İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdən çıxan kişi arvadının xəyanət etməsindən şübhələndi, etiraf edəndə isə... - Salyanda şok

Salyan rayonunda 1982-ci il təvəllüdlü Namid Əliyev qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Bəsti Səfərovanı öldürüb.

Musavat.com Teleqraf.com-a istinadən bildirir ki, Namid cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə, habelə sonrakı dövrdə faktiki nikah münasibətində olduğu arvadı Bəstinin ona xəyanət etməsindən şübhələnib.

Bu səbəbdən Namid Bəstini qısqanıb. Yaranmış qısqanclıq səbəbindən aralarında münaqişə yaranıb. Bəsti Namiddən küsərək 2020-ci ilin iyul ayında azyaşlı qız övladı ilə birlikdə Salyan rayonunun Şəkərli kəndində yaşayan atasının evinə gedib.

Daha sonra 2020-ci ilin avqustun 13-də Bəsti Namidin barəsində Salyan rayon polis şöbəsinə şikayət edib. Namid Bəsti ilə münasibətlərində yaranmış gərgin vəziyyəti aydınlaşdırmaq və övladının həmişəlik onun yanında yaşamasını tələb etmək qərarına gəlib.

Bu məqsədilə Namid idarə etdiyi "Vaz 21074" markalı avtomobillə avqustun 22-də Bəstinin işlədiyi Salyan rayonunda yerləşən rayonlararası vərəm əleyhinə xəstəxanasının inzibati binasının qarşısına gəlib. O, xəstəxananın ikinci mərtəbəsində yerləşən böyük tibb bacısı otağına girib.

Orada yaranmış mübahisə zamanı Bəstinin şəxsiyyəti məlum olmayan şəxslə ona xəyanət etdiyini etiraf etdikdən sonra arvadını öldürmək qərarına gəlib.

Namid cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə ov bıçağını şalvarının belindən çıxarıb və Bəstiyə zərbələr vurub. Qadın aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Namidin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namid 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə qeyd olunub ki, Namidin barəsində daha ağır cinayət tərkibinin əlamətləri mövcud olub. Nümayəndə cinayət işinin baxılmasına xitam verilməsini, təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Bir müddət əvvəl Şirvan Apellyasiya Məhkəməsində zərərçəkmiş tərəfin şikayətinə baxılıb. Məhkəmə zərərçəkmiş tərəfin şikayətini təmin etməyib.

Bundan sonra zərərçəkmiş tərəf Ali Məhkəməyə müraciət edib. Hüquqi varisin nümayəndəsi tərəfindən yazılan kasasiya şikayətində Namidin əməlində cinayətin ağırlaşdırılmasının mövcudluğunun oluması, ağırlaşdırıcı halların müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istənilib.

Ali Məhkəmədə kasasiya şikayətini araşdıran hakim heyəti zərərçəkmiş şəxsin iddiasını təmin edib və Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib. İş yenidən araşdırılması üçün apellyasiya instansiyasına göndərilib.

Şirvan Apellyasiya Məhkəməsində bu dəfə şikayətə baxan hakim heyəti yeni qərar qəbul edib. Qərara görə, hüquqi varis və onun nümayəndəsi tərəfindən verilən şikayət qismən təmin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Namidin barəsində olan cəza 13 il 6 aya qədər artırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR