Onlayn ictimai-siyasi qəzet
Hindistan və Pakistan arasında baş verən müharibədə gərginlik getdikcə artır. Pakistan onlarla hind əsgərinin öldürüldüyünü və İsrail istehsalı olan 25 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, bölgədə baş verən hadisələr ABŞ-ın da narahatlığına səbəb olub.
ABŞ Dövlət Departamenti Lahordakı əməkdaşlarına “yerində qalmağı” tapşırıb, bəzi bölgələrin isə təxliyə edildiyi bildirilir.
Hindistan Müdafiə Nazirliyi çərşənbə gecəsi və cümə axşamı səhəri Pakistan tərəfindən edilən hücum cəhdlərinin qarşısının alındığını bəyan edib. Pakistan isə qarşıdurmalar zamanı onlarla hind əsgərinin öldürüldüyünü və 25 ədəd İsrail istehsalı PUA-nın vurulduğunu bildirib.
Lahor hava limanına edilən hücumlar ciddi narahatlıq yaradıb. Hindistana məxsus PUA-ların hava limanı yaxınlığını hədəf alması bölgədə həyəcan vəziyyəti yaradıb. Müharibə təhlükəsi yaxınlaşarkən, ABŞ Pakistanın Lahor şəhərinin yaxın vaxtlarda təxliyə ediləcəyi barədə kəşfiyyat məlumatı aldıqlarını və bölgədəki konsulluqlara sığınma əmri verildiyini açıqlayıb.
ABŞ Dövlət Departamenti cümə axşamı günü verdiyi açıqlamada Lahordakı ABŞ Baş Konsulluğunun əməkdaşlarına "yerinizi tərk etməyin" göstərişi verildiyini bildirib. Konsulluq, bölgədə PUA-ların vurulması və partlayış səsləri ilə bağlı məlumatlar aldıqlarını qeyd edib.
ABŞ Konsulluğu əlavə edib ki, Lahordakı əsas hava limanına bitişik bəzi bölgələrin təxliyə oluna biləcəyi ilə bağlı ilkin məlumatlar daxil olub.
Hindistan ordusunun açıqlamasına görə, Pakistan Hindistanın şimal və qərb bölgələrində yerləşən hərbi hədəfləri atəşə tutub, lakin bu hücumlar zərərsizləşdirilib. Hindistan ordusu cavab hücumu olaraq Pakistana məxsus hava hücumundan müdafiə radarları və sistemlərinin vurulduğunu bildirib. Bununla yanaşı, Hindistan başladığı hücum əməliyyatının hələ başa çatmadığını da vurğulayıb.
Pakistan tərəfi isə fərqli bir mənzərə təqdim edib. Ölkənin informasiya naziri bildirib ki, Kəşmirdəki faktiki sərhəd xəttində Hindistana məxsus hərbi obyektlər məhv edilib. Nazir qarşıdurmalarda 40-50 Hindistan əsgərinin öldürüldüyünü iddia edib. Pakistan ordusu həmçinin Hindistana məxsus 25 ədəd İsrail istehsalı olan "Harop" tipli PUA-nın vurulduğunu açıqlayıb.
İqbal RZAYEV,
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ