Onlayn ictimai-siyasi qəzet
“Ermənistan 2024-cü ildə sülhdən yayındı. Baxmayaraq ki, Azərbaycanın təklifləri və ikitərəfli sülh müqaviləsinin bəndləri razılaşdırılıb. Əgər Ermənistan sülh müqaviləsinin 17 bəndinə razılaşıb, 15-nə əməl edibsə, niyə ikisinə praktiki əməl etmir?”
Bunu Musavat.com-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.
Ekspert deyib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməli, Minsk qrupunun buraxılmasına dair bəyanat verməli, sərhəddə Avropa İttifaqının yarımhərbi mülki missiyasının mandatını uzatmamalıdır:
“Amma Ermənistan bu təkliflərə əmək etmir. Sadəcə təklif edir ki, dəmir yolu xəttini açaq. Bu, manipulyasiyadır. Hüquqi baza yaradılmalı və sülh olmalıdır ki, kommunikasiya xətləri açılsın”.
Siyasi şərhçi bildirib ki, Ermənistan bir tərəfdən Fransa vasitəsilə silahlanır, ordusunun tərkibində “Yerkrapa” kimi faşist ideologiyalı terror təşkilatını Azərbaycanla şərti sərhəddə yerləşdirir:
“Onlar da Azərbaycana qarşı təxribatlara əl atır. Ermənistan hakimiyyəti bunu qəsdən edir. Guya Ermənistan ordusu burada məsuliyyət daşımır. Ermənistan rəhbərliyi atəşkəsin pozulmasına görə məsuliyyət daşıyır. Bunu edirsə, əlavə hücum bunkerləri qurursa, demək Ermənistan sülhdə maraqlı deyil. Ermənistan Azərbaycanla şərti sərhəddə faşist “Yerkrapa” və VOMA terror təşkilatının silahlı qruplarını postdan yığışdırmalı və ləğv etməlidir! Biz erməni rəhbərliyinin siyasətində əsasən silahlanmanı görürük”.
M.Əsədullazadə dövlət başçımızın son xəbərdarlıqlarına da diqqət çəkib:
“Cənab Prezident İlham Əliyev Ermənistana ciddi xəbərdarlıq etdi. Nikol Paşinyan bundan nəticə çıxarmalıdır. Fransa sülhün əldə edilməsində maraqlı deyil. Rusiyaya gəldikdə, Kreml də istəyir ki, müharibə olsun. Moskvanın istəyidir ki, Azərbaycan yeni əraziləri nəzarət altına alsın və nəticədə Paşinyan devrilsin, beləliklə, Rusiya öz adamlarını hakimiyyətə gətirsin. Bu mənada Rusiya da sülhdə maraqlı deyil.
Azərbaycan prosesləri izləyir. Bu il də sülh olmasa, demək hərbi eskalasiya mümkün görünür”.
Elşad,
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ