İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  

Müasir dövrümüzdə yeni çoxmərtəbəli binaların təqdimatında daha çox mənzillərin genişliyi, mükəmməl təhlükəsizlik sistemi, komfortlu olması reklam edilir. Sözsüz ki, müasir dövrün insanı üçün bu rahatlıq çox da təəccüblü deyil. Amma sovet dövründə belə rahat evləri yalnız xəyallarda canlandırmaq olardı. Söhbət sıravi sovet vətəndaşlarından gedir. Uzun illər kommunal mənzillərdə yaşayan, yaxud da ən yaxşı halda 30-40 kvadratmetlik mənzil alan sıravilərdən. SSRİ-nin siyasi elitası isə özlərini və ailə üzvlərini rahat yaşayışdan məhrum etməyiblər.

1918-ci ildə paytaxt Petroqraddan Moskvaya köçürüləndə dövlət məmurlarının bir qismi Kremldə məskunlaşıb, digərləri isə “Metropol” və “Natsional” mehmanxanalarında yaşayıblar. Bir neçə ildən sonra mehmanxanaların boşaldılaraq öz təyinatı üzrə fəaliyyət göstərməsi məsələsi qalxıb. Həmçinin Kremldə yaşayanların sayının azaldılması məsələsi də müzakirə olunub, qərara alınıb ki, Kremldə yalnız Stalin və onun ən yaxın silahdaşları qalmalıdır.

1635882016_14-na-dache-pro-p-dom-na-naberezhnoi-vnutri-kvartiri-foto-14.jpg (193 KB)

Məmurların mənzil təminatı məsələsini birdəfəlik həll etmək üçün Stalinin təklif və təşəbbüsü ilə Mərkəzi İcraiyyə Komitəsi Kreml yaxınlığında çoxmənzilli yaşayış kompleksinin tikilməsi ilə bağlı qərar qəbul edib.

1928-ci ildə Moskvanın tam mərkəzində, Moskva çayının Bersenovski sahilində, Serafimoviç 2 ünvanında yeni kompleksin inşasına başlanılıb. Layihənin müəllifi tanınmış memar Boris İofan olub. 505 mənzildən ibarət yaşayış kompleksi 1931-ci ildə istifadəyə verilib. Kompleksin ərazisi 3 hektardan artıq bir ərazini tutub. 8 korpus və 25 girişdən ibarət olan kompleks sakinlərə tam təmirli verilib. Həmçinin mənzillər bütün avadanlıqlarla, ev əşyaları ilə təmin olunub. Bununla yanaşı, kompleksdə mövcud dövr üçün əlçatmaz sayılan fasiləsiz elektrik enerjisi, isti və soyuq su, mərkəzi istilik sistemi, telefon və radio da olub.

Binadakı ən prestejli mənzillər pəncərələri Kremlə açılan 300 kvadratmetrlik 7 otaqlı mənzillər sayılıb. 1 otaqlı mənzillərin ölçüsü isə 40 kvadratmetr olub.

Kompleksdə yeməkxana, camaşırxana, uşaq bağçası, kinoteatr, əmanət kassası, idman zalı, mağazalar fəaliyyət göstərib. Bunlar yalnız kompleksin sakinləri üçün nəzərdə tutulub.
Kompleks sutkanın 24 saatı ərzində mühafizə olunub. Axşam saat 11-dən sonra mənzillərdə bayram və digər əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi ciddi şəkildə qadağan edilib. Kompleksdə yaşayanların evinə qonaq gələrkən sakinlərə bu haqda məlumat verilib, yalnız onların razılığından sonra içəri buraxılıblar. Gecə qalan qonaqların isə şəxsiyyəti müəyyənləşdirilib və qeydiyyatı aparılıb.
Maraqlı faktlardan biri odur ki, 25 girişi olan binanın 11-ci girişi bağlı olub. Sakinlərin söylədiklərinə görə, məhz bu girişin zirzəmisindən Kremlə yeraltı yol olub və bu girişdən digər bir məqsəd üçün də istifadə olunub, “NKVD” əməkdaşları bu girişdə olan mənzillərdə digər mənzillərdə yaşayanların danışıqlarını izləyiblər. Sonralar, 1960-cı illərdə 11-ci girişdə olan mənzillər 12-ci girişdə olan mənzillərlə birləşdirilib və daha böyük sahəli mənzillər yaranıb.

1635882086_53-na-dache-pro-p-dom-na-naberezhnoi-vnutri-kvartiri-foto-56.jpg (117 KB)

Kompleks həm də sakinləri ilə məşhur olub. Ayrı-ayrı dövrlərdə bu evdə 90-dan artıq nazir, Mərkəzi Komitənin katibləri, Siyasi Büronun üzvləri, 30 nəfər marşal və admiral yaşayıb. Marşallardan Jukov, Malinovski, Konev, Tuxaçevski, Voroşilov, Blyuxer, Baqramyan məhz bu binada qonşu olublar.
Bu kompleksdən Stalinin ailəsinə də iki mənzil düşüb, biri qızı Svetlana Alliluyevayaya, ikincisi isə oğlu Vasili Stalinə.

“NKVD”-nin şefi Lavrenti Beriya da kompleksdə mənzil sahibi olub. Stalin ona da ev verib. Amma Beriya həmin mənzildə az-az görünüb.

Nikita Xruşşov hakimiyyətə gələn kimi kompleksdə 300 kvadrat metrlik mənzilə sahib olub.
Kompleksin ən nümunəvi sakini isə Nazirlər Sovetinin sədri Aleksey Kosıgin sayılıb və o, sakinlərin yaddaşında mehriban qonşu kimi qalıb.

Dom-na-naberezhnoj-MD-2-625x475.jpg (90 KB)

Məhz bu cür kontingentə görə kompleks qeyri-rəsmi “Hökumət evi” statusunu alıb.
Moskva sakinləri bu elit kompleksdə yaşayanlara qibtə ediblər və özləri üçün nə vaxtsa belə mənzillərə sahib olacaqlarını əlçatmaz sayıblar. Amma bu sıravi insanlar sonradan öz arzularında yanıldıqlarını anlayıblar. Belə ki, qanlı repressiya illərində kompleksdə yaşayan 3 min nəfərdən 800-ü Stalinin qəzəbinə tuş gəlib, onlardan bir qismi güllələnib, digər qismi isə rahat mənzillərindən birbaşa sürgünə göndəriliblər.

Hazırda bu yaşayış kompleksi yenə də Moskvanın ən elit komplekslərindən biri sayılır və burada yenə də məşhurlar yaşayır, amma siyasilərdən daha çox mədəniyyət və incəsənət xadimləri bu məkanda məskən salıblar. Kompleksin bir hissəsi isə xarici şirkətlərə ofis kimi icarəyə verilib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR