Onlayn ictimai-siyasi qəzet
Çingiz Qənizadə: “Əgər dəvət olsa, yaxın zamanda İmişliyə gedib, tədbiri təşkil edən ağsaqqallarla söhbət edərəm”
“Georgi lenti” 1769-cu ildə II Yelizaveta tərəfindən təsis edilib. Onun Azərbaycana heç bir aidiyyəti yoxdur. Mən 10 ildən çox Milli Məclisdə İmişlini təmsil etmişəm. Tədbirin təşkilatçılarından çoxunu tanıyıram. Onlardan bəziləri ilə danışdım. Belə başa düşdüm ki, onlar məsələnin siyasi tərəfini görmədilər və görə də bilməzlər, çünki siyasətçi deyillər.
Bu fikirləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
O qeyd edib ki, İmişlidə Rusiya icması ilə sıx əlaqədə olan, onlara qayğı, dəstək göstərən iş adamları var:
“Rayonda aşağı təbəqələrə hər zaman əl tutan, xəstələrə dəstək göstərən iş adamları var. Onlar siyasətdən bir az uzaqdırlar, siyasətin incəliyinə vara bilmirlər. Onlara sual verdim ki, SSRİ bayrağı orada nə gəzirdi? Onlar cavab verdilər ki, bu, müharibə vaxtı olduğu üçün o dövrə qayıdışdır.
Mən burada kriminal heç nə görmürəm. Əks halda, onlarla danışıq aparmaq, siyasi maarifləndirməyə ehtiyac ola bilər. Əgər dəvət olsa, yaxın zamanda İmişliyə gedib, tədbiri təşkil edən ağsaqqallarla müstəqil ölkəmizdə nə olar, nə olmaz barədə söhbət edərəm.
Bunun hüquqi məsuliyyəti yoxdur, ancaq mənəvi məsuliyyət ola bilər. Bilməməzlikdən yarandığına görə bu məsələni şişirtmək olmaz.
Xatırlayırsınızsa, 2022-ci ildə Azərbaycanda məktəblilərin döşünə “Georgi lenti” taxılmışdı. Bununla bağlı aksiya təşkil olunmuşdu. İctimai qınaqdan sonra bu dayandırıldı. Hətta aksiya keçirənlər qınağa məruz qaldı, 2023-2024-cü illərdə bu olmadı.
Əlbəttə, siyasi baxımdan İmişlidəki tədbirdə yanlışlıq olsa da, hüquqi məsuliyyət yaradan hal yoxdur”.
Nigar HƏSƏNLİ,
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ