İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Pakistana qarşı bunu da etdi  - cavab gecikmədi: gərginlik daha da yüksəldi

Hindistan-Pakistan münasibətləri yenidən kəskinləşdi: Ticarət və diplomatik əlaqələr dayandırıldı

Musavat.com xəbər verir ki, aprel ayının sonlarında Hindistanın Cammu və Kəşmir bölgəsində baş vermiş qanlı terror hücumu regionda təhlükəsizlik vəziyyətini yenidən gərginləşdirib. Həmin hücumda bir neçə hindistanlı turistin həyatını itirməsi və Hindistan tərəfinin bu hadisədə məsuliyyəti dolayısıyla Pakistana yönəltməsi, iki nüvə silahına sahib qonşu ölkə arasında münasibətləri növbəti dəfə kəskinləşdirib.

Hindistan tərəfindən gərginliyi daha da artıran ard -arda addımların növbətisi atılıb.

Belə ki, artıq dünəndən Hindistan hökuməti Pakistanla bağlı bir sıra yeni sərt addımlar atıb:

• Pakistan mənşəli və ya bu ölkə üzərindən keçən bütün malların idxalına qadağa qoyulub;
• Pakistan bayrağı altında üzən gəmilərin Hindistan limanlarına daxil olmasına icazə verilməyib.

Rəsmi İslamabad isə cavab olaraq aşağıdakı tədbirləri həyata keçirdiyini bəyan edib:

• Hindistanla bütün quru sərhəd ticarətini dayandırıb;
• Ölkə hava məkanını Hindistan aviaşirkətlərinə bağlayıb;
• Hindistan diplomatlarını ölkədən çıxarıb.

Bu qarşılıqlı qərarlar iki ölkə arasında siyasi, iqtisadi və diplomatik əlaqələrin faktiki olaraq dondurulmasına səbəb olub.

Azərbaycan üçün Pakistan xüsusi və dost ölkədir. İki dövlət arasında strateji müttəfiqlik səviyyəsində əməkdaşlıq, Qarabağ məsələsində birmənalı və prinsipial dəstək, o cümlədən beynəlxalq platformalarda qarşılıqlı diplomatik tərəfdaşlıq mövcuddur. Bu baxımdan, Pakistanın regional sabitliyə sadiq mövqeyi, öz ərazi bütövlüyünü və milli təhlükəsizliyini qoruma cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən anlayışla qarşılanır.

Əlbəttə, Azərbaycan bütün münaqişələrin sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarıdır. Lakin eyni zamanda, terrorizmə qarşı mübarizə adı altında bölgədəki geosiyasi maraqlara yönəlik təzyiqlərin də qeyri-bərabər yanaşmaya səbəb olmaması vacibdir.

İki ölkə arasında baş verənlər göstərir ki, Kəşmir problemi hələ də həll olunmayıb və istənilən anda yenidən münaqişəyə çevrilə bilər. Hər iki ölkənin nüvə silahına sahib olması isə bu qarşıdurmanı daha da təhlükəli edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR