İnsanlara hürriyət, millətlərə istiqlal!

Humanizm qanmazlığı


Bakıdan ittihamlar konkretləşdikcə, hərbi cinayətlərdə suçlanan ermənilərin “müdafiəsi” güclənir

Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəmə prosesində bu həftə ittiham aktı elan olundu. İttiham aktına əsasən, elan edilib ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və ümumilikdə Azərbaycana  19 milyard manatdan artıq maddi ziyan vurulub. Sonra ayrı-ayrılıqda şəhər və rayonların işğalı zamanı vurulan ziyan açıqlanıb. Məsələn, Şuşaya Turşsu qəsəbəsi və 37 kənddə daxil olmaqla 391 milyon manatdan artıq maddi ziyan vurulub.

Daha sonra dövlət ittihamçısı  Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, habelə soyqırımı əlamətləri olmadan əhalinin bütövlükdə və ya qismən məhv edilməsi faktlarını da elan etməyə başlayıb.

Bakıdan ittihamlar konkretləşdikcə, hərbi cinayətlərdə suçlanan ermənilərin “müdafiəsi” güclənir. Böyük Kilikiya Evinin katolikosu I Aram  ABŞ prezidenti Donald Trampa məktub göndərərək, onu “Azərbaycanda qanunsuz saxlanılan erməni məhbusların azad edilməsi üçün təcili tədbirlər görməyə çağırıb”.  O, həmçinin ermənilərin “beynəlxalq təhlükəsizlik zəmanəti altında öz vətənlərinə qayıtmaq hüququnu vurğulayaraq, Trampı Dağlıq Qarabağla bağlı seçkiqabağı mövqeyini bir daha təsdiqləməyə” çağırıb.

I Arama görə, “məhbusların azad edilməsi və Dağlıq Qarabağ ermənilərinin hüquqlarının tanınması regionda ədalətli və davamlı sülhə doğru atılan ən mühüm addımdır”.

Yada salaq ki, ABŞ seçkilərindən əvvəl, 2024-cü il noyabrın 1-də  Tramp katolikos I Arama zəng edərək “Dağlıq Qarabağ ermənilərini dəstəklədiyini, onların təhlükəsizlik zəmanəti ilə geri qayıtmaq hüquqlarını təsdiqlədiyini və Azərbaycanın həyata keçirdiyi etnik təmizləməni pislədiyini” bildirib. İndi Trampın yadına “vədini salırlar”.

Son proseslərin birində Araik Arutyunyanın məhbuslara psixotrop dərman vurulması ilə bağlı deyilənləri təkzib etməsi, David Babayanın isə Bakıdakı saxlanma şəraitindən razı qalması da  erməni nəşrlərini “şübhəyə salıb”. Onlar hesab edirlər ki,  ermənilər təzyiq altında belə danışıblar. 

Bakının humanizmini ermənilər heç vaxt qiymətləndirə bilməzlər. İndiyədək  azərbaycanlıların İrəvanda və Xankəndində mühakimələrini yada salmaq kifayətdir. Onlara həbsdə hansı işgəncələr verildiyi haqda özləri sonradan dəhşətli hekayələr danışıblar. Məhkəmə prosesləri isə heç bir beynəlxalq konvensiyalara uyğun keçirilməyib, tərcüməçilər ya olmayıb, ya da peşəkar deyil, həvəskar səviyyədə tərcüməçi ilə təmin ediliblər. Formal keçirilən 3-4 prosesdən sonra “hökm oxunub”, həm də həmişə ən ağır cəza verilib. İndi Azərbaycanın humanizmi ermənilərə ağır gəlir, qanmırlar bu münasibəti. Gah “tərcümə xətasından” gileylənirlər, gah ittiham aktının tərcümə edilməməsindən.

Son prosesdən bir foto gördüm, Araik Arutyunyan telefonla ya tərcüməçisi, ya da vəkili ilə danışırdı, Qukasyan isə əlində planşetə oxşar nəyəsə baxırdı. Yadınıza salın, Xankəndində kəlbəcərlilərin-Dilqəm Əsgərovla Şahbaz Quliyevin mühakiməsini. Onları  məhkəmə zalına  gözlərini qara əski ilə bağlayıb gətirirdilər... 

Ermənilərin Bakıda mühakiməsi əlbəttə, müasir Azərbaycan tarixində ən mühüm hadisələr sırasında həmişəlik qalacaq. Onların bir çoxu haqda illərlə dırnaq işarəsində yazmışıq: ”prezident”, “xarici işlər naziri”, “müdafiə naziri”...İndi o “dırnaq” işarəsində yazdıqlarımızın boyaboy qalın şüşə arxasında  Azərbaycan gerbi və dövlət adından ittiham olunmasını görmək məmnunluğunu  yaşayırıq. Yaxın gələcəkdə bu məhkəmə  tarix dərsliklərində də mütləq əks olunacaq, çünki bu proses Azərbaycanda  1988-ci ildən başlamış  erməni cinayətlərinin və separatizminin tabutuna vurulmuş sonuncu mismarlardır. Bu məhkəmə həm də bütün erməni cinayətlərinə verilmiş hüquqi qiymət olacaq. 

Ermənilərin  məhkəməsinə xarici diqqətdən qətiyyən narahat olmamalıyıq. Bizim bu məhkəmə ilə bağlı dünyadan gizlədiləsi heç nəyimiz yoxdur, hər şey göz qarşısında baş verib. Bu cinayətlərindən  dünya da xəbərdar olub, amma ya susub, ya da görməzdən gəlib. Ona görə bu məhkəmə insanlığa qarşı baş vermiş ağır və silsilə  cinayət faktlarının yalnız hüquqi konstatasiyasıdır. 

 Məncə, bu məhkəmənin materiallarını-stenoqramlar da daxil olmaqla toplamaq və xüsusi saytda üç dildə( Azərbaycan, ingilis, erməni) yerləşdirmək də mütləqdir.

Nazim SABİROĞLU,

Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR