Onlayn ictimai-siyasi qəzet
Prezidentliyi bitən Zurabişvilini iqamətgahından zorla çıxaracaqlar
Dekabrın 29-da Gürcüstanın yeni seçilən prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi olacaq. Həmin gündən hazırkı prezident Salome Zurabişvili səlahiyyətlərindən rəsmən məhrum olacaq. Ancaq Salome Zurabişvili yeni prezidentin legitim olmadığını bəyan edərək prezident vəzifəsindən getməyəcəyini elan edib. Zurabişvili Gürcüstanda etirazların başında dayanır və Avropa İttifaqı, Fransa və bir sıra Qərb dövlətləri tərəfindən dəstəklənir. Bu da onun dirəniş göstərməsinə gətirib çıxaran əsas faktor kimi qiymətləndirilir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə kreslosundan əl çəkmək istəməyən keçmiş Zurabişviliyə qanunlara tabe olub dekabrın 29-da vəzifəsini tərk etməsi xəbərdarlığını edib. Baş nazir səlahiyyət müddətinin bitməsinə sayılı günlər qalmış prezidenti həbslə hədələməkdən belə çəkinməyib: “Görəcəyik ki, o, həyatını harada, dəmir barmaqlıqlar arxasında, yoxsa azadlıqda davam etdirəcək”.
Maraqlıdır ki, məhz bu ərəfədə ATƏT Müşahidə Missiyası 26 oktyabr parlament seçkiləri ilə bağlı yekun rəyini açıqlayıb və Avropa Parlamentinin mövqeyinə diametral zidd olaraq, nəticələri tanıyıb. Buna görə Kobaxidze ATƏT-ə təşəkkür də edib.
ATƏT-in bu mövqeyi Kobaxidze hökumətinin əlini gücləndirib. Zurabişvilini isə sonda geri çəkilməyə vadar edə bilərmi?
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in müşahidə missiyasının Gürcüstanda keçirilən seçkilərin nəticələrini tanıması şübhəsiz Kobaxidzen hökumətinin mövqelərinin güclənməsinə gətirib çıxarır: “Uzun müddətdir davam edən mitinqlərin qarşısında geri addım atmayan hökumət bundan sonra daha da arxayınlaşacaq və sərt davranacaq. Eyni zamanda ATƏT-in Müşahidə Missiyasının seçkilərlə bağlı mövqeyi etirazçıların müəyyən qədər həvəsdən düşməsinə, inamlarının azalmasına səbəb olacaq. Artıq bir neçə gündür məhz bu tendensiya müşahidə olunur, yürüş-mitinqlərə çıxanların sayında, aktivliyində enmə var. Bu isə Zurabişvilinin də mövqeyinə təsir edə bilər. Nəticəsizlik və seçkilərə ATƏT müşahidə missiyasının verdiyi qiymət Salome Zurabişvilinin sona qədər dirəniş göstərməməsinə də səbəb ola bilər. Ancaq Zurabişvilinin birbaşa Fransadan təlimatlar aldığını nəzərə alsaq, onun dekabrın 29-da necə hərəkət edəcəyinin özündən çox Parisdən gələn təlimatdan asılı olacağını söyləmək mümkündür. Fransa isə belə görünür ki, Gürcüstanda sabitlik istəmir, gərginliyin daha da artmasında maraqlıdır. Hökumətin dəstəklədiyi yeni prezident Kavelaşvili şübhəsiz 29 dekabrda prezident kimi fəaliyyətə başlayacaq. Zurabişvili və etirazçılar bunun qarşısını ala bilməyəcəklər”.
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Gürcüstanda keçirilən seçkilərinin nəticələrinə prezident Salome Zurabaşvili etiraz etsə də, yeni seçilən prezidentin fəaliyyətə başlamasının qarşısını ala biləcək gücdə deyil: “Göründüyü kimi, o, Qərbin təlimatları ilə hərəkət edir. Ancaq keçirilən etirazlara baxmayaraq hakimiyyət öz dayanıqlığını qoruyub saxlaya bildi. Baş nazir Kobaxidzenin Avropa İttifaqı ilə danışıqları dayandirması müəyyən etirazlara gətirib çıxarsa da inqilab baş tutmadı. Çalışılırdı ki, inqilab olsun və "Gürcü Arzusu" hökuməti devrilsin. Avropa İttifaqının prezidenti ilə Gürcüstan hökuməti arasında danışıqlar aparıldı. Müəyyən razılaşmalar əldə edilib. Gürcüstan hökuməti xarici agentlər haqqında qanununa dəyişikliklər edəcək. ATƏT-in seçkinin nəticələrini tanıması Qərbin güzəştə getməsidir, bükə bilmədikləri əli öpmək kimidir. Salome Zurabaşvilinin səlahiyyətləri 29 dekabrda bitəcək və o, nə etməsindən asılı olmayaraq vəzifəsindən gedəcək, yeni prezident səlahiyyətlərinin icrasına başlayacaq. “Gürcü Arzusu”nun əli son bir neçə həftədə daha da güclənib. Ona heç bir dirənişlə mane olmaq mümkün deyil. Qarşıdakı günlərdə Avropa Parlamentinin mövqeyi də dəyişəcək. Bir sözlə, Gürcüstanda inqilab baş tutmadı. Amma hökumət də Qərblə müəyyən anlaşmağa məcbur olur. Zurabişvilini prezident iqamətgahından güclə çıxaracaqlar. Ona cinayət işi də açıla bilər. Qərblə hökumət anlaşacaq. Nəticədə Zurabaşvilinin mövqeyi kifayət qədər zəifləyəcək. Proseslər hökumətin lehinə dəyişir. Bir müddətdən sonra Qərb hökumətlə işləməyə başlayacaq. Çünki Gürcüstan müxalifəti bir deyil, vahid bir şəkildə fəaliyyət göstərmirlər. Zurabaşvili də məcbur qalıb geri çəkiləcək".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ