İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısı Hacı Qalibin villasını yerlə-bir etdirdi – “Mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Bakının Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan və Xəzər sahilində yerləşən villanın qapısı daşla hörülüb.

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib. İddialara görə, bir neçə gün əvvəl Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları əraziyə gələrək baxış keçirib. Daha sonra əraziyə bir maşın daş gətirilib və Hacı Qalib Salahzadənin villasının qapısı hörülüb.

VİLLAM.jpg (219 KB)

Qaynarinfo məlumatı dəqiqləşdirmək, eyni zamanda olayın səbəbini öyrənmək üçün keçmiş deputatla əlaqə saxlayıb. Hacı Qalib Salahzadə isə baş verənlər barədə danışmaq istəmədiyini deyib:

“Mən bu barədə heç nə danışmaq istəmirəm”.

Bu açıqlamasından 1 sutka sonra isə Hacı Qalib Salahzadə Musavat.com-a baş verənlərdən danışıb.

Deyib ki, vaxtilə onun 500 min manata aldığı bağ torpaq sahəsini əhatələyən hasar dağıdılıb:

“Axşamdan icra başçısı Adil Vəliyev şəxsən əraziyə gəldi, dedi ki, bu dəqiqə buranı sökürəm. Hazırda da bağımı sökürlər, orada traktorlar işləyir. Prezident Administrasiyasının yüksək rütbəli məmurlarının adlarını çəkir, onların göstərişi ilə bağımı sökdüyünü deyir. Mənə də deyir ki, sənin üstündən maşınla keçərəm. Nə məhkəmə, nə qərar? Qışqıra-qışqıra mənə deyir ki, bu işləri mənə görməyi yüksək rütbəli məmurlar tapşırıb. Mənim özümü də provokasiyaya çəkirlər ki, bir iş açsınlar”.

Hacı Qalib Salahzadə bildirib ki, sökülən bağının ərazisində 3 evi olub:

“Əlimdə öz adamı olan bələdiyyə sənədləri də var. O zaman bu torpağı mən nardaranlı Ağaismayıl, Fərhad kişidən 500 min manata almışam. Bu adamlar da sağdırlar”.

Bilgəh qəsəbəsinin həmin hissəsi bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Layihəyə görə, “Amburan” istirahət mərkəzinin sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər ərazi bulvar olmalı imiş. Bildirilir ki, Bilgəh qəsəbəsinin həmin hissəsində yalnız Hacı Qalib Salahzadənin deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, “Azərbaycan Hava Yolları” QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, “AST Telman” kimi tanınan iş adamı Telman İsmayılovun, “AzNar” şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların da villaları var. Söhbət Xəzər sahilinin ən gözəgəlimli hissəsində 10 hektardan artıq ərazidən gedir.

Yeri gəlmişkən, həmin əraziyə düşən küçənin Hacı Qalib Salahzadənin atası Aslan Salahzadənin adını daşıdığı bildirilir.

Sabunçu Rayon İcra Hakimiyyətinin saytında da küçənin adı “Aslan Salahzadə” olaraq qeyd edilib. İddialara görə, Bilgəh bulvarı ilə bağlı layihənin icrasına başlanılarkən bu villaların sökülməsi mümkündür.

Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Musavat.com-a eksklüziv açıqlama verib. Həmin açıqlama bu linkdədir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR