaq ucqarlarda o cür problemlər şəhər ətrafı qəsəbələrdə, magistral (şosse, su, qaz, elektrik və s.) xətlərin yaxınlığında yerləşən kəndlərdə olduğundan daha kəskin olur, həll edilməsi də asan olmur.

Ancaq “Amerikanın səsi”nin qaşınmayan yerdən qan çıxarmaq çabası, hadisə ətrafında süni ajiotaj yaratmaq cəhdi, yerli sakinləri “həyati təhlükə”yə inandırmaq və etiraz dalğası yaratmaq təşəbbüsü də ortadadır.

Qoy hökumət orqanları onların bəhanəsini kəssin və ölkəmizin problemini Amerikanın, Avropanın səsi ilə eşitməyək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR