İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyatına 3 dəfə qəsd olunan azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi - FOTO

Musavat.com xəbər verir ki, Rusiyanın Ulyanovsk vilayətində yaşayan tanınmış azərbaycanlı diaspor rəhbəri və iş adamı İslam Hüseynov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərarı ilə vətəndaşlıqdan məhrum edilib.

Jurnalist Darya Kosarinovanın məlumatına görə, FSB-nin 14 oktyabr tarixli qərarı ilə İslam Hüseynovun Rusiya pasportu ləğv olunub və onun ölkəyə girişinə qadağa qoyulub. Qərarın səbəbləri barədə rəsmi açıqlama verilməsə də, məlumat artıq regionun Daxili İşlər İdarəsində və yerli administrasiyada təsdiqlənib. Məlumata əsasən, Hüseynov yaxın günlərdə deportasiya ediləcək.

Hadisə Moskva–Bakı münasibətlərində son aylarda müşahidə olunan gərgin fonunda baş verir. 9 oktyabrda Düşənbədə baş tutan Putin–Əliyev görüşündən sonra dialoq mülayimləşsə də, Rusiyanın Azərbaycan diaspor nümayəndələrinə qarşı təzyiq və dağıdıcı addımları davam edir.

İslam Hüseynov 1990-cı illərin əvvəllərindən Ulyanovskda yaşayırdı. Gəncə şəhərində anadan olan Hüseynov 2000-ci illərdə Ulyanovsk vilayəti Azərbaycan Konqresinin rəhbəri seçilmiş, həmin dövrdə təşkilatın 40 minə yaxın üzvü var idi. O, mərhum prezident Heydər Əliyevin şərəfinə “Zasvyajye” rayonunda abidənin və eyniadlı meydanın inşasına rəhbərlik etmiş, uzun illər ərzində vilayətdə xeyriyyəçilik və mədəniyyət layihələrinə dəstək vermişdi.

İş adamı həmçinin regionun Miqrasiya Xidməti yanında İctimai Məsləhət Şurasına, eləcə də qubernator Aleksey Rusxixin yanında fəaliyyət göstərən Millətlər Şurasına daxil idi və bir müddət onun müşaviri kimi çalışmışdı.

Rus mediası yazır ki, İslam Hüseynovun bioqrafiyasında çətin və təhlükəli məqamlar da olub – 2012-ci ildə onun həyatına edilən üçüncü sui-qəsd cəhdi zamanı şəxsi mühafizəçisi qətlə yetirilmiş, Hüseynov isə başından yaralanmışdı.

Ulyanovsk ictimaiyyəti və diaspor üzvləri qərarı “haqsız və siyasi motivli” adlandırıb. Onlar bildirirlər ki, Hüseynov uzun illər Rusiyada Azərbaycan icmasının nüfuzlu simalarından biri olub və xalqlar arasında dostluğun möhkəmlənməsi üçün böyük xidmətlər göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR