İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hansı dövlət “izləmə siyahısı”na salınmalıdır ABŞ, yoxsa Azərbaycan?” - DEPUTAT

“Əgər desəm ki, ABŞ dünyada din azadlığı ilə bağlı rəy bildirəsi sonuncu ölkədir, bu, Dövlət Departamentinin haqqında söhbət gedən məsələyə həsr etdiyi sənəd qədər olmasa da, hər halda qərəzli təsir bağışlayar”.

Musavat.com bildirir ki, bunu deputat Sahib Alıyev bildirib.

Fikirlərinə davam edən deputatın sözlərinə görə, ən azından ona görə ki, dini ayrı-seçkiliyə ABŞ-dan daha çox yol verən ölkələr heç də az deyil:

“Onlardan da biri məsələn, islamafobiyanın tüğyan etdiyi Fransadır. O Fransa ki, 2021-ci ildə oradakı müsəlmanları hədəfə alan və öncə “Separatizm ilə mübarizə”, lap ağını çıxardıqlarını görüb sonra “Respublika prinsiplərinə hörmət” adlandırılan qanunun qəbulundan heç yarım il keçməmiş 27 məscidin fəaliyyətinə qadağa qoymuşdu. Ancaq maraqlıdır ki, ABŞ Dövlət Departamenti nə həmən Fransanı, nə onun Qərbi Azərbaycanda və Qarabağda yüzlərlə məscidimizi yer üzündən silən "kiçik bacı"sını, nə də liderləri belə açıq islamafob çıxışlar edən hər hansı qərb ölkəsini dini etiqad azadlığının pozulması təhlükəsi yaranması səbəbindən “izləmə siyahısı”na salıb. Birləşmiş Ştatların qarşı çıxmasına rəğmən öz torpaqlarını işğaldan qurtarıb üzərində suverenliyini tam təmin edən Azərbaycan isə o siyahıdadır. Halbuki hətta Roma papasının da bizim ölkəni dini tolerantlıq baxımından örnək kimi göstərdiyi vaşinqtondakılara heç də sirr olmamalıdır”.

S.Alıyev ardınca vurğulayıb: “Açığı, mən 1992-ci ildə işğalçı Ermənistana yox, torpaqları zəbt olunan Azərbaycana qarşı sanksiya tətbiq edənlərin bu hərəkətlərinə heç də təəccüblənmirəm. Dini etiqad azadlığı sahəsində dünyadakı son vəziyyətlə bağlı Blinkenin təqdim etdiyi sənədin Azərbaycana aid hissəsinin hazırlanmasını Amerika Hay Assambleyasında rəhbər vəzifə tutmuş, Ermənistanın Livanda və Los-Ancelesdə konsulu olmuş Daniela Aşbaxyana tapşırılmasına da tam təbii yanaşıram.

Düzdür, bizdə bunu ABŞ dövlət katibinin peşakarlıqdan uzaq hərəkəti kimi dəyərləndirənlər də var. Mən isə belə düşünürəm ki, bu, qeyri-peşəkarlıq yox, başqa şeydir. ABŞ-dakı hay diasporuna özü də, şefi də sıx bağlı olan Blinken Azərbaycanda dini etiqad azadlığı sahəsində vəziyyətin qiymətləndirilməsini Aşbaxyana tapşırmaqla göstərmək istəyir ki, “biz hamımız daşnağıq”.

Qoy olsunlar. Ancaq özləri də yaxşı fərqindədirlər ki, belə qərəzli sənədlər yaymaqla, dövlətimizə qarşı növbəti qarayaxma kampaniyasına start verməklə nə Azərbaycanı yolundan döndərəcəklər, nə də separatçı ünsürləri Xankəndiyə qaytaracaqlar”.

Dini etiqad azadlığına gəldikdə, S.Alıyev bildirib: “Cənab Blinkenə xatırlatmaq istərdim ki, öz ölkəsində bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını ABŞ Baş prokuroru Merrik Qarland belə açıq şəkildə dilə gətirmişdi. Və nəinki dilə gətirmişdi, 2022 ci ildə dini-etnik zəmində baş verən cinayətlərlə mübarizəni Ədliyyə Departamentinin əsas prioriteti elan etmişdi. FTB-nin hələ xeyli faktların əksini tapmadığını özlərinin də etiraf etdikləri hesabatında isə ABŞ-da öldürülənlərin 14,1%-inin sırf dini nifrət zəminində qətlə yetirilənlər olduğu bildirilir. İndi siz deyin, dünyada dini etiqad azadlığı ilə bağlı vəziyyət haqda sənəd yaymağa kimin daha çox haqqı çatır, Azərbaycanın, yoxsa ABŞ-ın? Bu sahədə vəziyyətin pisləşməsi üzündən hansı dövlət “izləmə siyahısı”na salınmalıdır ABŞ, yoxsa Azərbaycan? Cavab lazım deyil, çünki sual ritorikdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR