Onlayn ictimai-siyasi qəzet
Bu yaxında Hesablama Palatası “Təmiz Şəhər” ASC-yə istinadla belə bir maraqlı rəqəm açıqlamışdı: Bakı şəhərində məişət tullantılarının 58 faizə yaxını hara gedir, məlum deyildir.
El dilində yazsaq, paytaxtımızın zibilinin 42 faizi zibil emalı zavodlarına yox, harasa əsrarəngiz yerlərə atılırmış. İdarə həmin yerləri tapa bilməmişdi. Ancaq mən müəyyən ip ucu verərəm: həmin zir-zibilin bəziləri bu gün öz ana dilinə, öz vətəninə, öz xalqına yuxarıdan aşağı baxan, ona nifrət edənlərdir. Böyük yazıçı Çingiz Aytmatov demişkən, manqurtlar.
Bəs bu manqurtları yığışdırmaq lazımdırmı? Yəqin ki, yox. Hər halda yuxarıdan instruksiya gəlməlidir. Hələlik belə planlar yoxdur. Olarsa, inşallah, maşallah, əlhəmdüllah - bu cür işləri də yaxşı bacarırıq. Məsələn, keçən əsrin 30-larında Azərbaycanda bəzi şəxsləri... Yaponiyaya casusluq etmək ittihamıyla gedər-gəlməzə yola salmışdılar.
Yaponiya yazdım ağlıma gəldi, bir də mənə gülməli gələn odur ki, son dövr manqurtlarımız rəsmi trendləri səhv müəyyən edirlər. Biz əslində indi nə Anadolu türkcəsini, nə urus dilini öyrənməliyik, yolumuz Çinə doğrudur! Təklif edirəm Bakıda çindilli huehiao-lar açılsın.
Bəli, düz anladınız, huehiao çin dilində məktəb deməkdir. Uşkol, okul, mədrəsə yani. Məktəb direktoruna da hiaozhang deyilir. “Huehiaomuzun hiaozhangı Bibixanım laoşi hueşenglərə çox gözəl ke keçir”. Gördüyünüz kimi, o qədər çətin deyil. Yavaş-yavaş öyrənəcəyik. Moskva... tfu, əlim çaşdı, Çin səddi bir günə tikilməyibdir ki?
Rəhmətlik Elçibəyin bir sözü var idi, hansısa kadrını tənqid eləyəndə deyirdi ki, nə edim, gedib sizin üçün İsveçrədən millət gətirməyəcəm. Amma ola bilsin gələcəkdə bizə lazım oldu. Məsələn, Orta Doğuda belə neft krallıqları var, əhalisinin müəyyən hissəsi hindistanlı, banqladeşli, pakistanlılar-filandır. Başlarını aşağı salıb işlərini görürlər, heç vaxt boş-boş mövzularda da laqqırtı eləmirlər. Yaşamaq yanmaqdır, şair demişkən.
Şair yazdım yadıma düşdü, 1990-cı ildə, “20 yanvar” hadisəsindən sonra şair Hüseyn Arifə xəbər verirlər ki, camaat Mərkəzi Komitənin qabağında partbiletlərini yandırır, Bəxtiyar Vahabzadə də öndə gedir, sən də tərpən, şair deyir: “Əşşi, Bəxtiyar müəllim yandıra bilər, onun evdə üç dənə partbileti var”.
Fürsətdən istifadə edərək Bəxtiyar müəllimin qarşıdan gələn 100 illiyinə də hazır olmalıyıq.
Bəli, çalışmaq lazımdır evdə partbilet çox olsun. Nə qədər çox partbiletin olsa, o qədər adamsan. Bunu “Mumiya” filmində yaxşı təsvir ediblər - doğrudur, medalyon şəklində. Hətta ən düzgün üsul odur ki, hər partbiletin üç surətini saxlayasan.
Mövzuya top vurmaq çıxmasın (guya müəllif mövzunun nə olduğunu bilirmiş), təzəlikcə bu kimi istiqamətlərdə ən düzgün qərarlardan birini futbol federasiyamız - AFFA verdi. Əslində idman sahəmizdə həmişə düzgün qərarlar verilir, axırıncı karateçiyə də vəzifə verildi, bir daha göstərdik ki, ağlamayana məmə, şpaqat açmayana pəpə yoxdur. Nə isə, AFFA qərar verdi ki, indən belə milli çempionatımızda legioner limiti ləğv olunsun.
Çox əla qərardır. Daha Azərbaycanın palçıqlı, kir-pasaqlı kəndlərini dolaşıb qaraqura azərbaycanlı uşaqları toplamaq və onlara top qovmağı öyrətməyə heç bir ehtiyac qalmır. Pulu verirsən, xaricdən oyunçu alırsan, oynayırlar. Vəssalam. Bu da olur ölkəmizdə milli idmanın inkişafı. Xalqa nə lazımdır?
Üstəlik, dünya təcrübəsi də aşağı-yuxarı bu istiqamətdə gedir. Bu yaxında “Liverpul”un meydana çıxardığı komandada nəinki bircə damazlıq ingilis yox idi, hətta 11 nəfərin hamısı xaricdə doğulmuşdu. Obyektiv olmalıyıq.
Mövzü bitdi, hələlik. Daha dəqiqi, tszay tszyan.
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ