İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Baş naziri: "Azərbaycanla mövcud olan sıx dostluq münasibətləri ilə fəxr edirik"

"Azərbaycan və Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmalar çox vacibdir. Əgər Gürcüstan tərəfindən vasitəçilik üçün ehtiyac olarsa, biz danışıqların təşviqinə hazırıq. Gürcüstan hər zaman bölgədə sülhün möhkəmləndirilməsi istiqamətində çox müsbət rol oynayıb və biz bu rolu Azərbaycanla birlikdə davam etdirməyə hazırıq".
 
Bunu Antayla Diplomatik Forumu çərçivəsində Moderator.az-ın Türkiyəyə ezam olunmuş əməkdaşına özəl açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
 
O, forumun çox əla təşkil olunduğunu bildirib, həmçinin ev sahibi Türkiyəyə göstərdiyi qonaqpərvərliyə görə xüsusi təşəkkür edib. 
 
"Bu forumda bir sıra liderlərlə, o cümlədən Türkiyə Prezidenti cənab Ərdoğanla, Macarıstanın Baş naziri və Avropa Şurasının Baş katibi ilə görüşmək fürsətim oldu. Həmçinin, çox vacib bir paneldə çıxış etmək imkanı qazandım. Bu forum müxtəlif liderlərin beynəlxalq ictimaiyyətə öz mesajlarını çatdırmaları üçün çox əhəmiyyətli bir platformadır", - Kobaxidze qeyd edib.
 
İ.Kobaxidze Azərbaycanla mövcud olan çox sıx dostluq münasibətləri ilə fəxr etdiyini vurğulayıb:
 
"Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da dərinləşdirməyə tam motivasiyalıyıq. Azərbaycan rəhbərliyi ilə münasibətlərimiz əladır. Prezident İlham Əliyevə və bütün Azərbaycan hökumətinə Gürcüstana göstərdikləri güclü dəstəyə görə minnətdaram. Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir və biz bu münasibətləri daha da möhkəmləndirməyə şad olarıq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR