İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda seçki ilə bağlı saxlananlar var  

 

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları parlament seçkiləri günü seçki məntəqələrindən birində qutuya çox sayda bülleten atma ittihamı ilə iki nəfəri saxlayıb.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı Marneuli rayonunun Sadaxlo kəndinin 69 saylı seçki məntəqəsində qanun pozuntusu ilə seçki qutusuna topa bülleten atdığı müəyyən edilib. Bununla bağlı səsvermənin nəticələri etibarsız sayılıb. Bildirilib ki, cinayət iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, hakim Gürcü arzusu partiyası 52,99 faiz səslə qalib gəlib. Eyni zamanda üç müxalif siyasi qüvvə - Vahid Milli Hərəkat, Dəyişikliklər Koalisiyası və Güclü Gürcüstan seçkinin nəticələrini tanımaqdan imtina edib.

 Gürcüstan prezidenti Salome Zurabişvili də səsvermənin nəticələri ilə razılaşmadığını bildirib və həmvətənlərini etiraza çağırıb. Oktyabrın 28 və 29-da iki gün ərzində Gürcüstanda müxalifətin seçkinin nəticələrinə qarşı yürüşü keçirilib. Ölkə prokurorluğu parlament seçkilərinin nəticələrinin mümkün saxtalaşdırılması ilə bağlı araşdırmalara başlayıb. Prezident Salome Zurabişvili dindirilməyə çağırılsa da, o buna etiraz edib.

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR