Onlayn ictimai-siyasi qəzet
İmişli rayonunda baş verən faciəvi qəza ilə bağlı millət vəkili Kamal Cəfərov Musavat.com-a mövqe yazısı göndərib.
Musavat.com həmin yazını olduğu kimi təqdim edir:
***
İmişli rayonu ərazisində baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq qurumlar tərəfindən cinayət işi açılıb və araşdırmalar davam etdirilir. KİV-də yayılan məlumatlara əsasən, qəza zamanı dünyasını dəyişən azyaşlılar polis əməkdaşının qardaşı övladlarıdır. Allah rəhmət eləsin, yaralılara isə tezliklə şəfa diləyirəm. Əminəm ki, bu hadisəyə səbəb olan şəxs və ya şəxslər qanun qarşısında ədalətli cəzalarını alacaqlar.
Eyni zamanda, sosial şəbəkələrdə yayılan bəzi videolar cəmiyyətdə narahatlıq doğurur. Videolarda Dövlət Yol Polisinin qəzaya uğramış avtomobilinə qarşı göstərilən qeyri-adekvat davranışlar açıq şəkildə cinayət tərkibli hərəkətlərdir. Belə hərəkətlər yalnız bir avtomobilə deyil, həm də Azərbaycanın hüquqi və konstitusion quruluşuna, şəhidlərimizin müqəddəs xatirəsinə hörmətsizlik deməkdir. Azərbaycan dövlətinin 1993-cü ilin əvvəlində düşməsinə səbəb olan şəxslər də elə bu təffəkkürdə olub. Hər kəs bilməlidir ki, bu cür davranış, özbaşınalıq elə o zaman da bitib.
İctimai mövqeyim ondan ibarətdir ki, videolarda polis avtomobilinə hücum edən şəxslər qısa müddətdə müəyyən edilməli və qanun çərçivəsində məsuliyyətə cəlb olunmalıdır. Bundan əlavə, bu hadisə ilə bağlı sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlar edən və ya belə çağırışları yayanlar da hüquq-mühafizə orqanlarının diqqətində olmalı və müvafiq addımlar atılmalıdır.
Dünyanın bu mürəkkəb vaxtında hər bir vətəndaş bu cür halların cəmiyyətdə nifrət və parçalanma yaratmasına imkan verməməli, qanunun aliliyinə və hüquq qaydalarının qorunmasına dəstək olmalıdır.
Musavat.com
19 Yanvar 2025
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ