Onlayn ictimai-siyasi qəzet
“Məkkəyə gedən dəvə hacı olmaz”
(Azərbaycan ata sözü)
Əlbəttə, fələstinli Mahmud Abbasın erməni katolikosla qucaqlaşmasını çox da müzakirə eləmək lazım deyil. O cümlədən İran-Ermənistan qardaşlığını. Niyə? Çünki bunlar hamısı əsl islam deyildir. İsraildə dinc insanları qıran, girovları güllələyən, meyitlər üzərində bağırışan yoldaşlar da həmçinin.
Bəs əsl islam haradadır? Hörmətli şeyximizin idarəsində. Əlimdə imkan olsa uca şeyximizi bütün dünya müsəlmanlarının papası elan edərdim. Vallah, ciddi sözümdür. Dünya tarixində belənçik dinc müsəlman görünməmişdir. Şübhə eləyənə “Şaurma” restoranının dustaq imamı qənim olsun.
Bir də, deyəsən, müsəlmançılıq Ermənistanda geniş yayılıbdır, xəbərimiz olmayıb. Çünki bu saat erməni kanalları İsraildə öldürülən yəhudilərə görə toy-bayram edən tiplərlə dolub-daşır. Deyirlər niyə İsrail Azərbaycanla dostdur, ona bu bəla da azdır. Başqa planetdən gələn olsa, məsələni araşdırmasa elə zənn edər ermənilər kütləvi müsəlman olubdur, hətta bəlkə HƏMAS-ın üzvləridir. Allah eləməsin, təbii ki. Bu dəqiqə bölgəmizdə sülh yelləri əsir, Zeynəb xanımın repertuarındakı “Kür, Araz, Ararat, Gözəldir bu həyat, Qardaş olub Hayastan, Azərbaycan!” şarkısını oxumağa təzə manıs gəzirik. İnşallah. Hətta təsəvvür elə, Vardanyanın vəkili Arzu Qazıyeva onun həbsindən apelyasiya şikayəti vermişdir! Dəhşətdir. Arzu xanım risk edirmi? Yox. Biz demokratik sistemik. O, apelyasiya verib, hakim Habil müəllim də rədd edib.
Qanunların şiddətlənməsinin daha bir bariz nümunəsi teleradio şurasının “Space” kanalını cərimə eləməsidir. Deyir niyə “Amaci” serialını təzədən vərmirsüz... Zarafat edirəm, telekanal qəribə bir hadisə üstündə cəzalanıb: sən demə, onun aparıcılarından biri polisin şübhəli şəxs qismində saxladığı şəxsi efirdə cinayətkar adlandırmışdır!
Fantastikadır. Şair demişkən, çeşmi-giryanımdan qanlı sular axır bu saət. A kişilər, siz bu günlərin qədrini bilin. Vaxt var idi bizim telekanallarda adamları nəinki şübhəli şəxs qismində saxlananda, hətta anadan olmamış cinayətkar elan edərdilər. Bir tip var idi, efirində daim qara halqa olurdu, kimi istəsə onun içində göstərirdi. Respublikanın, yalan olmasın, yarısını cinayətkar, yarısını ekstremist, yarısını vətən xaini, yarısını quldur elan eləmişdi (yarı deyərək dörd yerə böldüm, Misir müəllimin tələbəsiyəm). İndi isə təqsirsizlik prezumpsiyası fontan vurur. Bir daha yazıram: heyrətamizdir. Bəlkə də haqqında əsrlərdir danışılan məhkəmə-hüquq islahatları artıq başlamışdır, bizə xəbər vermirlər ki, sevindiyimizdən partlamaya düşüb ölərik.
Bayaq “vərmirsüz” yazdım, mənası var. Çünki “Space”in o aparıcısı hansı dildə danışır, başa düşmək çətindir. Məsələn, “bala” sözünü “balo” kimi deyir. “Şəbəkə” yerinə “şəbədə” deyir. Özü də vaxtilə dələduzluq maddəsiylə tutulmuşdu, lakin indi millətə əxlaq dərsi keçir. Başqa kim keçsin?
Nəsə, sarsaq mövzulara çox ilişməyək, qayıdaq hüququn aliləşməsinə. Növbəti fakt: bir nəfər vəzifəli şəxsi yol polisinə tabe olmadığı üçün tutub cərimələyiblər. 50 manat. Böyük rəqəmdir. “Toyota”sını satsa verə bilməz.
Ancaq əsas bu deyil, əlbəttə. Əsas adamın vəzifəsidir. Sən demə, yoldaş Qol Güləşi Federasiyasının prezidenti imiş. Daha bir inanılmaz, qandonduran haldır.
Buyurun. Məhkəmələrimiz demək istəyir ki, bizim üçün qol gücü əsas deyil. Lap istəyirsən boks federasiyasında müdir ol, qanunu pozsan 50 manat cərimə edərik. Sənin qolunu qanunlarımızın gücüylə qatlayıb masaya vurarıq. Hüququn aliliyi sayəsində çənənə yumruq dəyər, nokauta düşərsən.
Yaradılmış şəraitə görə əlaqədar orqanlara təşəkkür edirəm.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ