İnsanlara hürriyət, millətlərə istiqlal!

Hovuzda batan qanacaq

“Göyün yırtıq yeri düşdü başıma, 

Soyuq su qatdılar isti aşıma, 

Hər gün bir təzə dərd çıxdı qarşıma, 

Bir gecə yatmadım köhnə dərdlə mən"

(Bəxtiyar Vahabzadə)

“Atlant” istirahət mərkəzini yəqin Azərbaycanda tanımayan yoxdur. Nabran tərəflərdə, meşənin içində, bir neçə hovuzu, çoxlu sayda qonaq evləri, kartinq meydançası və sairə - uzun sözün qısası, kompakt yay istirahəti üçün hər şeyi olan bir yerdir. Uzun illərdir fəaliyyət göstərir, az qala ən məşhur turizm obyektlərimizdən biridir, hətta 5-6 il qabaq “Atlant”ı yaradan Qədəşova “Tərəqqi” medalı da verilmişdi. Məhz ölkəmizdə turizmin inkişafında göstərdiyi xidmətlərə-filana görə. 

İndi isə mətbuatda, saytlarda maraqlı xəbər yayılır, “Atlant”ın qədim Atlantida kimi batmaq üzrə olduğu söylənilir. Kefiniz çəkirsə, başqa mifoloji müqayisə də apara bilərəm, pulumuz və istirahət mərkəzimiz olmasa da miflərdən az-maz xəbərimiz vardır. Heraklın 12 qoçaqlığı haqda əfsanələrin birində Atlant göyü çiyinlərində saxlayan mifik titandır. Herakl onu azca əvəz edir, bu zaman göyün ağırlığından ayaqları torpağa girir. 

Bəs Qədəşovun torpağa batmaq üzrə olmasının günahkarı kimdir? Belə versiya yazırlar ki, onun kürəkəni millətdən çoxlu, haradasa 14 milyon manat alıb, guya ev tikib verəcəkmiş. Evlər yoxdur, kürəkən tutulub, lakin milyonların tək yeyilmədiyi qənaəti formalaşıbdır. 

Prinsipcə, mümkündür. Yeri gəlmişkən, odla oynadığı üçün Qaf(qaz) dağlarında qayaya pərçimlənən və ciyərini qartal yeyən Prometey müəllim Atlantın birbaşa qahımı idi - qərdeşi! Güman edirəm Qədəşov hazırda bu mifik paralellər ətrafında çox fikirləşir. 

Ancaq xeyri varmı? Yoxdur. Biz belə “inkişaf eləmiş” və gözü çıxan “qədəş”ləri müstəqillik tariximizdə azmı görmüşük? Bu saat oturub xatırla, təkcə isimlərindən kitab bağlamaq olar. Və bir çox hallarda bu batan gəmilərin kapitanları abordaj elədikləri daha kiçik gəmiləri yalnız özləri suyun dibinə gedəndə yada salmışlar. Axı kim olmasa da, biz azərbaycanlılar “Atlant”ın cah-cəlalının havayı yerə yaranmadığını anlayırdıq. Bizdə belə obyektləri adətən balaca obyektlərin sümükləri üzərində, adətən qeyri-qanuni üsullarla qururlar. 

Bir ingilis məsəlində deyilən kimi, qurbağanı öküz həddinə qədər şişirtsən, partlayar. Biz isə iqtisadiyyatımızda əsasən bu fəaliyyətlə məşğuluq. Nə qurbağa öz yerini bilib, nə öküz. Nəticədə hər ikisini kəsiblər. Bəlkə birindən firəng mətbəxi delikatesi, o birindən dana basdırması hazırlanıb, lakin mədə-bağırsaq sistemi üçün çox fərqi yoxdur, axırda təxminən eyni məhsul çıxır. 

Uca millətimizə bütün canlılar vacibdir, lazımdır. Qurbağa axşamlar quruldayır, xoş konsert verir, zərərli cücüləri həzmi-rabedən keçirir, öküz də nəyə gərəkdir, çox dərinə getmirəm. Ən azı, öküz olmayanda indiki kimi Hindistandan qoca camışlar almağa məcbur qalırıq. 

Nəsə, bu yersiz zooloji diskursu dayandırıram. Sizə nəql edim başqa “atlant”ımızdan. Eks nəqliyyat nazirinin qardaşı, eks-deputat Elton müəllimin ətrafında bir məhkəmə işi varmış. Sən demə Bakıda bir şirkət dövlət sifarişiylə tenderlər udurmuş, milyonlar qazanırmış, lakin pulların bir hissəsini Elton müəllimə verirmişlər. Görünməmiş hadisə! 

Bəli, indi o şirkətciyəzin müdirəsinə nəsə cəza kəsiblər, adam abrına qısılmaq yerinə... Elton müəllim kimi məsum insanı suçlayır! Vah-vah... Deyirlər sən nəqliyyat nazirinin qardaşı olmasan, bizə “krışalıq” eləməsən, bəs biz o boyda büdcə pullarını necə əmərdik?! Hıy?

Vallah, həm sual əladır, həm də onun qoyuluşu. Lap el bayatısı yada düşür: “Yaşıldır başın, ördək, Qaradır qaşın ördək, Oğurluğa cüt gedərdik, Hanı yoldaş(lığ)ın, ördək?!” Mən bunu havadan yazmıram e. Şirkətin müdirəsinin ismi Lyubovdur. Bəli. Eşq, məhəbbət. Büdcəyə sevgi, dövlətə vergi! Öz bamadurumuz... Allah Fərhad müəllimə rəhmət eləsin, o da vaxtında çox əziyyət çəkdi. 

Lap tutaq ki, Elton müəllim el adamı olaraq öz adını istifadə üçün sizə veribdir, bəs sizin qanacağınız harada idi? 

Böyük ehtimal qanacaq həmin vaxt Nabran tərəfdə üzürmüş. Konkret yerini araşdırırıq - əlaqədar orqanlarla birlikdə.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR