Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ukraynaya rəsmi səfər edib.
Musavat.com xəbər verir ki, səfər çərçivəsində Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb və Rusiya ilə müharibədə həlak olan ukraynalıların xatirəsini ehtiramla yad edib.
Görüşdən sonra açıqlama verən Ukrayna xarici işlər naziri Sibiqa Türkiyəyə verdiyi dəstəyə görə təşəkkürünü bildirib:
“Ukraynaya verdiyi dəstəyə və sülhün əldə olunması yolunda göstərdiyi səmimi səylərə görə Türkiyəyə minnətdaram. Prezident Rəcəb Tayyib Ərdoğanın bu prosesdə oynadığı mühüm rolu xüsusilə yüksək qiymətləndiririk,” – deyə o bildirib.
Sibiqa, həmçinin, Hakan Fidanın Moskvada keçirdiyi görüşlər barədə onu məlumatlandırdığını qeyd edib və vurğulayıb ki, Ukrayna müharibənin dayandırılması üçün konkret addımların atılmasına hazırdır.
“Biz uzunmüddətli atəşkəsə hazırıq – qətlləri dayandırmaq və diplomatiyanı işlək hala gətirmək üçün,” – deyə Sibiqa bildirib.
Nazir onu da qeyd edib ki, Rusiya da tam və qeyd-şərtsiz atəşkəsə razılıq verməlidir. Əks təqdirdə, dünya ictimaiyyətinin Moskva üzərində təzyiqləri davam etməlidir:
“Əgər Moskva atəşkəs və sülhə dair ciddi təşəbbüsləri qəbul etmirsə, ona qarşı beynəlxalq təzyiqlər daha da artırılmalıdır,” – deyə o vurğulayıb.
Qeyd edək ki, bu görüş İstanbulda iyunun 2-də keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları öncəsi baş tutub.
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ