İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim İlqar Ağamirov: “Yay aylarında dərinin nəmliyini, su balansını qorumaq üçün..."

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-dermatoveneroloqu İlqar Ağamirovun müsahibəsini təqdim edirik 

 - İlqar müəllim, ilk öncə bilmək istərdik ki, yay fəslində dərini günəş şüalarının təsirindən necə qorumaq olar?

- Bildiyiniz kimi, Azərbaycan coğrafi olaraq isti iqlim qurşağında yerləşir. Bu da, öz növbəsində, Günəşin intensivliyinin çox olması deməkdir. Belə ki, ilin 300-320 günü ölkəmizdə günəşli hava olur. Bu da günəş şüalarına həssas olanlarda, xüsusilə də açıq dərili insanlarda narahatçılıq yaradır.

Günəş şüalarından qorunmağın əsas yolu Günəşin intensiv saatlarında, yəni 12:00-16.00 aralığında açıq havada, birbaşa Günəş altında olmamaq, qoruyucu geyim və çətirlərdən istifadə etməkdir. Sutkanın bu saatlarında çimərlikdə olmaq çox təhlükəlidir, çünki Günəş zenitdə olur, yəni duzbucaq altında dəriyə təmas edir. Ona görə də, çimərlikdə açıq havada ya 12:00 –a qədər, ya da 16:00-dan sonra olmaq lazımdır. Həm də bu saatlarda şüalar daha intensiv olur. Bu arada nəyinki dəridə yanıqlar, həmçinin günvurma və istivurma ola bilər.

Günəşdən qorunmaq üçün hər kəs, xüsusən də daha həssas insanlar vaxtı münasib seçməli və açıq rəngli geyimlərdən istifadə etməlidirlər. Həmçinin, baş geyimlərindən istifadə etmək tövsiyə olunur.

- Yaz–yay aylarında dəridə hansı narahatçılıqlar yarana bilər?

- İstənilən insan uzun müddət Günəş altında qaldıqda, onda narahatçılıq yaranır. Dəriyə birbaşa düşən intensiv şüalar birinci mərhələdə dəridə yüngül qızartı və qaşınma əmələ gətirə bilər. Lakin daha həssas insanlarda qizartılar arta bilər. Prosesə dərialtı toxumalar da qoşulur. Dəridə tripremiya, şişkinlik, göyərmə və qaşınma hissi və nəticədə suluqlar əmələ gələ bilər. Bu artıq Günəş şüasının təsirindən dəridə əmələ gələn intoksikasiyadır. Yəni, şüaların təsirindən dəridə və dərialtı toxumada toksiki maddələr və trofiki pozğunluqlar əmələ gəlir. Bu proses bəzən çox tez, bəzən isə bir günə baş verir. Sonra prosesə ikincili infeksiya qoşulduqda, vəziyyət bir qədər də mürəkkəbləşir. Qərtməklər, eroziv yaralar və sulanma müşayət olunur.

- Bəs bunun əmələ gəlməməsi üçün nə etməliyik?

- Günəş şüalarına həssas olan insanlar mütləq qoruyucu kremlər istifadə etməlidirlər. Bütün bədəni örtən ağ paltar geyinmək tövsiyə olunur. Lazım gəldiyi təqdirdə çətirdən istifadə edin, çünki əmələ gələn narahatçılıqlar bütün yay boyu davam edəcək.

Qeyd edim ki, fotodermativlər deyilən bu xəstəliklər ciddi narahatlıqlar yaradır. Belə insanlar vitaminli qidalar, sərin mayelər, əsasən də sudan bol istifadə etməlidirlər. Çünki intensiv şüalar dəri xərçəngi, həmçinin maddələr mübadiləsinin pozulması ilə müşayiət olunan digər xəstələlikləri yarada bilər. Bəzi hallara bu yanıqların yerində uzunmüddətli piqment ləkələr qalır və müalicəyə çətin tabe olur.

- Doktor, Günəş vannalarının müsbət və mənfi tərəfləri barədə məlumat verərdiniz…

- Qeyd etmək istəyirəm ki, günəş şüaları orqanizmin D vitamininin istehsal etməsinə kömək edir. Bu, sümük və dişlərin güclü olması üçün çox əhəmiyyətlidir. Eyni zamanda, ekzema və sızanaq problemləri olanlar Günəşdən faydalanırlar. Bundan əlavə, günəşli bir gün hər kəsə müsbət emosiya bəxş edir. Alimlər bunun beynin pineal hüceyrələri və melatonin hormonunun səviyyəsi ilə bağlı olduğunu müəyyən ediblər.
Günəş şüalarının insan orqanizminə mənfi təsirləri də var. Belə ki, dərimiz kollagen və elastik deyilən proteinlərdən ibarət olduğu üçün günəş şüalarından zədələnir. Qızmar Günəş altında sadəcə 2-3 dəqiqə qalsanız belə, bu mənfi təsir özünü göstərməyə başlayacaq. Eyni zamanda, yaz–yay fəsillərində üz dərisini xüsusən ultrabənövşəyi günəş şüalarından qorumaq lazımdır. Bu şüalar dəridə hüceyrənin bərpası prosesini ləngidir, dərinin buynuz qişası qalınlaşır və dəri nahamar, solğun görünüşə malik olur, qırışlar və piqment ləkələri yaranır.

- Hansı dəri növü daha həssasdır?

- Açıq dərili insanlar yaz–yay fəslində daha ehtiyatlı olmalıdırlar. Ultrabənövşəyi şüalarının təsirinin sızanaq və səpkilərin daha da artmasına səbəb olduğunu nəzərə alaraq, bu simptomları meyilli olanlar da özlərini Günəşdən qorumalıdırlar.
Adətən yağlı dərili insanlar sızanağa meyilli olurlar. Buna görə də, yağlı dəri üçün günəşdən qoruyucu kremlər sızanaqların daha da artmasına səbəb ola bilər.

- Ləkəyə meyilli olan dərilər üçün xüsusi qorunma üsulu mövcuddurmu?

- Bu növ dəriyə sahib olan insanlar üzlərinə daha yüksək faktorlu kremlər çəkməlidirlər. Aşağı faktorlu Günəşdən qoruyucular 2-3 saat, yüksək faktorlular 4-5 saatdan bir dəyişilməlidir. Açıq rəngli dəriyə malik olanlar daha yüksək faktorlu kremlərdən istifadə etməlidirlər.

Hər dəri növü fərqlidir. Elə insanlar var ki, uzun müddət dəri dermatozundan əziyyət çəkir. Ona görə də, hər dəri növünə uyğun olaraq 50+, 80+ və 100 SPF kremlərindən istifadə etmək tövsiyə olunur. Bununla yanaşı, mütləq nəmləndiricilərdən istifadə edilməlidir ki, dəridə quruluq və qabıqlanma yaranmasın.

Günəş altında olarkən, SPF kremləri çəkilməli, sonra isə nəmləndiricidən istifadə olunmalıdır. Nəzərə almaq lazımdır ki, Günəşdən qoruyan vəsaitlərin ömrü maksimum 2 saatdır. Dərinin nəmliyini, su balansını qorumaq üçün daha çox maye qəbul edilməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR