Onlayn ictimai-siyasi qəzet
ABŞ və Rusiya arasında yeni qarşıdurma tədricən kəskinləşməkdə davam edir. Halbuki, bir müddət öncəyə qədər bu iki ölkə arasında nisbi yaxınlaşma meyilləri daha çox ön plandaydı. Hətta Kremldə Tramp adminstrasiyasının hakimiyyətə gəlişini az qala Rusiyanın dünya hegemonluğu yolunun başlanğıcı kimi görməyə başlamışdılar. Və Rusiya siyasi dairələri özlərini daha arxayın hiss etdiklərini gizlətməyə belə, ehtiyac duymurdular.
Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın hakimiyyətə gəldikdən dərhal sonra Ukrayna savaşına yönəlik yürütdüyü siyasət əslində, Rusiyaya belə arxayınlıq üçün ciddi əsaslar da verirdi. Çünki savaşı dayandırmaq barədə vədini yerinə yetirmək istəyən Ağ Ev sahibi işğalçı Rusiyanı dəstəkləyib, Ukraynanı ittiham edirdi. Hətta prezident Donald Tramp Kremlə savaşı dayandırmağın əvəzində Rusiya üçün əlçatmaz sayıla biləcək güzəştlər təklif edirdi.
Ancaq bir müddət öncəyə qədər bütün dünyanı narahat edən Tramp-Pitin anlaşmasını məhz Rusiya pozdu. Çünki Ağ Evin genişmiqyaslı güzəştləri Kremldə yanlış təsəvvürlər yaratmışdı və Rusiyanın neoimperialist iştahını daha da qabartmışdı. Və Kreml artıq Rusiyaya vəd olunan əraziləri yetərli hesab etməyib, bütövlükdə Ukraynanı istəyirdi.
Təbii ki, ABŞ-ın güzəştləri və səbri sərhədsiz ola bilməzdi. Ona görə də, Kremlin neoimperialist iştahı Ağ Evin qıcıqlanmasına və Rusiyaya qarşı Bayden administrasiyası kursuna geri dönməsinə səbəb oldu. Hər halda, ABŞ əvəzi ödəməyən təktərəfli güzəştlərə vərdişli dövlət deyil. Nəticədə savaşdan çıxmağa ehtiyac duyan Kremlin neoimperialist iştahı Rusiyanı ABŞ-la açıq qarşıdurma vəziyyətinə saldı. Və indi ABŞ-Rusiya qarşıdurması nüvə təhdidlərinə qədər inkişaf edib.
Məsələ ondadır ki, prezident Donald Trampın Kremlə sülh anlaşması üçün möhlət verməsinə cavab olaraq, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ı nüvə müharibəsi ilə təhdid edib. Ona görə də, Ağ Ev sahibi ABŞ-ın iki atom sualtı qayığını “müvafiq bölgələrə” yerləşdirmək barədə göstəriş verib. Bu, Ağ Evin Kreml ilə sərt ritorikanı artıq real hərbi mesaja çevrilməsi anlamına gəlir. Eyni zamanda, bu addım Ağ Ev sahibinin Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın sülh çağırışlarını reaksiyasız buraxmasına cavabı da hesab oluna bilər.
Maraqlıdır ki, prezident Donald Trampın əmri ilə hərəkətə gətirilən atom sualtı gəmiləri ABŞ nüvə triadasının ən vacib komponentlərindən birinə aiddir. Dənizdən buraxılan ballistik raketlər və nüvə başlıqları daşıyan bu platformalar aşkarlanması çətin olan ikinci zərbə vasitəsidir. Və bu, Rusiya üçün daimi nüvə hədəflənməsi təzyiqi yaradır.
Digər tərəfdən, bu atom sualtı qayıqları Arktika və Atlantik okean istiqamətində yerləşdirildikdə Rusiyanın strateji komanda mərkəzləri və raket qurğularına birbaşa təhdid təşkil edir. Ona görə də, Ağ Ev sahibinin nüvə silahı daşıyan sualtı qayıqları hərəkətə gətirməsi ABŞ-ın hərbi əməliyyatlara hazırlıq olması barədə Rusiyaya sərt xəbərdarlıq mesajı sayılır.
Əslində, prezident Donald Tramp bu radikal davranışla həm də Kremlə "qırmızı cizgiləri" aşan təhdidlərin nə qədər təhlükəli nəticələr verə biləcəyini xatırlatmış oldu. Ağ Ev sahibi onu da vurğulayıb ki, Dmitri Medvedevin bəyanatları “axmaq və təxribat xarakteri” daşıyır. Və prezident Donald Tramp bunun “sadəcə söz olaraq qalmayacağı” ehtimalına qarşı tədbir gördüyünü də bildirib.
Maraqlıdır ki, Rusiyanın təhdidkar mövqeyi hətta NATO-nun da yeni silah təchizatı formatına keçid məcburiyyətində buraxıb. Üstəlik, bu, NATO-nun Ukrayna üçün silah təchizat mexanizmini yenidən aktivləşdirdiyi bir dövrə təsadüf edir. Belə ki, yeni sistemə görə Ukrayna öz hərbi ehtiyac siyahısını 500 milyon dollarlıq paketlər şəklində təqdim edəcək. Və NATO ölkələri həmin ehtiyacların ödənməsi üçün silah tədarükünə başlayacaq.
Bəzi ehtimallara görə, məhz bu mexanizm NATO-ya Ukrayna üçün ümumilikdə 10 milyard dollar dəyərində silah tədarükünə imkanlar yaradacaq. Üstəlik, bu yeni format Ukraynaya daha çevik və davamlı dəstək üçün nəzərdə tutulub. Və bu, prezident Donald Trampın nüvə mesajı ilə birlikdə Rusiya üçün paralel təzyiq formatı yaradır.
Ona görə də, son hadisələrdən sonra Rusiya üçün strateji dilemmanın daha da dərinləşdiyi qətiyyən şübhə doğurmur. Hər halda, ABŞ və NATO-nun bu sinxron addımları Kremlin qarşısında iki seçim qoyur. Birinci seçim variantı eskalasiyanı davam etdirmək, strateji bombardmançı təyyarələrin uçuşlarını intensivləşdirmək, Kalininqrad istiqamətində nüvə daşıyıcılarını hərəkətə gətirmək və s. kimi radikal addımlardır. Və ikinci variant isə Kremlin təhlükənin ciddi olduğunu qəbul etməsi, təhdid ritorikasının yumşaldılması və gərginliyin idarə olunmasıdır.
Rusiya siyasi dairələri hərbi gərginliyin artıq nəzarətdən çıxa biləcək həddə yaxınlaşdığını nəzərə almalı olacaqlar. Çünki prezident Donald Trampın sualtı qayıqları hərəkətə gətirməsi nüvə eskalasiyasında növbəti təhlükəli mərhələyə keçid anlamı daşıyır. Bu, prezident Vladimir Putinə ünvanlanmış strateji xəbərdarlıq mesajı olmaqla yanaşı, həm də, NATO-Ukrayna xəttində rəsmi Kiyevə uzunmüddətli dəstəyin siyasi təminatı deməkdir.
Əgər, Kreml Ağ Ev sahibinin radikal xəbərdarlıq mesajına hərbi təhdidlərlə cavab verməkdə davam edərsə, ABŞ və Rusiya arasında nüvə savaşı ilə bağlı risklər daha da arta bilər. Çünki prezident Donald Tramp açıq mətnlə bəyan edib ki, ABŞ Rusiya ilə nüvə müharibəsinə tamamilə hazırdır. Və bu, o deməkdir ki, Ağ Evdə Rusiyanın nüvə təhdidlərini artıq eşitmək istəmirlər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ