Onlayn ictimai-siyasi qəzet
Bir neçə vaxt əvvəl İnstaqram sosial şəbəkəsinin rəhbəri Adam Mosseri “Meta” şirkətinin reklam məqsədilə istifadəçilərin smartfonlarını dinləməsi barədə uzun müddətdir yayılan məlumatlara münasibət bildirib. O qeyd edib ki, şirkətin istifadəçilərin instaqramdan istifadəsi zamanı mikrofonu avtomatik işə salaraq onların danışdıqlarını dinləməsini təkzib edib:
“Telefonlarınızı dinləmirik. Bunu etsəydik, o zaman ekranın yuxarı hissəsində mikrofonun hazırda açıq olduğunun işarəsini görərdiniz. Eyni zamanda, bu sizin cihazınızın enerjisinə də təsir edərdi”. Mosseri bildirib ki, instaqramda istifadəçilərin qarşısına daha əvvəl barəsində danışdıqları məhsulların reklamlarının çıxması reklamçıların şirkətə verdiyi məlumatlar, eləcə də istifadəçilərin davranışını təhlil edən alqoritm sayəsində baş verir.
Telefon danışıqlarının dinlənildiyi şübhəsi ilə istifadə etdiyimiz smartfonlar, doğrudanmı dinlənilir?
Mövzu ilə bağlı kibertəhlükəsizlik üzrə mütəxəssis Əli Sabirli Referans-a bildirib ki, bütün telefonlar avtomatik olaraq dinlənilmir. Amma müəyyən məqamlar və texnikalar var ki, telefonunuzun danışığına, mesajlarına və ya mikrofonuna icazəsiz daxil olmaq mümkündür. Dünya təcrübəsində bir çox ölkələrdə polis və təhlükəsizlik xidmətləri məhkəmə qərarı ilə mobil operatorlar vasitəsilə zənglərin və SMS-lərin məzmununu əldə edə bilərlər. Bu qanun və prosedurlar ölkədən-ölkəyə fərqlidir.
Ekspert hesab edir ki, bəzi tətbiq vasitələri ilə səslərin toplanması mümkündür. Bəzi tətbiqlərə icazə verilməsi buna səbəb ola bilər. Telefon danışıqlarını əsasən dövlət və hüquq‑mühafizə orqanları dinləyə bilər. Bundan başqa sizin telefon danışığınızı mobil operator və onların tədarükçüləri də dinləmək imkanına malikdir. Bu riskləri nəzərə alaraq şübhəli linklərə klik etməmək lazımdır. Əgər sizə qarşı konkret düşünürsünüzsə, informasiya təhlükəsizliyi üzrə mütəxəssislə və ya hüquq‑müdafiə orqanları ilə əlaqə saxlayın.
"Əgər siz jurnalistsiniz, siyasətçisiniz insan haqları müdafiəçisisiniz və ya kimsə xüsusi maraq obyektisinizsə o zaman bu mövzuda riskiniz daha yüksək ola bilər. Lakin ümumilikdə “hər kəsin telefonu dinlənilir” fikri yalnışdır. Bununla belə telefonun dinlənilməsi riski hər zaman mövcuddur", - deyə ekspert əlavə edib.
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ