İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimlərin təyinatı ilə bağlı müzakirələrdə tənqidlər - spiker deputatların fikirlərini müdafiə etdi

Milli Məclis Prezident İlham Əliyevi təbrik etdi; gündəlikdəki qanun layihələri təsdiqləndi

Dekabrın 23-də Milli Məclisin iclasında spiker Sahibə Qafarova çıxışına Prezident İlham Əliyevə ünvanladığı doğum günü təbriki ilə başladı.

“Möhtərəm Prezident cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır” deyən sədr parlament adından Prezidentə təbrik məktubu ünvanlamağı təklif etdi və deputatlar alqışları ilə bu təşəbbüsə qoşuldular.

Deputat Zahid Oruc Avropadakı korrupsiya faktlarından bəhs etdi: “Ölkəmizi kürü diplomatiyasında ittiham edənlərin özləri Xəzəri udmağa hazırdır. Xocavənddə qızıl-mis oliqarxlarının Avropaya uzanan əlləri torpaq uğrunda mübarizə deyil, mənfəət davasıdır. Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir. Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər. Dünya erməniçiliyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ offşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisinə ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekpertizasının keçirilməsini tələb etməlidir”,

Deputat Fazil Mustafa bildirdi ki, bu günlərdə Azərbaycanın müdafiə naziri Türkiyədə olarkən maraqlı etiraflar səsləndirdi. O, nazirin Şuşa əməliyyatı ilə bağlı planı Prezidentin geri çevridiyini və öz planını masaya qoyduğu barədə dediklərini xatırlatdı. Bildirdi ki, bu etiraf ölkə Prezidentinin həm də çox yüksək səviyyəli hərbi mütəxəssis olduğunu sübut etdi və Şuşanın azadlığı əməliyyatı dövlət başçısının hərbi zəkasının məhsuludur. Deputatın sözlərinə görə, yaxşı ki, Şuşa əməliyyatı bizim müdafiə nazirinin hazırladığı plan üzrə keçirilməyib.  “Kaş ki, aprel döyüşlərində, Tərtər hadisələrində də bu planları geri çevrirərdi. Geri çevrilməyən planlar bir çox hallarda xüsusi təyinatlıların, bizim qəhrəman əsgər və zabitlərin itkisinə səbəb oldu”. F.Mustafa dedi ki, bizdə gedənin dalınca danışmazlar sözü var, amma bir çox hallarda gedənlər öz rahat həyatını yaşayırlar. Deputat bildirdi ki, bu günlərdə keçmiş əməliyyat rəisi müsahibəsində ağır itkilərlə müşayiət olunan hadisələrin başında kimlərin durduğunu deyib, hətta birbaşa Nəcməddin Sadıqovu suçlayıb. “İndi biz burda hakimlərin təqdimatı məsələsinə baxacağıq. Maraqlıdır ki, bizim hüquq mühafizə orqanları ya keçmiş əməliyyat rəisini, ya da baş qərargah rəisini ittiham etməliyik. Bunu etməliyik ki, şəhid olan hərbçilərimizin haqqını qaytaraq”-deputat əlavə etdi.

Deputat Vahid Əhmədov Bakı-Quba yolundakı təmir işlərinin yekunlaşmasından bəhs etdi. Dedi ki, bu ilin fevralından təmirə dayandırılan yolda işlər başa çatıb və bu gün açılışı həyata keçiriləcək.  “Bu istiqamətdə ödənişli yolun istifadəyə verilməsi gələn ilin may ayına planlaşdırılır”, - deyə V.Əhmədov əlavə etdi. Deputat aylarla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti nəticəsində çəkilən yola görə təşəkkürünü və təbrikini də çatdırdı: “Bu yolun təmirini daim diqqətində saxlayan cənab prezidentə dərin minnətdarlığımı bildirirəm və Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Deputat Azay Quliyev çox vacib bir məsələyə diqqət çəkdi və təklif verdi: “Təsadüfi deyil ki, Qarabağ ermənilərindən dəstək ala bilməyən və Laçın yolu vasitəsilə Ermənistanda olan revanşistləri Xankəndinə gətirə bilməyən Vardanyan dekabrın 17-nə təyin etdiyi mitinqi üzüsulu təxirə salmalı oldu. Ancaq son günlər mediada yayılan məlumatlardan bəlli olur ki, bu cür düşünən ermənilərə qarşı fiziki güc tətbiq olunur və onlar döyülür. Ona görə yaxşı olardı ki,  Laçın yolunda dinc aksiya keçirən ictimai fəallar və hüquq müdafiəçiləri, o cümlədən Azərbaycanın Ombudsmanı Qarabağda şiddətə və zorakılığa məruz qalan ermənilərin hüquqlarının müdafiəsi ilə bağlı müvafiq addımlar atsınlar və beynəlxalq təşkilatları bu haqda məlumatlandırsınlar”.

Deputat Əli Məsimli ölkədə davam edən bahalıqdan və inflyasiyadan şikayətləndi. Öncə bildirdi ki, qarşıdan Yeni il gəlir, 2021-ci ildə olan pozitiv dinamika davam edir: İstehsal artmaqdadır, yaxşı göstəricilərimiz var". Amma Ə.Məsimli qeyd etdi ki, inflyasiya proqnozları özünü doğrultmadı: “İnflyasiya 4 faiz, sonra isə 12,5 faiz proqnozlaşdırılsa da, 11 ayın göstəricilərinə görə 13,8 faiz, ərzaq inflyasiyası isə 20 faizin üstündədir”. Ə.Məsimli qeyd etdi ki, inflyasiya əhalinin güzəranına çox mənfi təsir göstərir: “Bütün dünyada ərzaq qiymətləri bu ərəfədə aşağı salınır. Çağırış edirəm ki, insanlar qiymət artımından yox, dövriyyədən qazanmağa üstünlük versinlər və bunun nəticəsində bayram günləri hamı süfrə aça bilsin”.

Deputat Ceyhun Məmmədov Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasından danışaraq təklif etdi ki, Qarabağın dağlıq hissəsində hazırda ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları da nəzarət etməlidir: “Rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimiz separatçılar və ayrı-ayrı qurumlar tərəfindən qeyri-qanuni olaraq istismar olunur”.

İclasda Ali və Apelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi məsələsi müzakirəyə çıxarıldı. Deputat Razi Nurullayev bəzən hakimlər, xüsusən də cavan hakimlər, müəyyən nəzəri bilikləri olmasına baxmayaraq, praktiki səhvlərə yol verir və ədalət prinsipini pozur: “Hər zaman vətəndaşın yanındayam, amma bəzi məsələlər var ki, ola bilmirik. Belə ki, bir çox hallarda vətəndaşlar xüsusən də tikinti şirkətlərinə qarşı əsassız iddialar qaldırır və ya mülkiyyət sahiblərinə qarşı pul tələbi irəli sürür. Bu halda iddiaçılar müvəqqəti təmin tədbiri kimi məhkəməyə ərizə verərək sahibkarın əmlakına, pul hesabına və ya qanuni olan başladığı işinə həbs qərardadı alaraq işini iflic vəziyyətə qoyur”.

Deputat Siyavuş Novruzov da hakimlərin fəaliyyətindəki nöqsanlardan bəhs etdi.

Deputat Hikmət Babaoğlu da bu sahədəki nöqsanlardan bəhs etdi. Eyni zamanda bəzi həmkarlarına irad tutdu: “Burada bəzi deputatlar özləri çıxış etdikdən sonra deyirlər ki, məsələ səsə qoyulsun! Burada hamının danışmaq hüququ var. Bu replikalara son qoymaq lazımdır, hamının çıxış etmək hüququ var”.

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə, hakimlərinin təyinatı və vəzifədən azad edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış etdi. Dediyinə görə, müvafiq qanunun 4-cü bəndində qeyd olunur ki, yuxarı instansiya məhkəmələrinin hakimi vəzifələrinə bir qayda olaraq ən azı beş il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxsər təyin oluna bilərlər: “Bizə təklif olunan namizədlərinin 12-sinin ən azı 5 il hakim kimi iş təcrübəsi yoxdur. Hörmətli Nizami Səfərov bildirdi ki, təcrübəli hakimlər irəli çəkilib. Bu namizədlərin irəli sürülməsi qeyd etdiyim bənddəki ”bir qayda olaraq" ifadəsinə istinad olunmaqla irəli sürülüb". Sonda deputat spikerə xitab etdi: “Hörmətli sədr! Xahiş edirəm, səsvermə adbaad olmayacaqsa, protokolda mənim 5 il təcrübəsi olmayan namizədlərin əleyhinə olduğumu qeyd edin”.

Yekunda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Gəncə Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında,  Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında qanun layihələri təsdiqləndi.

Hakimlərin təyinatı ilə bağlı məsələlər səsvermə ilə təsdiqləndikdən sonra spiker onlara uğurlar arzuladı və deputatların tənqidlərini bölüşdüyünü bildirdi, hakimləri bu fikirləri nəzərə almağa çağırdı.

Deputat Razi Nurullayev söz alaraq spiker Sahibə Qafarova ilə bağlı fikirlərini bölüşmək istədiyini bildirdi və xitab etdi. “Siz Prezident haqqında çox gözəl, lakonik və unikal danışdınız. İnanıram ki, uzun müddət yaddaşlarda qalacaq. Hamımız təbriklərinizə qoşuluruq”.

Ardınca R.Nurullayev S.Qafarovaya ünvanlı ürək sözlərini çatdırdı: “Hakimlərin təyinatı zamanı sizin son sözünüz bütün çıxışların cəmindən güclü çıxış oldu. Bir söz, amma çox təsirli. Dediniz ki, deputatların sözlərində həqiqətlər var və nəzərə alın! Siz parlamenti çox gözəl idarə edirsiniz. Yüksək səviyyəli idarəçiliyiniz üçün də sizə dərin təşəkkürümü bildirirəm”.

Sonra “Diplomatik xidmət haqqında” qanuna dəyişiklik müzakirə edildi. Dəyişikliyə əsasən, azərbaycanlı diplomatların ailə üzvlərinə işləməsə belə dövlət tərəfindən əməkhaqqının verilməsi, övladlarının orta və ali təhsil alan zaman təhsil haqqının ödənilməsi nəzərdə tutulur.

Layihə haqda məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev dedi ki, qanuna edilən təklifə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan, habelə diplomatik nümayəndəliyində və ya konsulluğunda fəaliyyətini başa çatdırıb ölkəyə qayıdan diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq nəqliyyat xərcləri dövlət hesabına ödənilir.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olundu.

Deputat Sabir Rüstəmxanlı çıxışında bildirdi ki, ölkədə vəzifəli şəxslərin gəlirlərinin aşkarlanmasının, şəffaflaşdırılmasının vaxtı çatıb: “Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdə külli miqdarda vəsaiti, yaxud ölkəmizdə, xarici ölkələrdə mülkləri, binaları ortaya çıxır. Bunlar dövlətin vəsaitləridir və bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır”. S.Rüstəmxanlı qeyd etdi ki, “cinayət yolu ilə əldə edilmiş əmlak” yanaşması sıravi vətəndaşa aid deyil: “Bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Vəzifəli şəxslər gəlirlərini şəffaf şəkildə təqdim etməlidirlər. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu.

S.Rüstəmxanlı cinayət yolu ilə əldə edilmiş əmlak barədə danışdı. Bildirdi ki, Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdən külli miqdarda vəsait çıxır: “Hətta xarici ölkələrdə mülkləri, binaları üzə çıxır. Bunlar dövlətin vəsaitləridir, belə talamaq olmaz”. Deputat qeyd etdi ki, aşkar olunan vəsaitlər dövlətə məxsusdur, bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır: “Cinayət yolu ilə əldə edilmiş əmlak sözü sıravi vətəndaşa aid deyil. Bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanması, şəffaflaşdırılmasının vaxtı çatıb. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.

Deputat çıxışında həssas bir məsələyə də diqqət çəkdi: “Biz hələ də PKK-nı terror təşkilatı kimi tanımamışıq. Düzdür, bununla bağlı Prezidentin münasibəti var. Amma hələ də qanunvericilik olaraq terror təşkilatı ilə bağlı qərar verilməyib”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR