İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın Bakıya vetosu yenə gündəmdə

Ötən ay Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması barədə qurumdan heç bir reaksiya olmadı. Yada salaq ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib. Bildirilib ki, bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb. Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb.

Onu da yada salaq ki, Pakistan anti-Azərbaycan ritorikasına cavab olaraq Ermənistan üçün eyni addımı atıb.

ŞƏT-in baş katibi Nurlan Yermekbayev isə son açıqlamasında bildirib ki, təşkilat Azərbaycanı tamhüquqlu üzv kimi görmək istəyir: “ŞƏT bütün ölkələrə açıq təşkilatdır. Biz fəaliyyətlərimizdə istənilən formada iştirak etmək istəyən bütün ölkələri üzv qəbul edirik. Hər hansı ölkənin üzvlüyə qəbul olunması barədə qərar isə konsensusla verilir. Bütün üzv dövlətlər razılıq verməlidir və bundan sonra prosedur başlayır. Hazırda bütün bu müraciətlər üzv ölkələr tərəfindən nəzərdən keçirilir. Mən təşkilatın icraedici orqanının rəhbəriyəm, əlbəttə, ölkələrin qərarını təsdiqləmək vəzifəmdir. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan təşkilata üzv ölkə statusu əldə edəcək”. Baş katibin açıqlaması da göstərir ki, Bakı üzv dövlətlərin razılığını almalıdır. Hindistanın Azərbaycana qərəzinin səbəbi bəllidir- Bakının Pakistana dəstəyi. Yəni Hindistan illərlə gözləsə də, Azərbaycan bu məsələdə mövqeyini dəyişməyəcək. Növbəti 26-cı sammitin yeri haqda dəqiq bilgi yoxdur, amma belə görünür ki, Bakının da ŞƏT-ə üzvlüklə bağlı nikbinliyinə indilikdə əsas yoxdur...

Azər Badamov: Azərbaycan Ordusu ilkə imza ataraq müasir dünya tarixində  yeni bir qəhrəmanlıq səhifəsi yazıb - AZƏRTAC

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a dedi ki, ŞƏT-ə üzv ölkələrlə Azərbaycanın yaxın əməkdaşlığı mövcuddur: “Azərbaycan qarşılıqlı hörmət və fayda əsasında bütün beynəlxalq təşkilatlarda təmsil olunmağını dəstəkləyir. O cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının tam hüquqlu üzv olmaq niyyəti ilə Çində keçirilən 26-cı sammitdə iştirak edirdi. Əslində Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan ölkələrlə Azərbaycanın ikitərəfli əməkdaşlığı mövcuddur. Bu baxımdan təşkilata üzvlüyümüzün bloklanması gözlənilən deyildi. Amma təəssüf ki, ŞƏT iqtisadi təşkilat olmasına baxmayaraq, burada da siyasi maraqlar önə çəkildi və Hindistan üzvlüyümüzü blokladı. Təbii ki, Hindistanın veto hüququndan istifadə edərək Azərbaycanı bloklamasının arxasında hansı ölkənin dayanması maraqlıdır. Bunu təşkilatda təmsil olunan bütün üzvlər bilirlər. Azərbaycanın üzvlüyünə blok qoyulması təkcə Azərbaycan üçün yox, həm də ŞƏT-ə üzv ölkələrin maraqlarına da uyğun deyil. Çünki etiraf etməliyik ki, Azərbaycan üçün ŞƏT-ə üzvlük lazım olandan daha çox ŞƏT-ə Azərbaycanın üzvlüyü vacibdir. Azərbaycan Asiyadan Avropaya qədər böyük bir coğrafiyada Orta dəhliz vasitəsilə yeni əməkdaşlıq imkanlarını formalaşdırıb. Bu baxımdan Azərbaycanın ŞƏT-ə üzvlüyünə mane olması həmin ölkənin və ölkələrin digər ölkələrin maraqlarına qarşı getməsi deməkdir. Azərbaycan özünün iqtisadi əlaqələrini əməkdaşlıq təşkilatlarında olub-olmamasından asılı olmayaraq genişləndirir”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Siyasi təhlilçi Sona Əliyeva Azərbaycanın bütün maneələri aşaraq, ŞƏT-ə üzv qəbul olunacağını düşünür: “Təxminən dörd həftə öncə Şanxay Əməkdaşlıq Təşkilatının Çində baş tutan toplantısında Azərbaycanın bu quruma üzvlüyünün bloklanmasının arxasında birbaşa Kremlin barmağı var. Hindistan ŞƏT-lə bağlı məsələlərdə müstəqil addımlar atmaq iqtidarında olan ölkə deyil. Bu və ya digər hallarda ya Çinin, ya da Rusiyanın ağzına baxır. Bu baxımdan, Rusiya Azərbaycandan son beş ilin "intiqamını" almaq istəyir. Ona görə də Rusiya birbaşa deyil, Hindistanın əli ilə Azərbaycanın ŞƏT-də önünü kəsdi. Fikrimcə, burada itirən tərəf şübhəsiz ki, Şanxay Əməkdaşlıq Təşkilatı olacaq. Azərbaycan onsuz da özünün uzunömürlü “Yol xəritəsinə” uyğun olaraq iqtisadi addımları davamlı və stabil olaraq atmaqdadır. Azərbaycan son beş ildə sürətli inkişaf yolu götürüb. Qlobal layihələrə ev sahibliyi və donorluq etməklə bütün dünyanın diqqətindədir. Dünyanın aparıcı ölkələrinin dövlət başçıları Azərbaycan Prezidenti ilə görüşmək üçün sıraya, növbəyə düzülürlər. Rusiya-Ukrayna savaşı fonunda bütün beynəlxalq iqtisadi təntənələrdən, layihələrdən uzaq qalan Kreml öz enerji hegemonluğunu və moderatorluğunu Bakıya verdiyi üçün nəinki təəssüflənir, hətta dişlərini qıcayır.

Təbii ki, bütün bunlar əbəsdir. Rusiya iqtisadiyyatı bu gün alternativ marşrutlar axtarır ki, sanksiyalar burulğanında batan gəmisini manevrlər edərək sahilə çıxara bilsin. Amma bütün cəhdləri boşa çıxır. Bir sözlə, Rusiya Azərbaycanı hədəf almaqla özünü Zəngəzur dəhlizinin və “Bir kəmər, bir yol”un imkanlarından məhrum edir. Gec-tez Moskva Bakıya qarşı sərtliyinin ağır nəticələri ilə üzləşəcək. Digər tərəfdən, üzvlüyə yox deyilsə də, Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT-lə əlaqələri genişlənir.

Şanxay Əməkdaşlıq Təşkilatı ailəsindəki ölkələrin Çinin “Bir kəmər, bir yol” strategiyasının əhatə dairəsində olması rəsmi Pekinin bu dövlətlərlə əməkdaşlığa marağını daha da artırıb. Bu kontekstdə Çin-Azərbaycan əlaqələrinin potensialı daha ümidvericidir. Tarixən mühüm ticarət yollarının üzərində yerləşən Azərbaycan müasir dövrdə də özünün iqtisadi potensialı, eləcə də nəqliyyat-logistika, tranzit imkanları ilə Avrasiya regionunda əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin Azərbaycanın yerləşdiyi coğrafi mövqeyindən və iqtisadi imkanlarından səmərəli istifadə olunmaqla, beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin yaradılması istiqamətində illər əvvəl qəbul etdiyi düşünülmüş qərarlar bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan özünün nəqliyyat-logistika potensialını inkişaf etdirərək Avrasiyada yeni, alternativ dəhlizlərin yaradılmasına öz töhfəsini verib. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin genişləndirilməsi istiqamətində görülmüş işlər Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımalardakı mövqeyini möhkəmləndirir. Rusiya və Hindistan kimi iqtisadi təfəkkürdən yoxsul dövlətlər bu nüansları da həzm edə bilmirlər. Düşünürəm ki, qısa zamanda Azərbaycan bütün maneələri aşaraq ŞƏT-ə üzv qəbul olunacaq və belə bir təkliflə elə Hindistan və Rusiya çıxış edəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR