İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda vəziyyət daha da dramatikləşəcək- rəy

Prezident yeni qanuna veto qoysa, mitinqlər istefa tələbinə keçə bilər

Mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirlərin şəffaflığı haqqında Qanun”u üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

Bu, gözlənilməz deyildi. Gedən proseslər deməyə əsas verirdi ki, deputatlar bu cür qərar verəcəklər. Qarşıdakı mərhələdə qanunun qüvvəyə minməsi üçün prezident onu təsdiqləməlidir. Lakin Gürcüstanın qatı qərbyönlü prezidenti qanuna veto qoyacaq. Özü də bunu qabaqcadan bəyan edib. Bu halda qanun parlamentə qayıtmalıdır və konstitusion üçdə iki səs çoxluğu ilə təsdiqlənməlidir. Bundan sonra qanun qüvvəyə minmiş sayılır. Gürcüstanda əsl mərəkə bundan sonra başlayacaq.  Bəs parlamentdə üçdə iki çoxluqla qanunu təsdiqləmək mümkün olacaqmı? Mümkün olsa, bundan sonra proses necə davam edəcək?

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan qanunvericiliyinə görə yalnız Konstitusiya qanunları Prezident tərəfindən imzalanmadığı halda, parlamentdə həmin qanunun qüvvəyə minməsi üçün parlamentin ümumi tərkibinin dördə üç hissəsinin səsi tələb olunur. Amma digər qanunlar isə prezident tərəfindən təsdiqlənmədikdə və parlamentə qaytarıldıqda üzvlərin yarıdan çoxunun səsverməsi kifayət edir. Mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü və yekun oxunuşda 84 lehinə 30 əleyhinə olmaqla təsdiqlənməsi onu deməyə əsas verir ki, hakim partiya parlamentdə səslərin yarısından çoxuna malikdir: “Belə ki, Gürcüstandakı son parlament seçkilərində hakim ”Gürcü Arzusu" Partiyası 150 nəfər tərkibi olan parlamentdə 75 yer almışdı. Hakim partiyanın ortağı olan “Xalqın gücü” Partiyası isə 9 deputat yerinə malikdir. Yəni başqa sözlə Qanunun Prezident tərəfindən təsdiq olunmaması halında 150 deputatdan 76-nın qanunun lehinə səs verməsi kifayət edir. Parlament çoxluğu isə 84 yerə malikdir və bu da o deməkdir ki, qanunun təsdiqi üçün hər hansı problem olmayacaq. 

Prosedura görə Gürcüstan prezidenti Salome Zurabişvili qanunu təsdiqləmirsə, onu əsaslandırılmış iradlarla birlikdə parlamentə geri qaytarır və prezidentin əsaslandırılmış iradları qanun layihəsi şəklində təqdim edilməlidir. Bundan sonra prezidentin əsaslandırılmış iddiaları əsasında təqdim etdiyi qanun layihəsinə parlament 15 gün ərzində baxmalı və müvafiq qərar verməlidir. Əgər parlament prezidentin iradlarını qəbul edərsə, o zaman yeni qanun 5 gün ərzində Gürcüstan Prezidentinə təqdim edilir, o da onu imzalayır və həmin qanun 7 gün ərzində dərc edilir. 

Yox əgər parlament prezidentin iradlarını qəbul etmirsə, o zaman qanun layihəsinin ilkin variantında səsverməsi keçirilir. Parlament üzvlərinin yarısından çoxu tərəfindən dəstəklənən qanun yenidən prezidentə təqdim olunur və o bu qanunu dərc etmirsə, o zaman qanun Gürcüstan parlamentinin sədri tərəfindən təsdiqlənir olunur və 5 gün ərzində dərc olunur. 

Odur ki, Gürcüstan qanunvericiliyinə və prosedur qaydaya baxdıqda deyə bilərik ki, parlamentin sözügedən qanunun yekun variantda təsdiqləməsində hüquqi baxımdan hər hansı maneə olmayacaq. Lakin bununla Gürcüstanda proseslər heç də sakitləşməyəcək. Daha da gərginləşəcək".

Çingiz Qənizadə: Xalq öz Prezidentinə inanır və güvənir - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Gürcüstanda baş verən son hadisələr təəssüf doğurur. Çünki Gürcüstan Azərbaycan üçün yaxın qonşu, dost, strateji tərəfdaş ölkədir. Azərbaycanın marağındadır ki, bu ölkədə ictimai-siyasi sabitlik olsun, gərginliklər yaşanmasın. Amma “Xarici təsirlərin şəffaflığı haqqında” Qanunla bağlı insanların küçəyə axışması və belə bir qanunun qəbuluna etiraz etməsi daha çox müəyyən daxili və xarici maraqlı qüvvələrin istəyi ilə baş verir. Əsasən QHT-lər, blogerlər, vətəndaş cəmiyyəti fəalları kimi tələbələr bu prosesə qoşulub. Burada maraq xaricdən gələn vəsaitlərin əldə edilməsi və həmin vəsaitlər barədə müvafiq rəsmi qurumlara bəyannamələr təqdim edilməməsidir: “Küçə və meydanlara çıxan, çıxarılan insanlar ”bu vəsaitlər barədə niyə rəsmi qurumlara bəyan etməliyik?" - deyə etiraz edirlər. Amma dövlət isə belə hesab edir ki, xarici maliyyələşmə mənbələri olan qurumlar mütləq qeydiyyata alınmalıdır və maliyyənin hesabatı verilməlidir. Hökumətin bu mövqeyi əslində normaldır. Azərbaycanda da “Qrant haqqında" Qanun var. Bu qanunda QHT-lərdən tələb olunur ki, xarici donorlardan maliyyə əldə edirlərsə, Ədliyyə Nazirliyində qeydiyyata alınsın, onun miqdarı, eyni zamanda təyinatı ilə bağlı dəqiq məlumatlar verilsin. Dünyanın bir çox ölkələrində də belədir. Hətta Amerikanın özündə bu cür qanun var. Lakin ABŞ bəyanat verib ki, Gürcüstan belə bir qanunu qəbul edib tətbiq eləyəcəksə, Gürcüstanın ayrı-ayrı vəzifəli şəxslərinə sanksiyalar tətbiq edəcək. ABŞ özündə olanı başqa dövlətdə görmək istəmir. Sual olunur ki, əgər bu qanun pisdirsə, niyə ABŞ-da mövcuddur. 

Gürcüstan Cənubi Qafqazın elə bir ölkəsidir ki, xaricdən gələn vəsaitlərin ünvanlarına çatdırılması üçün hətta artıq tranzit rolunu oynayır. Azərbaycana da bunun müəyyən təsirləri var". 

Ekspert vurğuladı ki, bütün etirazlara və hədələrə baxmayaraq, Gürcüstan parlamenti həmin qanunu üçüncü oxunuşda qəbul etdi. Qanunvericiliyə görə, iki həftə ərzində parlament məsələyə yenidən baxacaq və Prezident Salome Zurabişvili qanuna veto qoymasını əsaslandırmalıdır: “Əsaslandırmanın analizini aparmaq üçün ekspert qrupu məsələni qiymətləndirməlidir, Prezidentin mövqeyinin əsaslı olub-olmamasına dair rəy verməlidir. Görünən odur ki, hökumət çox ciddi şəkildə sonadək öz mövqeyini qorumaqda və qanunun qəbulunda maraqlıdır. Qanun parlamentə geriyə qayıtdıqdan sonra üzərində düzəlişlər aparıla bilər. Baş nazir iki gün öncə dedi ki, qanunun bəzi maddələri üzərində dəyişikliklər etmək mümkündür. Amma bundan öncə Prezidenti Zurabişvili qanunun qəbulunu payıza qədər təxirə salmaq çağırışı etdi. Burada bir kompromisin olacağı ehtimalı var. Əgər prezident qanuna veto qoyacaqsa, hakimiyyət bəzi maddələrdə dəyişikliklər edə bilər”.

Ç.Qənizadə qeyd etdi ki, bütün hallarda bu qanunun qəbulu Gürcüstanın ictimai-siyasi həyatında gərginliyi artıracaq və qarşıdurma daha şiddətli hal alacaq. Prosesin bu gedişatı daha çox insanların küçələrə axışması və siyasi tələblərin irəli sürülməsi ilə nəticələnəcək: “Hazırda küçələrə çıxan insanlar hakimiyyətin istefası tələbini irəli sürmürlər, sadəcə qanunun qəbul olunmasına etiraz edirlər. Amma qanunun sonda birdəfəlik qəbul olunması mitinqlərdə hakimiyyətin istefası tələbinin irəli sürülməsi gətirib çıxara bilər. 

Bir məsələ də var ki, oktyabr ayında Gürcüstanda parlament seçkiləri keçiriləcək. Məlum qanun qəbul edildikdən sonra oktyabr ayına qədər küçələrə çıxan insanların İvanaşvilinin partiyasına bu dəfə etimadlarının olub-olmayacağı sual altına düşə bilər. “Gürcü Arzusu” Partiyasının seçkilərdə uğur qazanması çox çətin olacaq".   

Etibar SEYDİAĞA,
“Yeni Müsavat”  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR