İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın hakim partiyası: Avropa Parlamentinin qətnaməsinin dəyəri yoxdur

Avropa Parlamentinin (AP) Mixeil Saakaşvilinin səhhəti ilə bağlı qəbul etdiyi qətnaməsinin heç bir dəyəri yoxdur.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, qətnamədə yeni heç nə yoxdur və əvvəlki kimi dəyərsiz və qiymətsizdir.

Kaladze Gürcüstan hökumətinin 2012-ci ildən bəri Avropa İttifaqının (Aİ) üzvü olmaq üçün hər şeyi etdiyini, bir sıra layihələr həyata keçirdiyini bildirib. Qeyd edib ki, ölkə namizəd statusu əldə etməyə laiq olsa da siyasi bir qərar qəbul edilərək ona Aİ namizədi statusu verilməyib.

Kaladze əlavə edib ki, Saakaşvilinin cinayətkar olmasını Avropa İnsan Haqları Məhkəməsi məhkəməsi də təsdiq edib və onun azadlığa buraxılması ilə bağlı çağırışlar qəbuledilməzdir.

“Mən Avropaya inteqrasiya arzusu olan vətəndaşlarımızdan soruşuram, bu yanaşmaları qəbul etmək olarmı ? Bizim özümüzə hörmətimiz varmı ? Biz ölkəmizi, vətənimizi sevirikmi? Onların ölkəmizin əhalisinin çoxluğunu təmsil edən bizə və hökumətə qarşı şantaj dili ilə danışmalarını qəbul etmək olarmı? Mən əminəm ki, heç bir özünə hörmət edən gürcü bizim “dostlarımız” tərəfindən ölkəmizə münasibətdə bu leksikadan istifadəni qəbul etməyəcək. Əlbəttə, biz Avropa üçün maraqlı ölkəyik və özümüzü avropalı hesab edirik. Mənim ölkəmin adətləri, ölkəmizin əsrlər boyu mövcud olan dəyərləri də mənim üçün əhəmiyyətlidir və bu qərarlar, bu absurd və təhqiredici bəyanatlar, əlbəttə ki, hər şeyi zədələyir”, - deyə Kaladze bildirib.

Qeyd edək ki, bu gün AP Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı qətnamə qəbul edib. Sənəddə Gürcüstan hökumətinə Mixeil Saakaşvilinin həbsdən azad edilərək müvafiq müalicə alması üçün xaricə getməsinə şərait yaratmaq çağırışı edilib. Qətnamədə eyni zamanda Avropa Şurasına və qurumun demokratik tərəfdaşlarına Gürcüstanın sabiq baş naziri, milyarder Bidzina İvanişviliyə Saakaşvilinin həbsinə və Gürcüstanda siyasi prosesi mürəkkəbləşdirdiyinə görə sanksiyalar tətbiq edilməsi çağırışı edilib.

577 deputatın dəstəklədiyi sənədin əleyhinə 33 deputat səs verib, 26 deputat bitərəf qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR