İnsanlara hürriyət, millətlərə istiqlal!

‘’İki bacı”nın Azərbaycana qarşı yeni təxribatı

Ermənistan və havadarı növbəti həmləyə hazırlaşır; bu həftə bir çox sualların cavabı bilinəcək

Özünün dünyadakı havadarlarına arxalanan kapitulyant Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayıb aradakı bütün problemləri qapatmaq əvəzinə, ölkəmizə qarşı ərazi iddiasını və buna hesablanmış təhlükəli oyunları həyasızcasına davam etdirir.

“Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlayıb və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə (bu həftə - red.) də öz səylərini göstərəcəklər”.

Azərbaycan Prezidenti İlham Əliyev bunu dekabrın 24-də bir qrup Qərbi Azərbaycan ziyalısı ilə görüşdə deyib. Laçın yolunda baş verən hadisələrin növbəti anti-Azərbaycan isterikasına səbəb olduğunu söyləyib.

“Fransız-erməni bacılarının qurduğu oyunun detalları üzə çıxır”. Bunu isə millət vəkili Azay Quliyev deyib. O, daha sonra qeyd edib: “İndi bir daha aydın oldu ki, niyə Ararat Mirzoyan Moskvada planlaşdırılan üçtərəfli görüşdən imtina edib. Dekabrın 23- də Milli Məclisdə çıxışım zamanı qeyd etdiyim kimi, Fransa və Ermənistanın məqsədi Laçın yolu ilə bağlı məsələləri diplomatik müstəvidə həll etmək deyil, Azərbaycana əsassız təzyiqi artırmaqla, xüsusilə BMT Təhlükəsizlik Şurasında hər hansı sənəd qəbul elətdirməklə mövzunu istismar etməkdən və beynəlxalq gündəm yaratmaqdan ibarətdir”.

Azay Quliyevə görə, bu səbəbə ermənilər çalışırlar ki, vəziyyəti maksimum drammitikləşdirsinlər və bununla da Rusiyanı və BMT Təhlükəsizlik Şurasının digər üzvlərini açıq şəkildə şantaj etsinlər. “Məhz bu məqsədlə Ermənistan və separatçılar dünən (srağagün - red.) Xankəndində uşaqlardan ibarət şou, sonra isə bir neçə min adamın iştirakı ilə mitinq keçirirlər. Görək, erməni və fransız cütlüyünün bu şantajna və qurduğu oyuna Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Birləşmiş Ərəb Əmirliyi, Albaniya və BMT TŞ -nın digər üzvləri boyun əyəcəkmi? Və yaxud Rusiya və ABŞ bu oyunun passiv iştirakçılarıdırlarmı? Bu sualların cavabını gələn həftə (bu həftə.red) biləcəyik.

Bəs gözləntilər nədir? Bir həftə ərazində ikinci dəfə BMT TŞ-də müzakirəyə nail olmaqla mənfur qonşular nəyi hədəfləyib?

Yeganə Hacıyeva: Brüssel görüşündən geniş bir gözləntimiz yoxdur »  BAYRAQDAR MEDİA

Politoloaq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Fransa BMT Təhlükəsizlik Şurasına dönəm rəhbəri olması amilindən sui-istifadə edir və anti-Azərbaycan fəaliyyəti həyata keçirir. Ermənistan da bu imkandan yararlanmağa çalışır və son vaxtlar əl-qol açması bununla bağlıdır. Azərbaycana qarşı qlobal səviyyədə anti-Azərbaycan kampaniyası aparılır. Bu kampaniyanın passiv oyunçularından biri də Rusiyadır: “Qarabağdakı proseslərin də Rusiyadan qaynaqlanması artıq Nikol Paşinyanın həyat yoldaşı səviyyəsində elan da edilib. Rusiya paralel olaraq bir neçə cəbhədə oynayır. Rusiya Fransa ilə müştərək oynayır. Rusiya əslində Paşinyanın adamı kimi tanın Arak Arutyunyanı kənarda qoyub və separatçıların başına Ruben Vardanyanı keçirib. Yəni regional Rusiya-Ermənistan-separatçılar oyununda ABŞ yoxdur. Bir sözlə bütün ssenarilərdə Rusiya mövcuddur. BMT Təhlükəsizlik Şurasında məlum müzakirələrdə hər dövlətin ayrı hədəfi var. Fransanın məqsədi Qarabağla bağlı 44 günlük müharibənin reallaşdırdığı şərtləri, əldə olunan razılıqları pozmaqdır. Yeni kommunikasiya imkanlarını sabotaj etməkdir. ABŞ, Britaniya, Çin, Albaniya isə kommunikasiyaların açılmasını istəyirlər. Məsələyə bu məntiqdən yanaşsaq adıçəkilən Təhlükəsizlik Şurasının üzvləri Fransa və Ermənistan cütlüyünün planlarında iştirakçı, hansısa formada dəstəkçi olmamalıdırlar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR