İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandan digər ölkələrə qarşı istifadə cəhdlərini kim edib - Rusiyaya işarə...

Politoloq: “Gürcüstan hazırda geosiyasi mübarizədə çətin seçimlər arasında qalıb”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qurulmasının ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı ilginc açıqlamalar verib. Qaribaşvili deyib ki, Gürcüstandan ayrı-ayrı ölkələrin əleyhinə və ya onların xeyrinə alət kimi istifadə edilməsi cəhdləri olub. (APA).

Baş nazir vurğulayıb ki, hökumətin əsas şüarı milli maraqların qorunması və başqa dövlətlərin maraqlarına xidmət etməməkdir. İrakli Qaribaşvili Gürcüstanın geosiyasi böhranlardan və mövcud təhlükələrdən uzaq duracağını bəyan edib. O, Gürcüstanın praqmatik siyasət yürütdüyünü, öz qonşuları və böyük dövlətlərlə əlaqələrini sürətlə inkişaf etdirdiyini, regional və beynəlxalq əhəmiyyətini artırdığını deyib.

“İnanıram ki, praqmatik, nəticəyönümlü siyasətimiz nəticəsində ərazilərimizin sülh yolu ilə işğaldan azad edilməsinə və ölkəmizə inteqrasiyasına nail olacağıq”, - Qaribaşvili deyib.

Nəzərə çatdıraq ki, müxtəlif dönəmlərdə həm Qərb dairələri, həm də Rusiya Gürcüstan üzərindən müxtəlif oyunlar həyata keçirməyə cəhd ediblər. Son 10 ildə Gürcüstan Rusiya ilə açıq konfrantasiyaya getməyib. Bu, Qərbin planlarına uyğun gəlməyib, bəzən Gürcüstandan Rusiyaya qarşı cəbhə kimi də istifadə edilməsi sirr deyil. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi zamanı da Gürcüstandan Kremlə qarşı istifadə cəhdləri olub. Ən maraqlısı isə odur ki, Gürcüstandan Azərbaycana qarşı istifadə edilməsi cəhdləri də istisna deyil. İkinci Qarabağ Müharibəsi zamanı bunun kontrları aydın görünürdü. Gürcüstandan digər dövlətlərə qarşı istifadəyə daha çox hansı dövlət meyllidir? Qaribaşvili konkret Rusiyaya işarə edirdi, yoxsa?...

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli mövzu ətrafında çox vacib nüanslara toxundu: “Gürcüstanın prezidenti Fransa vətəndaşıdır. Baş nazirin də Fransa ilə kifayət qədər əlaqələri mövcuddur. Nazirlər Kabinetində də Fransa ilə münasibətləri mövcud olan şəxslər var. Fransa son illərdə Cənubi Qafqazda güclənib. Əvvəlki illərdə bizim regionda Fransa deyəndə Ermənistan yada düşürdü. İndi isə Yelisey sarayı Gürcüstana öz qarmağını atıb. Bu yaxınlarda məşhur Frankofoniya təşkilatı Gürcüstanda böyük görüş keçirib. Frankafoniya, Britaniya birliyi fonunda bir qurumdur. Paris keçmiş müstəmləkə ölkələrini Frankofoniya təşkilatı adı altında öz çətiri altında birləşdirib. Ortaya sual çıxır, heç vaxt Fransa müstəmləkəsi olmayan Gürcüstanla Ermənistan niyə bu qurumda yer alırlar?! Bu Fransanın Cənubi Qafqazda möhkəmləndiyinin göstəricisidir. Ötən əsrin əvvəllərində Avropa ölkələri içində Gürcüstanda Almaniyanın iştirakı güclü idisə, indi bu rolu Fransa oynayır. Gürcüstan baş naziri Qaribaşvilinin çıxışının Azərbaycan hissəsinə gəldikdə isə o, təkcə Rusiyanı deyil, Fransanı da nəzərdə tuta bilərdi. Fransanın anti-Azərbaycan, anti-Türkiyə, ümumiyyətlə anti-türk mövqeyi sərgilədiyi heç kəsə sirr deyil. Fransa Ermənistana hər cür dəstək verir, o cümlədən silah dəstəyi. Fransa silahının Ermənistana gəlib çıxmasının ən uyğun tranzit ölkəsi isə Gürcüstandır. Düzdür, tranzit ölkələri arasında İran da var, amma Gürcüstan daha tez və az xərcli marşrutdur. Mən əvvəllər də bu təxmini irəli sürmüşəm ki, Fransa Gürcüstan ərazisindən Ermənistana silah keçirməyi planlaşdırır. Görünür, Qaribaşvili Azərbaycana aid çıxışında həmçinin bunu da nəzərdə tuta bilərdi. Qarabağ münaqişəsi yeganə beynəlxalq konfliktdir ki, Qərb və Rusiya Ermənistanın yanında, yəni eyni tərəfdədirlər. Prezident İlham Əliyev bu yaxınlarda ”Euronews" telekanalında çıxışında çox gözəl nümunələr gətirib, Avropanın ikiüzlülüyünü ortaya çıxartdı. Dövlət başçısı yerində qeyd etdi ki, necə olur ki, Ukrayna, Gürcüstanın ərazi bütövlüyündə eyni mövqedən çıxış edən Avropa Birliyi Azərbaycana gəldikdə bunu etmir və yaxud katolonların öz müqəddəratını təyin etməyinin qarşısı alına bilinir. Baxmayaraq ki, onların müstəqil ölkəsi yoxdur, amma ermənilərin ölkəsi ola-ola onların separatçı - ekstremist hərəkətlərinə dəstək verilir?"

Şuşanın hüzurunda... - Kənan Novruzov yazır

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Gürcüstanın Rusiya üçün vacibliyini önə çəkdi: “Rusiyanın Gürcüstanın hazırkı hakimiyyətinə təsir imkanları kifayət qədərdir. Əlbəttə, Moskva Cənubi Qafqazdakı maraqlarının təmin olunması üçün bu imkanlardan istifadə edə bilər. Əslində indi Rusiyanın belə bir platformaya ehtiyacı var. Gürcüstan Rusiyanın təkcə Cənubi Qafqazla bağlı planlarının həyata keçməsi üçün yox, həm də Qərblə münasibətlərin nizamlanması üçün lazımdır. Belə ki, Moskva Tiflisi Qərbdən daha çox uzaqlaşdırmaqla ABŞ və müttəfiqlərinin regiondakı təsirini azalda bilər. Bu mənada Rusiyanın Gürcüstan üzərindən hansısa oyunlar qurması mümkündür. Hərçənd bu, əslində Qərb üçün də istisna deyil. Məsələ ondan ibarətdir ki, Tiflisin regiondakı rolu spesifik əhəmiyyətə malikdir. Rəqiblər - Rusiya və Qərb başa düşürlər ki, Azərbaycan bölgənin əsas geosiyasi aktorudur. Onlar rəsmi Bakıya təzyiqin çətin olduğunu bilirlər. Ermənistan isə tədricən Rusiyadan uzaqlaşır. Və ümumiyyətlə, rəsmi İrəvan tərəflərdən heç biri üçün etibarlı tərəfdaş deyil. Deməli, qalır Gürcüstan. Odur ki, Rusiya və Qərb arasında mübarizə gərginləşdikcə Tiflis üçün təhlükə daha da artacaq. Qaribaşvili bunları nəzərə almalı və preventiv addımlar atmalıdır”.

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Gürcüstanın çətin seçim qarşısında qaldığını vurğuladı: “Fikrimcə, Qaribaşvili burada Qərb ölkələrini nəzərdə tutur. Ukrayna müharibəsi başlayandan sonra Gürcüstanın Rusiyaya qarşı cəbhədə iştirak etməsi üçün açıq çağırışlar edilib, xüsusilə Ukrayna bunu dilə gətirir, amma əsas istək Qərbindir. Gürcüstan hakimiyyəti dəfələrlə bu haqda danışıb və bəyan edib ki, onlar Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Hətta Rusiyaya qarşı ikinci cəbhənin Gürcüstandan açılması istəklərinə də işarə vurublar. Gürcüstan hakimiyyətinin belə açıqlamaları ilk növbədə daxili auditoriyaya da ünvanlanıb, məqsəd Ukrayna müharibəsini nümunə göstərərək, ictimaiyyəti hökumətin anti-Rusiya sanksiyalarına qoşulmaması mövqeyi ətrafında birləşdirməkdir. Lakin Qaribaşvili bunu havadan danışmır, rəsmi Tiflisdən Moskvaya qarşı cəbhədə yer almaq tələbləri olub. Hərçənd, Gürcüstandan təkcə Rusiyaya qarşı yox, Çinə qarşı cəbhədə də yer alması istəkləri var. Bilirik ki, Çinin ”Bir kəmər bir yol" layihəsinin aktual olan və Azərbaycandan keçən Orta dəhlizinə tranzit ölkələrindən biri də Gürcüstandır. 44 günlük müharibədən sonra gündəmə gələn “altılıq platforması” da bu dəhlizin əsas hablarından olan Cənubi Qafqazda və ətrafında siyasi əməkdaşlığı gücləndirməyə hesablanıb. ABŞ Gürcüstanın bu platformada yer almasına qarşıdır. Gürcüstan hazırda geosiyasi mübarizədə çətin seçimlər arasında qalıb. Qaribaşvili bunu deməyə çalışır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR