Onlayn ictimai-siyasi qəzet
ABŞ və Avropa İttifaqı parlament seçkilərində iddia edilən pozuntularla bağlı araşdırma apara biləcək qurum axtarır
Gürcüstanda keçirilmiş 26 oktyabr tarixli parlament seçkilərindən sonra vəziyyət gərgin olaraq qalır.
Gürcüstan müxalifəti oktyabrın 28-də axşam 72 yaşlı Salome Zurabişvilinin çağırışı ilə meydanlara yığışıb, sonra da gözlənildiyi kimi sakit şəkildə dağılışıblar.
Müxalifətin əsas tələbi ölkədə bu dəfə Mərkəzi Seçki Komissiyasının deyil, “beynəlxalq seçki administrasiyasının rəhbərliyi altında yeni seçkilərin keçirilməsi olub. Zurabişvili bəyan edib ki, onunla bu telefonla danışan bəzi ölkə liderləri seçkilərin nəticələrinin tanımadıqlarını deyiblər, amma o, konkret adlar çəkməyib. ABŞ və Avropa İttifaqı (Aİ) Gürcüstanda keçirilən parlament seçkilərində iddia edilən pozuntularla bağlı araşdırmanı hansı qurumun üzərinə götürə biləcəyi ilə bağlı məsləhətləşmələr aparır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. "Biz avropalı tərəfdaşlarla məsləhətləşmələr aparırıq", - Miller qeyd edib.
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə bağlı öz məlumatlarını iki dəfə yoxlamaq üçün hər bir dairədə beş seçki məntəqəsinin bülletenlərinin yenidən hesablanması barədə qərar qəbul edib. Gürcü mediası bildirir ki, bu barədə MSK-nın məlumatında qeyd olunub.
Seçkilərdə 5 faizlik baryeri keçən “Dəyişikliklər Koalisiyası”, “Milli Hərəkatın Birliyi” və “Güclü Gürcüstan” koalisiyaları (“Gürcüstan üçün Qaxariya” son qərarını verməyib) Zurabişvili ilə görüşdən sonra hələ almadıqları mandatlarından imtina ediblər, amma bu parlamentin işini, yəni yeni hökumətin qurulmasını bloklamaq üçün kifayət deyil.
“Gürcü Arzusu”nun ötən seçkilərdə 82 mandatı vardı, indi isə 89 deputat yeri əldə ediblər. Parlamentin işə başlaması üçün 72 deputat kifayətdir. Yeni parlament toplanana qədər baş nazir İrakli Kobaxidzenin kabineti öz səlahiyyətlərini davam edəcək. Konstitusiyaya görə yeni seçilmiş parlamentin ilk iclası seçkilərin nəticələrinin rəsmi elan edilməsindən ən geci 10 gün sonra keçirilir və onu prezident təyin edir. Baş nazir isə bəyan edib ki, yeni seçilmiş parlamentin iclasını Zurabişvili təyin etməsə belə, keçirəcəklər. Yəni noyabrın ortalarında “Gürcü Arzusu” hökumət başçısını və nazirləri təsdiq üçün deputatlara təqdim edəcək.
“Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze müxalifətin mandatdan imtina qərarına belə cavab verib: “Parlamentə girməyəcəyik deyirlərsə, gəlməsinlər. Biz vətənimiz üçün çalışmaqda davam edəcəyik və agentlər tərəfindən ölkəmizə qarşı hər hansı sui-qəsdin qarşısını alacağıq”.
Baş nazir İrakli Kobaxidze yerli mediaya açıqlamasında “Gürcü Arzusu” Partiyasının aşkar fərqlə qalib gəldiyini bildirərək, müxalifətin nəticələrin saxtalaşdırıldığı barədə iddialarını rədd edib.
Polşa prezidenti Anjey Duda Gürcüstan prezidenti Salome Zurabişvili ilə telefon danışığı aparıb.
Bu barədə Polşa prezidenti RadioZet radiostansiyasının efirində bildirib. Duda qeyd edib ki, o, bazar ertəsi Zurabişvili ilə telefonla danışıb. Duda Zurabişvilidən Rusiyanın Gürcüstandakı 26 oktyabr tarixli parlament seçkilərinə müdaxilə edib-etmədiyini soruşub. Gürcüstan prezidenti bununla bağlı əlində heç bir sübutun olmadığını bildirib.
“O, bunu təsdiq etmədi, heç bir sübut yoxdur”, - deyə Polşa prezidenti Anjey Duda qeyd edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Zurabişvilinin ittihamlarını rədd edərək, Moskvanın Gürcüstanın daxili işlərinə qarışmadığını və bunu etmək niyyətində olmadığını vurğulayıb.
Gürcüstan müxalifəti isə aksiyaları davam etdirəcəyini bəyan edib. Amma bunun işə yarayıb-yaramayacağı yaxın günlərdə məlum olacaq. İddialara görə, Gürcüstandakı siyasi düşərgələrdəki durumla dərindən maraqlananda bəlli olur ki, mandat qazanan koalisiyaları bir-birilərini bəyənməyən liderlər idarə edir. Ona görə səs çoxluğu qazansaydılar belə, çətin ki, uğurlu koalision hökumət quracaqdılar. Qursaydılar da, tezliklə dağılışacaqdılar, ölkədə siyasi böhran yaranacaqdı. Müxalifətin məğlubiyyətinə daha ciddi səbəblər də var. Məsələn, bu seçkilərdə bir neçə dəfə vahid siyahı ilə iştirak etməyə cəhd ediblər, amma şəxsi və siyasi ambisiyaları onları ayrı-ayrı koalisiyalarda seçkilərə getməyə vadar edib.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ