Onlayn ictimai-siyasi qəzet
“Allah sənə rəhmət eləsin, Tomas Mor”
(müəllif)
Çaya hasar çəkən məmurun tənqid edilməsi səhnəsini gördük. Maraqlı hadisədir. Sanki bəziləri Azərbaycanda dəbdə olan hasarlama, çəpərləmə siyasətini işğaldan azad edilən ərazilərdə də davam etdirmək istəyir. Adətləri tərgitmək çətindir.
Bakıda, Abşeron yarımadasında bu hasarların absurd durumla üzləşdiyinə şahid olmuşuq. Əsasən də Google Earth proqramı vasitəsiylə prosesi müşahidə etmək mümkündür, yoxsa hasarındakı kərpiclərin, divarlarının “bir ucunun torpaqdan, bir ucunun buluddan nəm çəkdiyi” (nağıllarımızdan sitatdır) villalarda nə baş verdiyini görmək asan iş deyil. Həmin proqramda Abşeron yarımadası sahillərini izləsəniz bu tragikomik mənzərə sizə aydın olar: dəniz geri çəkildikcə, onlar da hasarların ucunu uzadır. Əvvəl daşla çəkilən hasarlar sonra taxta-tuxta, məftillərlə davam edir. Dəniz qaçır, hasarlar da uzanır. Bu proses haçanacan davam edəcək? İnşallah, dəniz tam qurumaz. Yoxsa bu hasarların uzanıb bir gün “Azəri-Çıraq-Günəşli”yə girəcəyi şübhəsizdir. Ciddi münaqişəyə səbəb ola bilər. Qardaş qanı axıdılmasını heç kəs istəmir. Türkün türkdən başqa döstu yoxdur! (Bu mənə aid deyil, şəxsən, yadıma düşən 3 talış dostum var).
Ancaq lazım gəlsə çəpərləmə siyasətinə, “qoyunların adamları yeməyə başlamasına” müxtəlif, rəngarəng, mənalı adlar tapmaq mümkündür. Elə o məmur qayıdıb dövlət başçısına deyə bilərdi ki, biz çaya hasarı camaat suya yıxılıb ölməsin deyə çəkmişik. Axı əhalinin sosial rifahı naminə çalışmaq, can sağlığının qayğısına qalmaq məmurların əsas vəzifəsidir!
Bəs necə, axı bizim sadə xalqın çaydan-sudan, meşədən-dağdan anlayışı yoxdur! İplərini azca buraxırsan, gedib meşədə azırlar, ayı yeyir. Çayda sel aparır. Dağda qara, çöldə mara, şəhərdə yara qurban olurlar. (Mar – ilan deməkdir, axırıncını isə qafiyə üçün yazdım, bəlkə anlamsız sözlərdir. Bəlkə də bu yazıda elə ən yaxşı söz odur, nə biləsən?).
Siz elə bilirsiniz mən bu yuxarıdakı abzası zarafat üçün yazmışam? Qətiyyən. Son illərdə çox sayda belə cızmaqaralar oxumuşam: “Azərbaycan xalqını dənizə buraxmaq olmaz, çünki boğulurlar”, “Azərbaycan xalqını yola buraxmaq olmaz, çünki maşın sürə bilmirlər”, “Azərbaycan xalqını xaricə buraxmaq olmaz, çünki biz özümüzü oralarda apara bilmirik” və sairə və ilaxır. Bir sürü idiot var, işləri-gücləri Azərbaycan xalqını hara buraxmaq olar, hara olmaz, bu mövzuda düşünməkdir. Adətən cümləni də belə başlayırlar: “azərbaycanlılar...” Sanki özü başqa yerdən gəlibdir. Tısbağa qınından çıxıb, qınını bəyənmir. Çöl tısbağası bu cür stereotip yazarlardan mərifətli məxluqdur.
Bəzi tapşırıqların yerlərdə icra səviyyəsi də düşündürücüdür. Ola bilər sənə “elə edin çay daşanda kəndi basmasın” tapşırığı verilir, müəyyən kiçik baryerlər qurmaq həvalə edilir, sən isə gedib orda Çin səddi, Mingəçevir SES dambası düzəldirsən. Ölçü hissi yoxdur. Tapşırıqlar üzrə “Sevr etalonu” lazımdır.
Buna bənzər prosesləri bütün sahələrdə müşahidə etmişik. Kiməsə “təhqir olmasın” deyərlər, adam tənqidi dibindən qazıyar. Dırnaq tutmağa göndərilən, qolu dirsəkdən kəsər. Ən yaxşı halda. Çiyindən kəsənlər də var – bəlkə təzədən çıxdı məntiqiylə.
Yazını isə Mahir N.Qarayevin çox sevdiyim “Son nöqtə” şeirindən bir parça ilə bitirirəm:
“Hər şey hədərmiş...
bu gün də, bu həftə də,
bu şeirin sonluğuna
bir azdan qoyacağım nöqtə də.
Bu siqarın tüstüsü,
bu qapının cəftəsi,
bu divarın güzgüsü, bu çiçəyin ətri də;
o çərtdiyin qələmin,
o yırtdığın dəftərin
əyri-üyrü cizgisi, qara-qura xətti də –
hər şey, hər şey hədərmiş…”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ