Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda Yer kürəsinin iqlimi ilə bağlı planetar miqyasda tədbirin keçirilməsi zəruridir, hətta bəlkə gecikmişdir. Nəyə görə? Çünki iqlim məsələlərinə dünyada bizim qədər fikir verən xalqlar çox az olar!
Birincisi, coğrafiyamıza diqqət edək. Azərbaycan çox unikal bir ərazidədir. Dənizi, gölü, dağları, çayları, meşələri... Qısası, Yerdə rast gəlinən bütün coğrafi, relyef özəllikləri var. Hətta palçıq püskürtsələr də, vulkanımıza qədər vardır. 9 iqlim tipimizi də üstünə gələk, hərçənd, bəzən onu iqlim qurşaqlarıyla qarışdırırlar və yanlış olaraq “Azərbaycanda 9 iqlim qurşağı var” söyləyirlər.
Ümumiyyətlə, dədə-babalarımıza minnətdar olmalıyıq, çünki gözəl mövqe tutmuşlar. 3 tərəf dağlar, 1 tərəf dəniz. İçindən çaylar axır, bağ-bağat, böyük təbii fəlakətlərdən əsasən uzaq məkan. Sizə nəyi xatırladır? Əlbəttə, dini kitablardakı cənnətin özüdür.
Havaya münasibət bizim folklorumuzda, ədəbi-bədii mətnlərimizdə də özünü göstərir. Dədə Qorqud dastanında Oğuz igidləri toplaşırlar, bu zaman adını bilmədiyimiz sənətkar ətrafı belə təsvir edir: “Salxım-salxım dan yelləri əsdiyində, Ağlı-qaralı seçilən çağda, Köksü gözəl qaya dağlara gün dəyəndə”. Dədə Qorqud alqış eləyəndə deyir: “Yerli uca dağların yıxılmasın! Kölgəlicə qaba ağacın kəsilməsin! Coşğun axan gözəl suyun qurumasın!”
Göyçəli Aşıq Alının ünlü, mahnısı da qoşulmuş şeirini hamımız bilirik: “Hər yana baxıram, hava məxşuşdur, Gəzdiyim oylaqlar yadıma düşdü”. Məxşuş qarışıq deməkdir. Bunu də bəzən səhvən “Havaya baxıram, hava nə xoşdur” kimi oxuyurlar.
“Əsli və Kərəm” dastanında çox gözəl şeir var, havanın təsviri mükəmməldir: “Ərzurumun gədiyinə varanda, Onda gördüm buram-buram qar gəlir. Lələ dedi gəl qayıdaq bu yoldan, Dedim, Lələ, dönmək mənə ar gəlir”. (Rəhmətlik Məmməd Aslan həmin şeirin birinci sətrini hələ sovet vaxtı Türkiyə haqda yazdığı kitabına ad seçmişdi, onu da burda xatırlayaq).
Sovet vaxtı demişkən... İndi Vatsap, internet, qısa mesaj, səsli mesaj, lap uzağa gedəndə emoji dövrüdür və təəssüf ki, epistolyar janr – məktublaşmaq aradan çıxır. Köhnə nəslin yadında olar, Sovet zamanı bizdə camaat arasında bir məktublaşma şablonu var idi və onun mətnində mütləq, birinci abzasda hava məlumatı verilirdi. Təxminən belə “Hörmətli məktub! Bizdə hava yaxşıdır, yaz görüm siz tərəflərdə hava necə keçir”. Hətta məndən 3 kilometr aralıda yaşayan bibim uşaqları bizə bu cür məktub yazmışdılar və böyüyəndə bunu xatırlayıb xeyli gülmüşdük. (İndi olsa gülməzdik, çünki havanı elə korlamışıq, nəinki 3 kilometr, bəzən 3 metrdən hava fərqlənir).
Sözü ona gətirirəm ki, Azərbaycan xalqı üçün hava məsələsi qəribə şəkildə həmişə vacib olmuşdur. Bəlkə bu təsərrüfat üsulu, havadan, gündəlik iqlimdən asılılıq üzündən belə formalaşıb, dəqiq deyə bilmərəm. Ancaq bircə detala diqqət çəkməyinizi istərdim: dünyada başqa hansı xalqları tanıyırsınız ki, onların dilində “hava” sözü həm atmosferdəki durumu ifadə eləsin, həm də mahnı, nəğmə oxumağı və oynamağı! Mən bilmirəm, tanımıram. “Hava” sözü dilimizdə omonimdir. “Filankəsin havasını çalın, oynasın” – toylarımızda eşidirik. (Hava sözünün üçüncü, dəlilik mənası da var, örnək üçün, deyirlər filankəsin başına hava gəlib, lakin bu əziz gündə o mənanı yada salmağın mənası yoxdur. Mövzumuz başqadır).
Uzun sözün qısası, biz hava yığnağını, mərasimini oynaya-oynaya keçirtməliyik, çünki bu iş dünyada ən çox bizlikdir. Proqnoza görə, inşallah, yaxın günlərdə hava da düzəlməlidir. Hətta 17 noyabrda 25 dərəcə istilik olacaq. Gir dənizə, çim.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ