İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseyn Altınalan: "Müharibə vaxtı Azərbaycana xeyli jurnalist gətirmişdik" 

"Birinci Qarabağ müharibəsində Azərbaycanın arxasında xarici media yox idi. Buna görə də Qərb Azərbaycana edilən zülm və vəhşiliyi görə bilmirdi və ermənilər çox rahat şəkildə onlardan dəstək alırdı. Lakin İkinci Qarabağ müharibəsində Türkiyə Azərbaycan ilə birlikdə çiyin-çiyinə çalışaraq, ermənilərin törətdikləri hərbi cinayətləri dünyaya göstərdi".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və Rauf Arifoğlunun təşəbbüsü ilə keçirilən ənənəvi səhər ziyafətində deyib.

H.Altınalan 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycan üçün gördüyü digər misilsiz xidmətlərdən də söz açıb:

"Həmin vaxt təkcə Türkiyədən deyil, doğruları yazacağına inandığımız xeyli sayda əcnəbi jurnalisti də Azərbaycana gətirmişdik. Həmçinin Azərbaycan Prezidentinin mətbuata verdiyi dəstəyini də qeyd etmək istərdim. Çox ağır rejimdə çalışmasına baxmayaraq, bizim istəklərimizi geri çevirmədi, hər gün ya xarici, ya da Türkiyə mediasına müsahibələr verirdi. Beləliklə, birlikdə ermənilərin törətdikləri hərbi cinayətləri dünyaya göstərdik və dünyadan ermənilərə gözlədikləri dəstək gəlmədi. Ermənilər sivil insanları raket atəşinə tutdu, qadağan olunmuş silahlardan istifadə etdi. Biz bu həqiqətləri dünyaya anlatmalı, onların üzərində dayanmalıyıq. Hər kəs Azərbaycan ordusunun necə güclü olduğunu bilir, amma onun çox gözəl insani davranışları da var ki, onları da dünyaya çatdırmalıyıq. Məsələn, şahidi olduq ki, müharibə dövründə Azərbaycan ordusunun əsgəri əsir düşmüş düşmən əsgərə necə təcili yardım göstərdi, onun qayğısına qaldı".

Hüseyn Altınalan zəlzələ ilə bağlı Azərbaycanın göstərdiyi yardımların mütəmadi olaraq Türkiyə mediasında işıqlandırılmasından da danışıb:

"Türkiyə mediası informasiya məkanında bu məsələyə kifayət qədər yer verdi, daima qardaş ölkənin yardımlarından söz açdı, göstərdi. Türkiyədə baş verən zəlzələ səbəbindən Azərbaycanın Prezidentindən tutmuş sadə vətəndaşına qədər hər kəsə göstərdiyi yardımlara görə öz təşəkkürümüzü bildiririk".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR