İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamının yeni kənd təsərrüfatı naziri gözləntisi - sürpriz isim

İnam Kərimovdan sonra aqrar sektorun başına kimin gələcəyi haqda fərqli adlar çəkilir; Natiq Cəfərli: “İlk növbədə kənd təsərrüfatının inkişafı üçün konsepsiya hazırlanmalıdır, sonra proqrama uyğun nazir tapıla bilər”

İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması yeni kənd təsərrüfatı nazirinin kim ola biləcəyi sualını aktuallaşdırıb. “Yeni Müsavat” yada salır ki, yeni nazir təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərova həvalə edilib. S.Cəfərov 2012-ci ildən 2018-ci ilədək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədri köməkçisi işləyib. İnam Kərimov nazir təyinatından düz 9 gün sonra onu KTN-də də özünə köməkçi təyin edib, sonra isə nazir müavini olub. 

İ.Kərimovun Ali Məhkəmənin sədri təyin olunması Milli Məclisin bir neçə deputatını ümidləndirib. Çoxillik staja malik olan 3 deputatın İnam Kərimovun boşaltdığı postu tutmağa iddialı olduğu bildirilir. Yenisabah.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, komitə üzvü Eldar İbrahimov və Azər Badamovun belə arzusu var. Amma Tahir Rzayev və Eldar İbrahimovun yaşı 70-i ötdüyünə, Azər Badamov isə bu sektora yad adam olduğuna görə nazir olmaq şansı yoxdur. Bu posta Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun adı daha çox hallanır.

İddiaya görə, “PASHA Holding” MMC-nin Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru Məcnun Məmmədov da bu posta şanslı görünür. Məcnun Məmmədovun Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil aldığı bildirilir. İnam Kərimovun yerinə sürpriz bir ismin təyin olunacağı da deyilir. Bəs kənd təsərrüfatı kimi mühüm bir sahəyə necə kadr rəhbərlik etməlidir? Yeni naziri hansı sınaqlar gözləyir? Onu da demək lazımdır ki, aqrar sektor kifayət qədər mürəkkəb, problemlərlə dolu sahədir. Bundan əvvəlki nazirlər - İsmət Abbasov, Heydər Əsədov da uğurlu olmayıblar.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, əvvəlcə gərək nazirlik özünün hədəflərini və görəcəyi işləri müəyyən etsin. Ekspert hesab edir ki, ondan sonra bu sahədə kimi nazir təyin etməyi dəqiqləşdirmək olar. “İlk növbədə kənd təsərrüfatının inkişafı üçün bir konsepsiya hazırlanmalıdır. Həmin proqram reallığa əsaslanmalıdır. Bu halda həmin proqrama uyğun nazir tapıla bilər. Ancaq Azərbaycanda hələlik belə bir vizion yoxdur. Yəni aqrar sahənin problemləri, suvarma və digər məsələlərlə bağlı konsepsiya ilə çıxış etməmişik. Görünən budur ki, Azərbaycanda kənd təsərrüfatına aid bütün sahələri eyin vaxtda və eyni templə inkişaf etdirmək istəyirlər. Bu da çox zaman effektiv alınmır”, - deyə N.Cəfərli vurğuladı.

İqtisadçının sözlərinə görə, eyni vaxtda bütün aqrar sektoru dirçəltmək cəhdləri alınmadı: “Məsələn, xırdabuynuzlu və iribuynuzlu mal-qaranın azalması müşahidə olunur, ölkədə qırmızı ət istehsalının daxili potensial hesabına tələbatını artıq ödəyə bilmirik. Təsəvvür edin ki, hər il xaricdən 60 milyonluq diri mal-qara almalı oluruq, daxili istehsalımız bəs etmir. Ona görə bir çox sahələri eyni templə inkişaf etdirmək uğursuz alınır. Yaxşı olar ki, konsepsiya hazırlansın, 3-5 sahə prioritet götürülsün, onların inkişafı üçün nələr etmək olduğu müəyyənləşdirilsin. İnam Kərimovun ASAN Xidmətdə fəaliyyəti daha faydalı idi, hüquqi sahəni bildiyi üçün orada işi uğurlu olmuşdu, aqrar sektorda isə o dərəcədə nailiyyətlər əldə etmədi. Amma bəzən də əsas şəxsin mütəxəssis olması vacib deyil, konsepsiya, proqram olmalıdır”.

N.Cəfərli hesab edir ki, İ.Kərimov nazir olduğu müddətdə yeganə yaddaqalan məsələ subsidiyalarla bağlı olub: “Əvvəllər çox qarışıq, qeyri-effektiv sistem var idi. Subsidiyaların verilməsində çox ciddi yeyinti hallarına rast gəlinirdi. İnam Kərimovun nazir olduğu müddətdə bəzi məsələlərdə irəliləyiş əldə olundu. Subsidiyaların verilmə qaydaları dəyişdirildi. Əvvəlki problemlər bir qədər aradan qalxdı. Lakin kənd təsərrüfatı sahəsində bundan başqa ciddi nailiyyətlərin olduğunu söyləmək mümkün deyil”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR