İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəsi həyəcanlandıran oyuna saatlar qaldı - “Qarabağ” üçün “Ferentsvaroş” aşırımı   

Bu gün, 27 avqust 2025-ci il tarixində, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu keçiriləcək.  Azərbaycanın “Qarabağ” klubu, Macarıstanın “Ferentsvaroş” komandasını Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.  Matç yerli vaxtla saat 21:45-də başlayacaq.  

İlk görüş 19 avqustda Budapeştdə keçirilib və “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib.  Bu nəticə, Ağdam təmsilçisinə cavab oyunu üçün əhəmiyyətli bir üstünlük qazandırıb.

İdman şərhçisi Natiq Muxtarlı bu barədə Musavat.com-a açıqlamasında bildirib ki, bu bəlkə də, “Qarabağ”ın tarixində ən çətin qarşılaşmadır:

“Baxmayaraq ki, səfərdə 3:1 hesablı sanballı qələbə qazanılıb. Ancaq bu qələbə rəqibin zəif olması anlamına gəlmir. Bu mərhələdə zəif rəqib olmur. Sadəcə az səhv edən, şanslardan maksimum yararlanan komanda qalib gəlir ki, ilk oyunda bunu “Qarabağ” bacardı.

“Ferentsvaroş”u təhlükəli edən ikinci məqam: İtiriləsi heç nələri qalmayıb. Deməli, meydanda ikiqat əzmlə oynayacaqlar, aqressiv olacaqlar.

Rəqibin heyətində usta oyunçular var. O futbolçular heç nədən qol vurmağı bacarırlar. Elə ilk oyunda vurulan qol da “heç nədən” yaradıldı.

“Qarabağ” bir an da olsun boşluğa yol verməməlidir. İntizamlı oyun rəqibin əl-qolunu bağlayacaq əsas amil olmalıdır. Böyük ehtimalla, məşqçilər korpusu futbolçularla bu yöndə ciddi söhbət aparıblar.

“Qarabağ”ın müsbət tərəfi odur ki, böyük hesablı qələbə olanda da, rəqibə etinasız yanaşmır.

Bu gün “Qarabağ”ın ənənəvi oyun sistemindən imtina edəcəyini gözləmirəm. Rəqib isə yəqin ki, güclü pressinqə üstünlük verəcək topu əldə etmək üçün. Üstəlik, hücuma atılmağa da məcburdurlar. Bu da o anlama gəlir ki, meydanda boş sahələr buraxacaqlar. “Qarabağ” üçün əla fürsət olacaq bu. Qol şansları mütləq olacaq. Onlardan maksimum yararlanmaq lazımdır ki, rəqibi təslim olmağa vadar edəsən. Bütün hallarda, “Qarabağ” avantüraya yol verməməli, səbirli davranmalı, topu özündə saxlamalı və “Ferentsvaroş”un əsəbləri ilə oynamalıdır. Belə olsa, rəqibin emosiyaları tab gətirməyəcək, nizamı pozulacaq”.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR