İnsanlara hürriyət, millətlərə istiqlal!

İki supergücün "ŞAR DAVASI" böyüyür - Yeni görüntülər ortaya çıxdı

Xəbər verdiyimiz kimi, fevralın əvvəlində ABŞ səmasında görünən müəmmalı obyekt ölkəni ayağa qaldırıb. ABŞ UFO və gizli hərbi layihə kimi çoxsaylı nəzəriyyələri ortaya qoyan obyektin Çinə aid casus şarı olduğunu açıqlayıb.

Pekin hava şarının külək tərəfindən uçurulan mülki tədqiqat avadanlığı olduğunu iddia etsə də, vəziyyət münasibətləri onsuz da gərgin olan iki supergücü yenidən üz-üzə gətirib. ABŞ dövlət katibi Blinken Çinə səfərini ləğv edib və fevralın 4-də hava şarı Baydenin göstərişi ilə vurulub. ABŞ-a məxsus beşinci nəsil F-22 qırıcısı okeanın üzərindən hava şarını yerə salıb. 14 metr dərinlikdə suya düşən şar və daşıdığı müşahidə cihazları araşdırma üçün Virciniya ştatında Federal Təhqiqatlar Bürosunun (FTB) laboratoriyasına aparılıb.

Musavat.com xəbər verir ki, ABŞ-Çin münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda "CNN İnternational" Çin ordusunun hazırladığı böyük dirijablın (uçan aparat - red.) peyk görüntülərini paylaşıb.

645108897152d84790acc434.jpg (78 KB)

Görüntülərin Çinin casus şarının vurulmasından 3 ay əvvəl çəkildiyini vurğulayan CNN uçan aparatın Çinin proqramındakı irəliləyişləri ortaya çıxardığını yazıb.

ABŞ-ın peyk şirkəti "BlackSky" tərəfindən çəkilmiş şəkillərdə Çində çöllük ərazidə yerləşən hərbi kompleksin uçuş-enmə zolağında eni təxminən 30 metr olan dirijabl görünür. Məlumata görə, peykdən görüntülənən dirijabl əvvəllər görünən və ya məlum olan uçan aparatlardan daha istiqamətlidir və daha çox manevr edə bilir.

Oklahoma Aeronavtika və Kosmos İnstitutundan Ceymi Ceykobs dirijablın “səmanın sualtı qayığı” rolunu oynaya biləcəyini və xüsusi naviqasiya imkanlarına malik olduğunu bildirib.

CNN-ə danışan yüksək rütbəli müdafiə rəsmisi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) görüntülərdən xəbərdar olduğunu və onu izlədiyini bildirib, lakin uçan aparatın necə bir təhlükə yaradacağına dair şərh verməkdən imtina edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR