İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hərəmiz 9-10 min qazanırdıq” - Bakıda kazino təşkil edənlərin işinin TƏFƏRRÜATI

Bakıda qanunsuz mərc oyunları təşkil edən şəxslər həbs olunublar. Onlar əvvəl hosteldə, sonra isə kirayələdikləri evdə gizli olaraq fəaliyyət göstəriblər.

Musavat.com xəbər verir ki, 37 yaşlı Əhəd və 21 yaşlı Sulduz qumar oyunlarının təşkilində təqsirli bilinərək məsuliyyətə cəlb ediliblər.

İstintaqla müəyyən edilib ki, onlar internet vasitəsi ilə qumar oyunları təşkil ediblər. 2022-ci ildən etibarən ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb onlardan “Fastloto.com” və “Chcplay.net” internet saytında təşkil edilmiş qanunsuz idman və loto oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alıblar.

Sonra öz adlarına həmin saytlarda istifadəçi hesabları yaradıblar. “Instagram”da “İnam.kazino.777” və “777.kazino.777” adlı səhifələr yaradaraq orada qanunsuz təşkil etdikləri qumar oyunlarının reklamını yerləşdiriblər.

“Fastloto.com” və “Chcplay.net” internet saytlarında öz istifadəçi hesabında olan kodları qumar oynamaq istəyən şəxslərə minimum 5 manata satmaqla qanunsuz mərc oyunları təşkil ediblər.

Onlar əvvəlcə Bakıdakı hostellərdən birində otaq kirayələyərək birlikdə çalışıblar. Sonra isə kirayə mənzil tutaraq fəaliyyətlərini orada davam etdiriblər. Bir müddət sonra aralarında pula görə narazılıqlar yaranıb və ayrılıblar.

Təqsirləndirilən Əhəd ifadəsində deyib ki, əvvəllər müxtəlif onlayn kazino oyunları oynayıb. Sonradan həmin oyunların necə təşkil edilməsi ilə maraqlanıb və özü də oyunları təşkil etmək qərarına gəlib:

“Sulduza da bu barədə dedim. Ona hər işi özümün həll edəcəyimi söylədim. Sulduz sadəcə kodları satacaqdı. Bu barədə heç kimə məlumat verməməyi tapşırdım.

Əvvəlcə “Chcgreen.net” saytına daxil olaraq tanımadığım Ukrayna vətəndaşına 1000 manat pul ödənişi etməklə onlayn qumar təşkil etmək məqsədi ilə ondan “ana kassa” aldım. Həmin kassada 3 min manatlıq kod var idi. Həmin kassanı qeyd edilən saytda şəxsi kabinet yaratdım. Kodları istəyən şəxslərə satırdıq. “Instagram”da “777.kazino.777” və “İnam.kazino.777” adlı səhifələri yaratdıq, reklamlar paylaşdıq. Əlaqə hissəsinə Rusiya nömrəsi yazmışdıq. Vatsapda yazan şəxslərə Sulduz cavab verirdi. Oynayan şəxs udarsa, ona kartdan pulu göndərirdik. Uduzanda pul bizə qalırdı. Gəliri yarı bölürdük”.

Əhədin sözlərinə görə, işlədikləri müddətdə hərəsi 9-10 min manat pul qazanıb.

Sulduz da eyni məzmunlu ifadə verib. Lakin özünü təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə hər iki şəxsi törətdikləri əmələ görə günahkar bilib. Məhkəmənin hökmü ilə hər iki şəxs barəsində həbs qərarı çıxarılıb və məhkəmə zalında həbs ediliblər. Onların hər biri 2 il azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR