İnsanlara hürriyət, millətlərə istiqlal!

Havanı süni şəkildə dəyişən ölkələr: hərbi-siyasi müdaxilənin gizlinləri

Bəzi ölkələr havanın süni şəkildə dəyişdirilməsini gizli saxlayır. Havanın idarə edilməsi texnologiyaları əsasən elmi tədqiqatlar və faydalı məqsədlər üçün istifadə olunsa da, bu mövzu ətrafında bir çox nəzəriyyələr və narahatlıqlar mövcuddur. Ümumiyyətlə, süni hava dəyişdirmə nədir?

Musavat.com müxtəlif xarici mənbələrdən əldə etdiyi bilgilərə əsasən xəbər verir ki,  havanın süni şəkildə dəyişdirilməsi atmosferdə müəyyən prosesləri manipulyasiya etməklə hava şəraitinə təsir etmək deməkdir. Ən çox istifadə olunan metodlardan biri "bulud toxumlama" texnologiyasıdır. Bu prosesdə kimyəvi maddələr, məsələn, gümüş yodid və ya duz buludlara səpilir ki, yağış və ya qar yağması təmin olunsun. Bu isə müxtəlif ölkələrdə fərqli məqsədlər üçün istifadə olunur.

Misal üçün, kənd təsərrüfatında geniş istifadə olunur. Eyni zamanda, quraqlıq olan bölgələrdə yağış yağdırmaq məqsədi daşıyır. Fəlakətlərin qarşısını almaq, sel və daşqınları azaltmaq üçün yağışları müəyyən bölgələrə yönəltmək olur. Meşə yanğınlarının söndürülməsinə  kömək etmək üçün də istifadə edilir.

Onu da nəzərə çatdıraq ki, süni hava dəyişdirmə texnologiyalarının bəzi ölkələrdə hərbi məqsədlər üçün istifadə edildiyi iddia edilir. Qeyd edilir ki, belə müdaxilələr iqlim müharibəsinə səbəb ola bilər.

Bununla belə, süni hava manipulyasiyası ekosistemi poza və təbii balansı zədələyə bilər. Mütəxəssislər qeyd edir ki, bəzi dövlətlərin bu texnologiyaların istifadəsini gizlətməsi və ictimaiyyəti məlumatlandırmaması ciddi narahatlıq doğurur. Havanın süni şəkildə dəyişdirilməsi texnologiyaları əsasən inkişaf etmiş ölkələrdə və iqlim problemləri ilə üzləşən regionlarda istifadə olunur. Bu texnologiyalardan istifadə edən bəzi əsas ölkələrdən Çini göstərmək olar. 2008-ci il Pekin Olimpiya Oyunlarında hava şəraitini yaxşılaşdırmaq üçün bulud toxumlama texnologiyası ilə yağışlar süni şəkildə təmin olunmuşdu. 2021-ci ildə Çinin genişmiqyaslı süni hava proqramlarını işə saldığı bildirilmişdi. Bu proqram ölkənin 60%-ni əhatə etməyi hədəfləyirdi.

ABŞ də hava modifikasiyası texnologiyalarında öncül ölkələrdən biridir. Vyetnam müharibəsində "Operation Popeye" (1967-1972): ABŞ ordusu yağışları artırmaq üçün hava manipulyasiyası texnologiyalarından istifadə etmişdi. Məqsəd düşmənin hərəkətini çətinləşdirmək idi.

Rusiya da süni hava texnologiyalarından əsasən böyük tədbirlərdə və iqlim problemlərinin həllində istifadə edir. Moskva və digər böyük şəhərlərdə hava şəraitini yaxşılaşdırmaq üçün milli bayramlar zamanı buludlar dağıdılır. Rusiya həmçinin bu texnologiyaların müdafiə məqsədilə istifadə edilməsi üzərində araşdırmalar aparıb.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) quraqlıqla mübarizə və su ehtiyatlarını artırmaq üçün süni yağış texnologiyası tətbiq olunur.

BƏƏ-də bulud toxumlama texnologiyası geniş istifadə olunur və 2017-ci ildən ölkə bu sahədə böyük sərmayələr qoyub. 2021-ci ildə BƏƏ dron texnologiyası ilə süni yağış yağdırmaq üçün yeni texnologiyalar təqdim edib.

Hindistanda əsasən kənd təsərrüfatı və su ehtiyatlarının artırılması məqsədilə istifadə edilir. Quraqlıq olan bölgələrdə yağış yağdırmaq üçün bulud toxumlama layihələri həyata keçirilir. Avstraliyada su çatışmazlığı və kənd təsərrüfatı problemlərini həll etmək üçün texnologiyalar tətbiq edilib.  Avstraliyada bulud toxumlama ilə su ehtiyatlarının artırılmasına yönəlmiş layihələr həyata keçirilib. Səudiyyə Ərəbistanı- səhralıq iqlimi olan bu ölkədə süni yağış texnologiyaları ilə yağıntı miqdarını artırmağa çalışılır. Bu texnologiyaların geniş istifadə olunmasına baxmayaraq, onların etik, ekoloji və sosial təsirləri ilə bağlı suallar hələ də müzakirə olunur. Bəzi ölkələrdə isə bu texnologiyaların hərbi məqsədlər üçün istifadə olunması narahatlıq doğurur.

Bəzi mənbələrdə qeyd edilir ki, siyasətçilər də süni hava dəyişdirmə texnologiyalarını bir sıra məqsədlər üçün istifadə edə bilir. Bunlar əsasən sosial, iqtisadi, siyasi və strateji hədəflərə nail olmaq üçün tətbiq olunur. Əhəmiyyətli dövlət tədbirlərində və ya beynəlxalq görüşlər zamanı hava şəraitini yaxşılaşdırmaq üçün istifadə edilir. Süni hava dəyişdirmə texnologiyaları bəzi ölkələr üçün diplomatik alət kimi də istifadə olunur. Məsələn, inkişaf etməkdə olan ölkələrə bu texnologiyanı təqdim etməklə beynəlxalq nüfuz qazanmaq və iqtisadi əməkdaşlığı artırmaq mümkündür.

Süni hava texnologiyaları hərbi məqsədlər üçün istifadə edilə bilər. Yağış yağdırmaq və ya quraqlıq yaratmaq düşmənin təchizatına və hərbi əməliyyatlarına zərbə vurmaq üçün tətbiq oluna bilər.

Siyasi rəqiblərin kənd təsərrüfatına və iqtisadiyyatına mənfi təsir göstərmək üçün iqlim manipulyasiyası da nəzərdən keçirilir. Bu isə iqlim müharibəsi riski yaradır.

Mütəxəssislər qeyd edir ki, havanın süni şəkildə dəyişdirilməsi beynəlxalq hüquq çərçivəsində məhdudlaşdırılmalıdır. Siyasətçilər üçün süni hava dəyişdirmə texnologiyaları həm faydalı vasitə, həm də potensial manipulyasiya aləti kimi çıxış edir. Bununla bağlı şəffaflıq və etik yanaşma vacibdir.

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR