İnsanlara hürriyət, millətlərə istiqlal!

Helikopter qəzası ilə bağlı yeni istintaq

Mərhum baş prokuror İsmət Qayıbovun oğlu cinayət işinin yenidən açılmasını istəyir; ekspert: “Həbsdə olan Bako Saakyan və digərləri bu hadisələrlə bağlı hansısa məlumatlara sahib ola bilərlər”

Noyabrın 20-də 32 ili tamam olan Qarakənd faciəsi Azərbaycanın qaranlıq hadisələrindən biridir. Bu gün həmin hadisə barədə bəzi məqamlar aydınlaşsa da, cinayətin təfərrüatları hələ də bilinmir. Ancaq hər kəs tərəfindən bilinən bir həqiqət var ki, bu hadisə güclü dövlət olmaq, düşmənə qarşı amansız mübarizə aparmaq istəyənlərə qarşı bilərək həyata keçirilən planlı təxribat idi.

...1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Bakıya zəng edir və bildirir ki, Qarabağda mübahisələrin və qarşıdurmaların artması ilə əlaqədar həmin bölgədə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilsin. Bu qərardan sonra iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib olunur. Nümayəndələr ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalı idi. Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun iştirakını xüsusilə xahiş edir. İlk siyahı Tofiq İsmayılovun rəhbərliyi ilə müzakirə edilir. Deputat Vaqif Cəfərov və Vəli Məmmədov siyahıdan çıxarılır. Onların yerinə güc nazirliklərinin, qoşun birləşmələrinin rütbəli məmurları salınır. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi isə qüvvədə qalır. Ancaq 1991-ci il noyabrın 19-da - uçuşun həyata keçirilməsinə bir neçə saat qalmış, gecəyarı siyahı təzələnir. Viktor Polyaniçkonun və güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. SSRİ Ali Sovetinin deputatı Vaqif Cəfərovun və Vəli Məmmədovun adı siyahıya yenidən salınır.

1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki helikopterin 69 və 72 nömrəli yanacaq bakları doldurulub. Mİ-8 N69 helikopteri Mİ-8 N72 müşayiət etməli idi. Amma ikinci helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxıb. Saat 14:05-də Mİ-8 N72 helikopterin rabitə əlaqələri kəsilib.

Faciə haqqında ilkin məlumat təqribən altı saatdan sonra verilib. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb, lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan xəbərlər bölümündə, saat 15:30-da yayımlanıb. Həmin gün İrəvan radiosu saat 16:15-də həmin xəbəri “qəza” kimi yayımlayıb.  Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu faciə ilə bağlı xəbəri açıqlayıb.

Qəza nəticəsində helikopterdə olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın o zamankı daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, eyni zamanda Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub. İlkin olaraq Azərbaycan tərəfinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edilib.  Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi başlanıb və istintaq davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib.

Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması göstərilib. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb. İddialara görə, istintaq üçün vacib materiallar da müəmmalı şəkildə itib.

“Ümid edirəm ki, Qarakənd faciəsi ilə bağlı cinayət işi yenidən araşdırılar, haqq-ədalət öz yerini tapar”. Bunu “Report”a açıqlamasında mərhum baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov deyib: “Artıq torpaqlarımız işğaldan azad olunub, ümid edirəm ki, bu cinayət işi də yenidən açılar, haqq-ədalət öz yerini tapar”.

“20 noyabr-Qarakənd faciəsi Azərbaycan dövlətçiliyinə qarşı törədilən bir sui-qəsd idi”. Bu açıqlamanı isə İnformator.az-a tarixçi alim Rizvan Hüseynov bildirib. Tarixçinin sözlərinə görə, faciə törədilən helikopterdə Azərbaycan hökumətinin üzvləri, erməni millətçiliyi ilə mübarizə aparan məmurlarımız yer alırdı. “Bu qanlı faciə Azərbaycan dövlətçiliyinə qarşı baş tutan bir terror idi”.

Rizvan Hüseynov: "İnformasiya müharibəsi real müharibədən daha təhlükəli və  effektivdir" Sitat.info

Rizvan Hüseynov

Rizvan Hüseynovun sözlərinə görə, Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli üçün helikopter ilk növbədə Xankəndinə uçmalı idi: “Burada Ermənistan nümayəndələri ilə görüş keçiriləcəkdi. Rusiya və Qazaxıstan isə öz növbəsində vasitəçi rolu oynayaraq, qanlı münaqişəyə keçidin qarşısını almalı idi. Amma bu zaman bəzi dəyişikliklər nəticəsində helikopter Bakıdan Qarabağa yollanaraq, ilk öncə Ağdama eniş etdi, bir sıra görüşlər keçirildi”. Tarixçi alimin sözlərinə görə,  Ağdamda olan zaman bir qrup Xocavənd sakini yaxınlaşaraq deyib ki, azərbaycanlılar yaşayan kəndlərdə və şəhərin özündə onları qovmağa başlayıblar:  “Gələn nümayəndələr xahiş ediblər ki, bunun  qarşısını alsınlar. Nəticədə qərar qəbul olunub ki, helikopter Ağdamdan Xankəndinə yox, Xocavəndə uçmalıdır”.

Tarixçi qeyd edir ki, Xocavəndə çataçatda Qarakənd istiqamətində atəş açılıb: “İndiyə kimi bu faciənin səbəbi müəmma olaraq qalıb. Amma yenə də güman edilir ki, bu faciənin tək səbəbkarı ermənilərdir”.

Rizvan Hüseynov düşünür ki, helikopter qəzaya uğradıqdan sonra yana-yana yerə eniş edə bilib: “İçindəkilərin bir qismi sağ qalıb. Amma erməni millətçilərinin qrupu vertolyota hücum edərək, başda İsmət Qayıbov olmaqla, sağ qalan vətəndaşlarımızı da güllələyərək öldürüblər”.

R.Hüseynovun sözlərinə görə, helikopterin qara qutusu o vaxtdan Moskvaya aparılıb: “İndiyə kimi nə baş verdiyi hələ də bilinmir. Amma biz anlayırıq ki, Qarakənd faciəsi Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı səhifələrindən biridir. Biz bu tarixi unutmadıq və unutdurmayacağıq”.

İlham İsmayıl: “Paşinyanın nüfuzunu bərpa etmək Azərbaycan saytlarınamı  qalıb?” Pravda.az

İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, qəza ilə bağlı istintaqın yenilənməsi mümkündür: “O zaman hadisənin baş verdiyi əraziyə giriş bir qədər çətin olsa da, müvafiq araşdırmalar aparılmışdı. Helikopterdə Rusiya vətəndaşları da olduğu üçün ruslar da orada araşdırmalarda iştirak edirdilər. Hamı da bilirdi ki, bu, ermənilərin törətdiyi terrordur”.

İlham İsmayıl bildirib ki, bu gün həbsdə olan Bako Saakyan və digərləri o zaman bu hadisələrlə bağlı hansısa məlumatlara sahib ola bilərlər: “Terrordan uzun müddət keçib. Buna baxmayaraq, hazırda həbsdə olan Qarabağdakı separatçı rejimin rəhbərliyinə daxil olan ermənilər müəyyən məlumatlara sahib ola bilərlər. Terrorun başında kimlərin dayanması, planın necə qurulması, kimlərin bu qanlı cinayəti icra etməsi barədə məlumatlı olmaları mümkündür”.

İlham İsmayıl bildirib ki, tarixçi alimin açıqladığı məlumatlar bir daha təsdiqləyir ki, helikopter vurulub, bundan sonra sağ qalanları da güllələməklə öldürüblər: “O zaman istintaq bu məsələləri araşdırmayıbsa, istintaqı yeniləməklə araşdırılmasını təmin etmək olar”.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev “Yeni Müsavat”a deyib ki, Qarabağ ərazisində separatçı qurumun hərbi-siyasi rəhbərliyi, üzvləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş bütün cinayətlər, materiallar, cinayət işləri yenidən öyrənilir və mütəmadi olaraq bu istiqamətdə işlər davam etdirilir: “Bu iş və digər işlərlə bağlı kompleks işlər görülür və görülmüş işlərlə bağlı ictimaiyyətə məlumat verilir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR